Prezident İlham Əliyev dekabr ayının 10-da Serbiyanın Niş şəhərində keçirilən Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak tarixi əhəmiyyət kəsb edir. Ölkəmizlə Serbiya arasında son dövrlər yüksələn xətlə inkişaf edən əlaqələr mövcuddur. Bu mənada Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Serbiya prezidenti Aleksandar Vuçiç arasında səmimi dostluq, iki ölkə arasında münasibətlərin xarakterinə müsbət təsir edən başlıca amillərdəndir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin indiki səviyəsini göstərir: “Sözsüz ki, iqtisadi münasibətlər əlaqələrdə mühüm yer tutur. Bu baxımdan da İnterkonnektorun fəaliyyəti ölkələrin sənaye inkişafına böyük töhfə verəcək. Azərbaycan-Bolqarıstan münasibətləri də bu kontekstdə yeni müstəviyə yüksəlib. Artıq ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Əlaqələrdəki dinamizm, dostluq və strateji tərəfdaşlıq münasibətlərin daha da dərinləşməsinə xidmət edir”.
Deputat hesab edir ki, Azərbaycanın qaz ixracı coğrafiyasının genişlənməsi fonunda yeni tərəfdaşlar meydana çıxır: “Azərbaycanın təbii qazı səkkiz ölkəyə ixrac edilir. Serbiya ölkəmizin qaz ixrac etdiyi doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisinin Avropa dövlətləri olması da xüsusi önəmə malikdir. İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəyi də şübhəsizdir. Bu layihəyə dair keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmağı hədəfləyib: “2021-ci ildə Avropa məkanına Azərbaycanın qaz ixracının həcmi 8 milyard kubmetrdən bir qədər çox olub. Bu il isə təxminən 12 milyard kubmetrə qədər qazın ixracı nəzərdə tutulur ki, bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Ümumilikdə isə Azərbaycanın enerji strategiyası uğurla icra edilir. Ölkəmiz tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edilməsində mühüm rol oynayıb. Həmçinin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri ilə Azərbaycan nefti Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırılır. Cənub Qaz Dəhlizi də bu kontekstdə xüsusi önəm daşıyır. Fakt odur ki, Cənub Qaz Dəhlizi bu gün Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir”.
Təftiş Komissiyasının sədri Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirdiyini söyləyib: “Azərbaycanın Bolqarıstana qaz təchizatı ilə bağlı da məsələ gündəmdədir. İki il öncə ölkəmizdən Bolqarıstana qaz təchizatı başlayıb. Yaxın dövr üçün bu istiqamətdə həcmin artımı da gözlənilir. Bütün bunlar isə Azərbaycanın sözün əsl mənasında, etibarlı tərəfdaş olduğunun bariz nümunəsidir. Ölkəmiz cənab Prezidentin simasında dostluq ənənələrinə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir. Qaz sahəsində əməkdaşlıq isə daha genişmiqyaslı regional əlaqələrdə güclü zəmin yaradır. Eyni zamanda əməkdaşlıq əlaqələrinin perspektivinə xidmət edən istiqamətlər mövcuddur. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri bu kontekstdə inkişaf edir. Qarşıdakı dövrdə isə qaz təchizatının coğrafiyasının daha da genişləndirilməsi hədəflənib. Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaq əsas hədəfdir. Burada digər başlıca hədəf isə bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanıb ki, bu qarşıdakı dövrdə nəzərdə tutulan bütün planların reallaşmasına imkan yaradacaq”.