Balaxanıda bir evin divarına bu yazılar həkk edilmiş bir barelyef vurulub: “Azərbaycan xalqının görkəmli dövlət xadimi Həbib Pirican oğlu Cəbiyev (1899-1938) bu evdə anadan olmuşdur”.
Həbib Cəbiyev communist inqilabçı, “Kommunist” qəzetinin bir neçə dəfə redaktoru, Bakıda 1926-cı ildə keçirilən keçirilən 1-ci Türkoloji Qurultayın nümayəndəsi, 1929-cu ildə “Azərbaycanı Tədqiq və Öyrənmə Cəmiyyəti” əsasında yaradılan Azərbaycan Dövlət Elmi- Tədqiqat İnstitutunun ilk həqiqi üzvlərindən biri olub. Həbs edilməzdən əvvəl SSRİ Xalq Yeyinti Sənaye Komissarlığında məsul vəzifələrdə çalışıb. Həbib Cəbiyevin iki oğlu olub: Cahangir və Teymur. Cahangir repressiya dövründə güllələnib, Teymur isə Buzovnada dənizdə üzərkən həyatını itirib. Həyat yoldaşı Aleksandra Barinova, mühəndis, Azneft sədri olmuş Mixail Barinov Vasileviçin bacısı olub, sürgündən sonra Moskvada yaşayıb və orada dünyasını dəyişib.
Bu evdə hal-hazırda Həbib Cəbiyevin qardaşı oğlu-Rəhim Ağahüseyn oğlu Cəbiyev yaşayır.
– Salam, Rəhim müəllim, necəsiniz?
– Sağ olun, yaxşıyam. Siz də, yaxşı olasınız.
– Rəhim müəllim, kənd əhalisindən soruşdum. Hamı sizin haqda müsbət danışır. Bir də “Neftçi” də oynayan Rəhim” deyir yaşlı insanlar.
– 16 yaşım olanda “Neftçi”nin hazırlıq qrupunda oynamağa başlamışam. Qapıçı Vyaçeslav Şeyxov, müdafiəçi Nikolay Boqdanov, Sabunçulu Saşa Syoman, Lyonya Paxomov o vaxt mənlə birgə oynayıblar. Müdafiədə möhkəm dayandığımdan daha yuxarı yaş qrupu – Banişevskigillə bəzi oyunlarda meydanda birgə çıxış etmişəm. 1960-cı ilin martın əvvəllərində Azərbaycan gəncləri futbol kubokunda Vyaçeslav Şeyxovun topu uzaqlaşdırarkən etdiyi səhv müdaxiləyə görə zədələndim. Şeyxov sonralar gənclərdən ibarət yığma komanda ilə Azərbaycanda keçirilən gənclər idman spartakiadasında iştirak etdi və Azərbaycan yığması bu turnirdə 1-ci oldu. Mən isə zədə aldıqdan sonra çilingər kimi əmək fəaliyyətimi davam etdirdim.
– Siz həm də Balaxanı bələdiyyəsinin üzvü olmusunuz.
– Elədir ki, var. 1999-cu ildə bələdiyyə üzvü seçilmişəm. “İlk Bakı Bələdiyyələri” kitabında bu barədə məlumat var. Bacardığım qədər doğulduğum kəndin insanlarının problemlərini həll etməyə çalışmışam.
– Balaxanıda Cəbiyevlər olduqca tanınmış bir şəcərədir. Bu şəcərə haqqında bildiklərinizi bizimlə bölüşməyinizi xahiş edirik.
– Mən həm ata, həm ana tərəfdən bu şəcərəyə mənsubam. Babam Məşədi Pirican Cəbiyev neft sahibkarı olub. Nobel qardaşları ilə birgə fəaliyyət göstərib. Hacı Zeynalabdin Tağıyev və erməni Arafelovla birgə “Novıy Ararat” şirkətini təsis ediblər. Keçmiş Şors küçəsi (indiki Bəşir Səfəroğlu) 138 ünvanında Məşədi Pirican Cəbiyevin tikdirdiyi mülk yerləşir. Anamın dayısı Hacı Sultanəli Nizami metrostansiyasının yaxınlığında yerləşən Hacı Sultanəli məscidini və Türkmənistanın Aşqabad şəhərində məscid tikdirib. Hacı Sultanəli Ləhiş bağlarında tikdirdiyi məscidin yaxınlığında dəfn edilib. Atam Ağahüseyn Cəbiyev Neft Akademiyasını bitirib. 1949-cu ildə Moldovanın Saransk şəhərinə sürgün olunub. Ölüm kağızı məndə var, atamın saxlanıldığı yeri də görmüşəm. Qardaşım Pirican Cəbiyev Azərbaycan televiziyasının ilk operatoru olub.
– Əminiz Həbib Cəbiyevlə bağlı rəsmi məlumatlardan əlavə, qohumu olaraq nə bilirsiniz?
– Onun barəsində bibim çox məlumat bilirdi, çünki əmim inqilabçı yoldaşları ilə birgə Krupskaya küçəsi ilə Şors küçəsinin kəsişməsində yerləşən bibimin evində toplanıblar. Kimsə onların yerlərini əks-inqilabçılara bildirdikdə isə damlarla qaçıblar. Bibim əmimdən danışanda hey ağlayıb.
– Keçən dəfə Cümhuriyyət dövrü araşdırmaçısı Dilqəm Əhməd Türkiyədə nəşr olunmuş bir mühacir qəzetdə azərbaycanlı bolşeviklər barəsində yazılmış məqaləni mənə göstərdi. Orada Həbib Cəbiyevin gənc, enerjili, amma heyif ki, atasını həbs edəcək qədər fanatik bir bolşevik olduğu qeyd edilmişdi. Bu məlumatlar doğrudurmu?
– Əmim nəinki babamı həbs edib, əksinə milliləşdirmə siyasəti həyata keçiriləndə babama deyib ki, bankdan pullarını götürsün, çünki dövlət müsadirə edəcək. Babam 30-cu illərdə repressiya dövründə həbs edilir və Moldovaya sürgün edilir. Sürgündə də dünyasını dəyişir.
– Dilqəm bəy Türkiyədə auksiondan aldığı bir məktubun surətini mənə göndərdi. Məktub Əli Cəbiyev tərəfindən yazılıb və İstanbuldan Bakıya göndərilib. Əli Cəbiyevi tanıyırsınızmı?
– Əli Cəbiyev mənim dayım, Həbib Cəbiyevin də əmisi oğlu olub. Çar Rusiyası dövründə zabit olub, sonralar müsavatçı olub. 1920-ci ilin aprelində Azərbaycan sovetləşəndən sonra Türkiyəyə mühacirət edib. Türkiyəyə keçməyinə Həbib əmim köməklik edib. Əli bəyin atası Tağı bəy də neft sahibkarı olub. 1932-ci ildə dünyasını dəyişib. Dayım Əli bəy bildiyim qədərilə Qarsda meşəbəyi olub. Əli bəylə qohumları arasında Əli bəy mühacirətdə olduğu dövrdə məktublaşmalar olub.
– Artıq müsahibəmizin sonuna gəldik. Sonda nə demək istəyirsiniz?
– Mühacirətdə yaşamış dayımın ailəsini tapmağı çox istəyirəm, bir də əmim Həbib Cəbiyev barəsində daha çox informasiya əldə etməyi. Həbib bəyi “Xalq düşməni” damğası ilə güllələdilər deyə o illərin qorxusu altında onun haqqında məlumat öyrənməyə cəhd edə bilmədik. İndi isə onun haqqında daha geniş məlumat sahibi olmaq istəyirəm.
– Müsahibəyə görə təşəkkürlər.
– Siz sağ olun.
Xəyal Bünyadzadə