
Prezident İlham Əliyevin yerli və xarici media resurslarına müsahibəsi hər zaman böyük diqqət və maraqla qarşılanır. Ölkə başçısının bu müsahibələri Azərbaycan xalqının mövqeyinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından olduqca vacibdir. Cənab Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi də milli maraqlarımızın beynəlxalq auditoriyaya təqdimatı, dövlətimizin siyasətinin təbliği, Azərbaycan həqiqətlərinin çatdırlması ilə bağlı vacib mesajların verilməsi ilə yadda qalıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkəmizin başçısının müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı dövlətimizin mövqeyini bir daha ifadə olunub: “Vətən Müharibəsində əldə olunan qələbədən sonra yeni reallıq yaranıb. Artıq Azərbaycan şərtləri diktə edən tərəf kimi çıxış edir. Amma bütün bunlara baxmayaraq Azərbaycan sühpərvər və humanist mövqe nümayiş etdirir. Heç təsadüfi deyil ki, müharibə bitdikdən sonra da ölkəmiz tərəfindən Ermənistana sülh təklifi göndərilib. Reallıq odur ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif edən ölkə məhz Azərbaycandır. Çünki artıq Qarabağ məsələsi bitib. Ölkəmiz öz suverenliyini bərpa edib”.

Millət vəkili hesab edir ki, Qarabağda separatçı rejimin ləğv edilməsi fonunda sülh müstəvisinə heç bir əngəl qalmayıb: “Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsip üzrə razılaşmanın əldə edilməsində maraqlıdır. Bunlar bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması, gücdən istifadə etməmə, bir-birinə ərazi iddialarının olmaması, iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması kimi vacib prinsipləri əhatə edir. Ölkəmiz tərəfindən irəli sürülən bu təkliflər beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır”.
Deputat bildirib ki, sülh razılaşmasında erməni tərəfinin etnik azlıq məsələsi ilə bağlı iddiaları əsassızdır: “Azərbaycan Prezidenti də müsahibəsində “əgər sülh sazişində etnik məsələ əksini tapacaqsa, bu qarşılıqlı olmalıdır” deyə qeyd edib. Çünki rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirsə, otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığın məsələsi bu müstəvidə qaldırıla bilər. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsi mövcuddur. Bu mənada Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti birmənalı olaraq qalır”.
Məlahət İbrahimqızı Qarabağ erməniləri ilə bağlı Azərbaycanın mövqeyinin açıq olduğunu qeyd edib: “Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti, tarixi və dini yerlər lazımınca qorunur. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bir neçəsi Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır və bütün hüquq və təminatlardan faydalanırlar. Qarabağ ermənilərinin hüquqları təmin olunacaq. Bu bir reallıqdır ki, Cənubi Qafqazda şərtləri diqtə edən tərəf Azərbaycandır. Yaranmış yeni reallıq sülhü, sabitliyi, təhlükəsizliyi özündə ehtiva edir. Dövlətimizin mövqeyi isə məhz bu fundamental əsaslara söykənir”.