Ümummilli Lider Heydər Əliyev Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlər sistemində dayanıqlığının təminatı üçün mühüm strateji yol xəritəsi müəyyənləşdirib. Bu yol xəritəsi Azərbaycanın milli maraqları müstəvisində dövlətçiliyinin möhkəmlənməsinə, dost və tərəfdaşlarının artırılmasına, beynəlxalq münasibətlər sistemində etibarlı, bərabərhüquqlu münasibətlərə əsaslanır. Sözsüz ki, Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi fonunda onun dünya birliyinə inteqrasiyasının təmin edilməsi də başlıca amillərdən idi. Çünki demokratik dəyərlər, xalqın min illik dövlətçilik ənənələri üzərində formalaşan müstəqil Azərbaycan öz mövqeyini təsdiq etməli idi.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun fikrincə, “Əsrin müqaviləsi” ilə başlanmış enerji siyasəti və strategiyası Azərbaycanın regional və qlobal miqyasda mövqeyinin möhkəmlənməsinə xidmət edib: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu xarici siyasət sayəsində Azərbaycan qısa zamanda regionun güclü və nüfuzlu dövlətinə çevrilib. Məhz bu kontekstdə Azərbaycan artıq etibarlı strateji tərəfdaş kimi qəbul edilməyə başlayıb. Sözsüz ki, bu uğurlar və atılan addımlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 20 faizinin işğal edildiyi, əhalisinin 1 milyona yaxını qaçqın və məcburi köçkünə çevrildi bir vaxtda baş verirdi. Çətinliklərə, maneələrə, təzyiqlərə, məhrumiyyətlərə baxmayaraq Azərbaycan dövləti gənc müstəqil ölkə kimi məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti, fenomenal dövlətçilik qabiliyyəti sayəsində proseslərdən uğurla çıxa bildi. Ümummilli Lider Heydər Əliyev həyata keçirdiyi rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən biri də məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü daxilində həllinə nail olmaq idi. Dahi Şəxsiyyətin uzaqgörənliyi sayəsində problemin həllinə yönəlmiş sistemli, davamlı və məqsədyönlü addımlar atıldı. Bunun nəticəsində keçmiş Dağlıq Qarabağ problemi ilə bağlı əsl həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Məhz problemin Ermənistanın işğalçı siyasətinin nəticəsində yaranması ilə bağlı aydın fikir formalaşdı ki, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər beynəlxalq təşkilatların qərarlarında öz əksini tapmış oldu. Bununla da Azərbaycan ərazilərinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair hüquqi baza formalaşdı”.
Deputat bildirib ki, Dahi Liderin müəyyənləşdirdiyi uğurlu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən ardıcıl və daha praqmatik şəkildə böyük əzmlə davam etdirilir: “2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi xaraterizə olunur ki, bu da Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində mümkün olub. Təbii ki, daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasına onun regional və qlobal miqyasda söz sahibi olmasını şərtləndirib. Məhz bu müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə layiq olduğu pilləyə yüksəlib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevin ötən illər ərzində bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə böyük uğurlara imza atıb. Bu uğurların pik nöqtəsi isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qazandığı tarixi Zəfər oldu. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi. 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüz, suverenliyimiz, Konstitusiya quruluşumuz bərqərar oldu”.
Məlahət İbrahimqızı vurğulayıb ki, əldə edilən tarixi Zəfər region üçün, eyni zamanda digər tərəfdaş dövlətlər üçün yeni imkanlar yaradıb: “Cənubi Qafqazda yeni bir reallıq yaranıb. Bu reallıq dostluğu tərəfdaşlığı, qarşılıqlı münasibətləri ehtiva edir. Məhz Azərbaycanın etibarlı dostlarının qardaş Türkiyə kimi müttəfiqinin olması, ortaya qoyulan birlik təcəssümü dünya üçün örnək hesab edilir. İstər II Qarabağ, istərsə də ondan sonrakı dövrdə Azərbaycan-Türkiyə birliyi və sərgilənən mövqe bölgə dövlətləri ilə yanaşı digər tərəfdaşlar üçün də yeni əməkdaşlıq imkanları açmış olub. Azərbaycanın etibarlı dostlarının və tərəfdaşlarının Pakistan, Çin, İsrail, Rusiya, Serbiya, Macarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Avropa Birliyinə daxil olan bir çox ölkələr və digər etibarlı tərəfdaşlarının sayı durmadan artır. Bu münasibətlər ulu öndər Heydər Əliyev strategiyasına, Prezident İlham Əliyevin praqmatik siyasi xəttinə əsaslanır”.