
Azərbaycan milli maraqlara və beynəlxalq hüquqa əsaslanan müstəqil, prinsipial və təşəbbüskar xarici siyasət yürüdür. Ölkəmiz xarici siyasətdə digər dövlətlərin daxili işlərinə qarışmamaqla yanaşı eyni yanaşmanı özünə qarşı tələb edir. Bu mənada müstəqil və güclü Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi böyük hörmətə sahibdir. Ölkəmiz həmçinin dünyada etibarlı tərəfdaş kimi də böyük şöhrət qazanıb. Azərbaycanın Prezidentinin sözü Onun imzası qədər keçərli prinsip kimi qəbul edilir. Bu sözsüz ki, cənab Prezident İlham Əliyevin xarici siyaət prioritetlərinə əsaslanmaqla yanaşı ölkəmizin milli maraqları müstəvisində reallaşan qətiyyətli siyasətin əyani təzühürü hesab edilir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan son 20 ildə xarici siyasətini ən vacib beynəlxalq meyarlar əsasında müəyyənləşdirərək qarşıya qoyduğu məqsədlərə nail olub: “Ölkəmiz məhz tarazlı xarici siyasət həyata keçirməklə Cənubi Qafqazın rəqabət və qarşıdurma meydanına çevrilməsinin qarşısını alıb. Azərbaycanın regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunub. Bu gün regional və qlobal miqyasda reallaşan layihələrin mütləq əksəriyyəti məhz Azərbaycanın iştirakı ilə reallaşır. Cənubi Qafqazda söz sahibi olan Azərbaycan öz milli maraqları kontekstində digər ölkələrin də mənafeyini hər zaman yüksək tutub. Təbii olaraq keçmiş Dağlıq Qarabağ problemi mövcud olana qədər Azərbaycanın xarici siyasət istiqamətində əsas prioritetini Ermənistanın işğal faktına son qoyulması, münaqişənin beynəlxalq hüquqa əsasən həllini ehtiva edirdi. Bu istiqamətdə aparılan xarici siyasət, diplomatik fəaliyyət Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq birlik tərəfindən tanınmasına əsaslanmış oldu. Məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu milli strateji inkişaf konsepsiyası cənab Prezident İlham Əliyevin praqmatik, yeni dövrün çağırışlarına əsaslanan siyasəti, Azərbaycanın haqlı mövqeyinin bütün beynəlxalq inistutlar, təşkilatlar tərəfindən birmənalı olaraq dəstəklənməsini ehtiva edib”.
Millət vəkilinə görə, məhz keçmiş münaqişə ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyinə uyğun qətnamə və qərarların qəbul edilməsi bunun bariz nümunəsidir: “Bununla da Ermənistanın təcavüzkar ölkə imici formalaşdırıldı, paralel olaraq isə Azərbaycanın legitim addımları üçün beynəlxalq hüquqi baza yaradılmış oldu. 2020-ci 27-i sentyabrında başlayan və 44 gün davam edən Vətən Müharibəsində əldə edilən tarixi Zəfər nəticəsində Azərbaycanın işğal altında olan torpaqları Ermənistanın təcüvüzündən azad edildi. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan qəbul edilən ərazi bütövlüyü bərpa olundu. Azərbaycan özü təkbaşına BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməklə beynəlxalq hüquqa olan münasibətini ortaya qoydu. Azərbaycan ərazilərini 30 ilə yaxın işğalda saxlamasına, xalqımıza qarşı soyqırım, etnik təmizləmə siyasəti həyata keçirməsinə, torpaqlarımızın 20 faizini işğalda saxladığı dövrdə burada barbarlıq, vandallıq hərəkətləri icra edərək ekoloji terror törətməsinə baxmayaraq 44 günlük Vətən Müharibəsindən sonra Ermənistana beynəlxalq hüquqa uyğun sülh təklif edildi. Bu sülh şərtləri qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınmasını ehtiva edən 5 əsas prinsipə əsaslanır. Təəsüf ki, özünün mahiyyətinə, işğal və təcavüz xislətinə uyğun olaraq Ermənistan növbəti dəfə sülhdən qaçır. Fransa kimi ölkələrin yedəyində gedən Ermənistan sülhü sabotaj etməklə məşğul olur. Sözsüz ki, özünün işğalçı, başqlarına qarşı ərazi iddiası ilə formalaşan zərərli siyasəti ilə Ermənistan sülh prosesinə qarşı çıxmaqla növbəti dəfə regional layihələrdən kənarda qalmış olur”.
Deputat hesab edir ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam təmin edilib: “Ölkə ərazisində separatçılığa, “boz zonaya” son qoyulub. Konstitusiya quruluşu bərqərar edilib. Vaxtilə Xocalıda xalqımıza qarşı hərbi cinayət törətmiş şəxslər Azərbaycan qanunvericiliyinə uyğun məsuliyyətə cəlb edilib. Ölkəmiz növbəti dəfə beynəlxalq hüquqa, beynəlxalq birliyin layiqli üzvü anlayışına sadiqliyini nümayiş etdirərək separatizmə sarsıdıcı zərbə vurdu. Artıq yeni bir reallıq yaranıb. Azərbaycan tərəfindən münaqişələrin həll edilməsi modeli dünyada bir örnək kimi götürülür. Eyni zamanda Vətən Müharibəsindən sonra yaranmış yeni reallığın beynəlxalq müstəvidə qəbul etdirilməsi istiqamətində diplomatik fəaliyyət davam etdirilir. Bəzi xarici ölkələr və beynəlxalq təşkilatların Vətən Müharibəsindən sonra Azərbaycana qarşı apardığı, erməıni lobbisinin maraqlarına xidmət edən çirkin, qərəzli kampaniyanın qarşısı qətiyyətlə alınıb”.
Məlahət İbrahimqızı Vətən Müharibəsinin ilk dəqiqələrindən Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan edən qardaş Türkiyə ilə 2021-ci ilin iyun ayında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa bəyannaməsinin imzalanmasının tarixi əhəmiyyətindən bəhs edib: “Bununla yanaşı dünyada Azərbaycan etibarlı tərəfdaş kimi qəbul olunması 19 ölkə ilə strateji tərəfdaşlıq və 3 ölkə ilə müttəfiqlik sazişlərinin imzalanması faktlarını da qeyd etməliyik. Ötən ilin sonunda BMT sistemində ən böyük tədbirin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il Azərbaycanda keçrilməsi beynəlxalq birliyin ölkəmizə, cənab Prezident ilham Əliyevin uğurlu strategiyasına verdiyi ən yüksək dəyər və hörmətin bariz nümunəsi hesab edilir. Azərbaycan həmçinin dünyada BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatının ən uğurlu sədri kimi özünün imkan və qabiliyyətini bütün dünyaya sübut edib. Məhz bu uğurlu fəaliyyətin nəticəsidir ki, daha sonra yekdil qərar ilə Azərbaycanın Qoşulamama Hərəkatına sədrliyinin daha bir il uzadılması barəsində razılıq verildi. Bütün bunlar Azərbaycan Prezident Cənab İlham Əliyevin uğurlu siyasi, diplomatik fəaliyyətinin əyani təzahürüdür”.