1914-cü ilin yaz ayları. Bu zamanlar İrəvan bağlarının ən gözəl vaxtları olur. Ağacların çiçəkləmə mövsümü olduğundan bağlar başdan-başa çəhrayı-bəyaz rəngə boyanır. Torpaq yamyaşıl otlardan görünməz olmuşdu. Uzaqdan baxdığında sanki İrəvan əyninə bəyaz, çəhrayı çiçəkli kofta və yaşıl tuman geyinmiş kimi görünürdü. Əzəmətli, başından heç vaxt qar əksik olmayan Ağrı dağı isə İrəvan adlı gözəlin sanki keşikçisi idi. Heyrətamiz bir mənzərə vardı. Yuxarıda, Şimal Qərbdə Zəngi çayı, bir az aşağıda, Cənub Qərbdə isə Gedər (Qırxbulaq) çay axırdı. Ümumiyyətlə, bu yerlər çaylar, bulaqlar çox olduğundan Qırxbulaq adlanırdı.
İbrahimlə Məhəmməd ərik ağacının dibində, yaşıl otların üzərində uzanmış söhbət edirdilər. Onlar həm dost, həm də dayıoğlu, bibioğlu idilər. Məhəmməd İbrahimə tərəf dönüb soruşdu:
– İbrahim, sən axı hər şeyi öncə bilirsən, hiss edirsən. Mənim də gələcək taleyimi deyə bilərsən?
İbrahim Məhəmmədə diqqətlə baxdı. İçindən bir üşütmə keçdi. Bir nəfəsə dayanmadan:
– Bir neçə ildən sonra siz burada yaşamayacaqsınız. Yaxınlarının bir qismi öldürüləcək, digərləri didərgin düşəcək, evləriniz yandırılacaq. Sən də ailəni itirəcəksən, amma sonra başqa məmləkətdə yenidən evlənəcəksən və 4 övladın olacaq. Sən də … -dedi və sözlərini bitirmədən susdu.
Məhəmməd nəfəsini çəkmədən onu dinləyirdi. Bir neçə saniyə keçdi. Məhəmməd:
– Adam-adama belə söz deyər? İnanmıram sənə – dedi.
– 1944-cü il Gəncə, Yeni İrəvan məhəlləsi. Yenə bahar ayı. O söhbətdən 30 il ötmüşdü. Məmməd kişi Əfruzla min əziyyətlə tikdikləri iki göz otaqdan ibarət evin həyətində, yeni çiçək açmış şaftalı ağacının altında, artıq həyatda olmayan bibisioğlu İbrahimin söylədiklərini düşünürdü.
Onların söhbətindən 4 il sonra 1918-ci ilin qış aylarından daşnaklar İrəvanda qırğınlara başladılar. Silahsız azərbaycanlılar mütəşəkkil silahlanmış erməni cəlladlarının qarşısında durmağa çalışırdılar.
İrəvan sakini, uzun illər məsul vəzifələrdə çalışmış Musa Vəlibəyov xatırlayırdı:
– Erməni quldurlar kişiləri yığarkən qaçıb həyətdəki qoz ağacının başına çıxıb gizləndim. Gecə qaçdım Dəlmə bağlarına, ən hündür bir ağaca çıxıb onun başında qaldım. Qadın-uşaqları soyundurduqdan sonra ermənilər onları Dəlmə bağlarındakı damlara doldurub yandırdılar. Arvad-uşağın çığırtısı bütün dərəni götürmüşdü. Damlar yanır, yanğın sönənə qədər inilti, sızıltı səsi kəsilmirdi. Bu qəddar diviziyanın əsgərləri İrəvanətrafı Vedibasar, Zəngibasar, Qəmərli və Qurtqulunun əhalisini qırmış, evləri yandırmışdılar. (“Xalq qəzeti. 2023.27 yanvar. № 18. S.7.Daşnakların Qərbi Azərbaycanda törətdikləri qırğınlar. T.Rüstəmli).
Bu qırğınlarda hərə bir tərəfə qaçıb canını qurtarmağa çalışdığından Məhəmmədin ailəsi itkin düşür. Ara bir az sakitləşəndə Məhəmməd qardaşı və digər qohumlarla geri, İrəvana dönürlər. Daşnak cəlladlarının hakimiyyət zamanı idi. Evlərindən, mülklərindən əsər qalmamışdı. Hamısı yandırılmışdı. Yaxınlarından heç bir məlumat yox idi. Ölənlər və qalanlar məlum deyildi. Yandırılmayan evlərə isə İrandan və Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdi. Onları artıq İrəvana bağlayan heç nə qalmamışdı. Əfruza atasının və 7 qardaşının döyüşərək öldükləri deyilir. Evləri, mülkləri yanıb kül olmuşdu. Məhəmməd, qardaşı, Əfruz və digər qohumlar Azərbaycana gəlir. Azərbaycanın Qərb bölgəsində bir neçə rayonda qısa müddətli yaşadıqdan sonra onlar Gəncədə yerləşməyə qərar verirlər.
Məhəmmədlə Əfruz qəriblikdə bir-birilərinə tutunmaq üçün evlənirlər. Bu evlilikdən 5 uşaqları olur. Məhəmməd İbrahimin kəhanətini xatırlayır. O, hər zaman qorxu içində yaşayır. Çünki İbrahim ona “4 övladın olacaq” demişdi. Gəl zaman get zaman kiçik Nəriman xəstələnir. “Göy öskürək” deyilən xəstəliyə tutulur. Türkəçarə həkimlər kiçik Nərimandan qan alınması lazim gəldiyini deyirlər. Qan alan zaman qan axmadan kiçik Nəriman ölür. Beləliklə bibioğlu İbrahimin kəhanətləri bu dəfə də doğru çıxır.
Amma Məmməd kişi şaftalı ağacının altında bir də ilk göz ağrısı olan Əlini düşünürdü. 21 yaşlı Əli artıq neçə aylardı ki, faşist Almanyasında əsir idi. Məhəmməd kişinin ümid yeri İbrahimin “4 övladın olacaq” sözü idi. Əli sağ salamat gələcəkdi, buna inanırdı. Anası Əfruzun gecə gündüz ağlamaqdan gözləri tutulmuşdu.
Mən Əli dayını 1996-cı ildə 73 yaşında tanıdım. Ondan duyduqlarım.
Əli Məhəmməd oğlu Məmmədov 1923-cü ildə Gəncədə anadan olub. Hansı ayda, hansı gündə onu bilmirdilər. Amma müharibədən sonra qələbə gününü özünün doğum günü kimi qeyd edirdi.
Əli Məmmədov 1941-ci ildə, 18 yaşında 10 illik məktəbi qızıl attestatla bitirir. Məktəb illərində ədəbiyyyata böyük həvəs göstərir. 16 yaşında yazdığı pyes və şeirlər indiyə kimi durur. Məktəbi bitirdiyi il II Dünya müharibəsi başlayır. Onu Tiflis şəhərinə aviasiya üzrə hərbi təlim məktəbinə oxumağa göndərirlər. 6 ay Tiflisdə hərbi təlim aldıqdan sonra müharibəyə gedir. İlk döyüşü Kurskda olur. Əli dayı hər zaman 1968-ci ildə SSSR, Polşa, Almanya, Yuqoslaviya və İtaliyanın birgə istehsalı olan “Azadliq” (Освобождения) filminə baxarkən deyirdi ki, mən də Dnepri (Dnepr çayını nəzərdə tutur) keçmişəm. “Doyuşdən sonra Dneprin sularında saysız əsgər papağı vardı. Həlak olmuş əsgərlərin papaqları”.
1943-cü ildə almanlara əsir düşur. Ukraynada, Kiyev ətrafi döyuşlərdə, yanına düşən mərmi nəticəsində ayağından yaralanır, hüşunu itirir və mühasirəyə düşür. Ayılanda başının üstundə almanları görür. Onu güllələmək istəyirlər. Lakin Nikolay adında rota komandri almanlara izah edir ki, o sağdır və Əliyə komək edib ayağa qaldırır, zorla onu yeriməyə məcbur edir.
Əsirlikdə olanda 2 alman əsgəri ona yaxınlaşir və: “Du bist Jude” yani sən yəhudisən?” – deyə soruşurlar. Əli yuda sözunu rusca “еда” yemək anlamında anlayır və “hə” deyə cavab verir. Bir anda əsgərlər onu yerə yıxıb döyməyə başlayırlar. Yenə, Nikolay yaxınlaşır və onu almanların əlindən alaraq nədən döydüklərini soruşur. Almanlar onu yəhudi olduğu üçün doyduklərini deyirlər. Nikolay onlara Əlinin musəlman oldugunu söyləyir. Nikolay Əliyə niyə yəhudi olduğunu söylədiyini soruşur. Əli ona ” jude” sözünü “eda” sözü kimi anladığını deyir.
Konslagerdə almanlar yedikləri kartofun qabıqlarını yemək üçün əsirlərə atırmışlar. Qabıqları yeyib doymayan yenidən yemək istəyəni güllələyirdilər.
Əli dayının dedikləri: “Əsirlərin içərisində bir erməni vardı. Sonra baxdıq ki, onun faşistlərlə arası yaxşıdır. Ona özləri yedikləri yeməkdən verirdilər. Əsirlərin arasında təbliğat aparırdı. Müharibədən çox sonralar Gəncədə şəhərin “Vtoroy çast” deyilən hissəsində onunla üz-üzə gəldik. Məni görən kimi bərk qorxdu. Mən də onu görməzdən gəldim. O zamanlar əsirlikdə olanları hər zaman təqib edirdilər.
Müharibənin bitməsini biz 1945-ci il aprel ayında öyrəndik. Bir sabah oyandıq ki, itlərin səsləri gəlmir. Hər sabah konslagerdə itlərin səsinə oyanırdıq. Baxdıq ki, nə almanlar var, nə itlər. Uzaqdan tank səsləri gəlir. Qəfl barakların qapılarını açdılar. Qarşımızda rus polkovniki dayanmışdı. Bizi görüb ağladı. Sonra hamımızı hospitala apardılar”.
Əli 5 ay hərbi hospitalda müalicə alır. Müalicədən sonra Polşada, Krakov şəhərində yenidən hərbi xidmətdə qulluq edir. Müharibə bitdikdən bir il sonra, 1946 ci ildə evə qayıdır. Əvvəlcə tibb universitetinə daxil olur, sonra maddi imkansızlıqdan və ailə vəziyyətinə görə Gəncəyə geri dönür. Azərbaycan Kənd Təsərrüfatı İnistitutunda baytarlıq fakultəsində təhsil alır. Müharibədə göstərdiyi qəhramanliqlara görə dəfələrlə orden və medallarla təltif olunub.
Bütün bunlardan Məmməd kişinin heç bir zaman xəbəri olmur. Çünki onun ata ürəyi oğlunun əsirlikdə olmasına daha çox tab gətirə bilmir. Onun ürəyi 1944-cü ildə Əlinin müharibəyə getmədən öncə əkdiyi şaftalı ağacının altında əbədi dayanır.
Sabina Uğur