
Fransa senatının anti-Azərbaycan “qətnaməsi”ni qətiyyətlə pisləyir, bu kimi absurd iddialar əsasında formalaşan “qərarı” rədd edirik. Bu açıq şəkildə Fransada fəaliyyət göstərən erməni lobbisinin diktəsi ilə ortaya atılmış məkirli bir “sənəddir”. Son illər Fransanın siyasi dairələri, Senatı və Milli Assambleyası irqçi, azərbaycanofob, islamofob mövqe sərgiləyir. Bu yanaşma beynəlxalq hüquqa açıq hörmətsizlikdir. Fransa bununla yanaşı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı çıxır. Məhz bu günə qədər Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti iki ölkə arasındakı münasibətlər tarixinin ən aşağı səviyyəsinə enib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və qəbul edilmiş sərhədlərinə Fransanın şübhə ilə yanaşması birbaşa erməni xislətindən qaynaqlanan amildir: “BMT Təhlükəsizlik Şurasında və Avropa İttifaqı çərçivəsində Fransanın irəli sürdüyü Azərbaycan əleyhinə çoxsaylı qərar və qətnamələr də bunu təsdiq edir. Bütün bunlar qərəzli və qeyri-obyektiv addımlar olmaqla yanaşı erməni lobbisinin maraqlarına uyğundur. Bununla da kifayətlənməyən rəsmi Paris bir müddət öncə Azərbaycana qarşı qeyri-qanuni fəaliyyətin istiqamətlərindən biri kimi uğursuz “kəşfiyyat işi” təşkil etmişdi. Bu sözsüz ki, diplomatik statusa, “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyət idi. Azərbaycan hökuməti tərəfindən Fransanın bu planı ifşa edildi. Bu mənada Fransanın destruktiv və təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin qarşısını nəyin bahasına olur-olsun almağa hesablanıb. Fransa mümkün qədər sülh prosesinə maneə olmaqla Cənubi Qafqazda vəziyyəti gərginləşməsində maraqlıdır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneçilik törədən Fransa erməni tərəfini mümkün qədər silahlandırmağa çalışır. Məqsəd iki dövlət arasında formalaşa biləcək münasibətlərə mümkün qədər zərbə vurmaq və bunun qarşılığında Ermənistandakı revanşist qüvvələri yeni müharibəyə təhrik etməkdən ibarətdir”.

Millət vəkili bildirib ki, ermənipərəst Fransa siyasətçiləri və başda Emmanuel Makron olmaqla onun komandası Senatda Azərbaycan qarşı qəbul edilən bu “sənəd” əslində heç bir əhəmiyyəti olmayan kağız parçasıdır: “Azərbaycan Fransadan asılı olan dövlət deyil. Ölkəmiz Fransa kimi erməni lobbisinin yedəyində gedən dövlətlərdən qat-qat güclüdür. Fransız siyasətçiləri uzun illər müstəmləkədə saxladıqları Afrika ölkələrində həyata keçirdiyi soyqırım və hərbi cinayətlərdən utanıb, xəcalət çəkməlidir. Bu ləkəni üzərlərindən götürmək üçün ədalətli mövqe sərgiləmək əvəzinə fransalı siyasətçilər daha çirkin əməllərə əl atır. Hər kəsə məlumdur ki, Fransa tam şəkildə erməni lobbisinin təsiri altında olan ölkədir. Paris merinin və digər fransız siyasətçilərin mövqeyi bizə məlumdur. Görünür bu münasibət dəyişmir. Azərbaycan Fransa ilə hər zaman yüksək səviyyəli münasibətlər qurmaqda maraqlı olmasına rəğmən rəsmi Paris ermənipərəst mövqeyindən əl çəkməyib. Emmanuel Makron dövrü xüsusi olaraq Azərbaycan-Fransa münasibətlərində utancverici hallar dövrü kimi xarakterizə olunur. Sözsüz ki, zaman etibarı ilə Makron da Fransanın siyasi səhnəsindən süpürülüb atılacaq. Təbii ki, Fransanının yanaşmaları ilə Azərbaycanda hansısa dəyərləri formaşdıra bilmərik. Makronun siyasi komandasında yer alan “şəxslərin kimliyi” bunu bir daha təsdiq edir. Sadəcə olaraq ermənilərin daha çox maraqlarına xidmət etmək üçün makron dəridən-qabıqdan çıxır”.
Deputat hesab edir ki, Fransanın Azərbaycana yanaşması Makronun hakimiyyəti dövrü ilə bağlı deyil: “Makrona qədər də Fransa anti-Azərbaycan mövqeyi ilə seçilib. Görünən odur ki, Fransa bundan sonra da Azərbaycanla səmimi, qarşılıqlı maraqlara əsaslanan münasibətlər qura bilməyəcək. Bu ölkə ancaq ermənilərin maraqlarından çııxş edərək riyakar mövqe sərgiləyir. Məhz Azərbaycana qarşı qəbul edilmiş əsassız sənədə bir nəfərdən başqa bütün senatorların “dəstək” verməsi bu ölkənin mövqeyinin açıq ifadəsidir. Çünki bundan artıq düşmənçilik və qərəzli yanaşmanın olması mümkün deyil. Bu Fransadan Azərbaycana ancaq erməni gözü ilə olan bir baxışın nəticəsidir. Senatda fərqli partiyaların təmsil olunduğunu nəzərə alsaq bunu açıq görmək olar. Bu baxımdan Azərbaycan Fransa ilə bağlı siyasətə fərqli bir prizmadan yanaşacaq. Cənab Prezident İlham Əliyev tərəfindən ən kəskin formada Fransanın davranışlarına reaksiya verilib. Azərbaycan Xarici İşlər nazirliyi, Milli Məclis də öz növbəsində Fransanın bu davranışlarını cavabsız qoymayıb. Sözsüz ki, Fransa kimi erməni lobbisinin təsirində olan ölkənin yanaşmalarından asılı olmayaraq Azərbaycan haqq yolundadır. Ölkəmiz günü-gündən özünün beynəlxalq arenadakı mövqelərini gücləndirir. Ərazi bütövlüyünü və suverenliyini bərqərar etmiş, Fransanın da dəstəklədiyi separatizmin kökünü kəsmiş qalib, güclü Azərbaycan bundan sonra da öz hədəflərinə doğru irəliləməkdə qətiyyətlidir”.