Bu gün Fransa Cənubi Qafqazda sülh təşəbbüslərinə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə zərbə vurur. Qarabağ münaqişəsinin 30 ilə yaxın müddət ərzində sülh yolu ilə həll edilməməsinin səbəblərindən biri də vasitəçilik missiyasını həyata keçirmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmuş Fransanın tutduğu mövqe idi.
Siyasetinfo xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Fransa hakimiyyəti Azərbaycan 44 günlük müharibə ilə öz ərazilərini erməni işğalından azad etməsini həzm edə bilmir. Müharibənin gedişində bu ölkənin prezidentinin Azərbaycan haqqında qərəzli açıqlamaları, Fransa parlamentinin qəbul etdiyi sənədlər bunu deməyə əsas verir. Bundan əlavə, bu ölkə Qarabağdakı erməni separatçılarına da dəstək verir. Halbuki, Fransa hakimiyyəti öz ölkəsində bir sıra ciddi pozuntulara yol verir. Belə ki, hazırda Fransanın regionlarından biri olan Korsikada tam informasiya blokadası şəraitində Fransa hüquq-mühafizə orqanları tərəfindən anti-terror əməliyyatları adı altında repressiv tədbirlər həyata keçirilir. Azad Korsika Partiyasının onlarla üzvü isə terrorçu ittihamı ilə həbs olunub. Bütün bunların fonunda Fransa Araik Arutyunyan kimi terrorçunun səfərinə evsahibliyi edir, onun Fransa mətbuatında təbliğinə hərtərəfli şərait yaradır. Belə bir yanaşma qəbulolunmazdır.
Millət vəkilinin fikrincə, Fransa hökuməti Korsikadakı repressiya siyasətinə son qoymalıdır. Bu məsələ beynəlxalq birliyin diqqət mərkəzində olmalıdır. O cümlədən, Avropa Şurası Strasburqdan yalnız Şərqə baxmaq siyasətindən əl çəkməli, Avropanın öz daxili problemlərinə də diqqət yetirməlidir. Hazırkı vəziyyət fonunda Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Korsikaya müvafiq faktaraşdırıcı missiya göndərilməlidir. Missiya oradakı vəziyyəti dəqiq öyrənməli, yekun hesabat hazırlamalıdır. Eləcə də, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da bu məsələyə diqqət yetirməli və vəziyyəti yerində araşdırmalıdır.
“Eyni zamanda, düşünürəm ki, Korsikadakı vəziyyətin BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınması da zəruridir. Doğrudur, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququnda istifadə edərək bunu əngələməyə çalışa bilər. Lakin bu ölkənin həmin statusundan monopoliya kimi istifadəsinə də son qoyulmalıdır. Dünyada baş verən proseslərə beynəlxalq hüquq əsasında deyil, öz maraqları baxımından ədələtsiz yanaşan Fransanın öz daxilindəki problemləri beynəlxalq müstəviyə çıxarmaq zəruridir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.