
Dekabrın 6-da Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda forum keçirilib. Forumda iştirak edən Prezident İlham Əliyev ölkəmiz, region və qlobal müstəvidə olduqca böyük əhəmiyyət kəsb edən vacib mesajlar verib. Post-müharibə dövrünün reallıqlarının regional müstəvidə cərəyan edən proseslərə təsiri dolğun şəkildə təsvir olunub. Dövlətimizin başçısı indiki geosiyasi vəziyyətlə bağlı ünvanlanan sualları dəqiq və tutarlı arqumentlərlə cavablandırıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Forumda həmçinin cənab Prezident İlham Əliyev Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın konkret mövqeyinin önəmini bir daha önə çəkib: “Sözsüz ki, hər zaman olduğu kimi bu dəfə də ölkəmizin başçısının vermis olduğu mesajlar dünya mediasının və ictimaiyyətinin diqqətinə səbəb oldu. Bu bir reallıqdır ki, cənab Prezident İlham Əliyevin hər bir çıxışı, hər bir mesajı, ortaya qoyduğu qətiyyətli mövqeyi Onun dünyada aparıcı Liderliyinin bariz nümunəsi kimi dəyərləndirilir. Çünki bu gün dünya ictimaiyyəti Azərbaycan Liderinin təşəbbüslərinin, fikirlərinin nə dərəcədə əhəmiyyətli olduğunun fərqindədir. Bu təbii ki, ölkəmizin beynəlxalq siyasi münasibətlərə təsirinin mahiyyətindən qaynaqlanır”.
Millət vəkili bildirib ki, beynəlxalq beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi bu Forum da olduqca böyük əhəmiyyətə malik idi: “Bu eyni zamanda qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqini müzakirə etmək baxımından olduqca önəmli bir platformadır. Forumda ölkəmizin başçısı həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesi, vasitəçilik, kənar müdaxilələrin mənfi təsirləri ilə bağlı da fikirlərini bölüşüb. Son 30 ildə Cənubi Qafqazın tarixində baş verənlər bu bölgədə hansı dövlətin sülh, hansı dövlətin isə işğalçı, təcavüzkar mövqe tutması ilə bağlı real faktlar dilə gətirilib. Amma bütün bunlara rəğmən Azərbaycan daima sülh mövqeyini bölüşüb. Reallıq isə odur ki, 44 günlük Vətən müharibəsində qələbə qazanmasına baxmayaraq sülh təklif edən tərəfin Azərbaycan olması dövlətimizin dinc münasibətlər sisteminin formalaşmasındakı istəyinin təzahürü kimi xarakterizə edilir”.
Məlahət İbrahimqızı Cənubi Qafqazda baş verən proseslərə kənar müdaxilələrin mənfi təsirlərinin də Forumda müzakirə edilən mövzular sırasında olduğunu bildirib: “Amma buna baxmayaraq Azərbaycanla Ermənsitan arasında sülh danışıqları prosesində yer almaq istəyən Fransa kimi ölkələr qeyri-konsturktiv mövqeyi ilə bu müstəvidən uzaqlaşmalı oldu. Çünki birtərəfli olaraq vasitəçilik etmək mümkün deyil. Cənab Prezident məhz Fransanın bu cür davranışları və sərgilədiyi mövqeyə görə Praqa görüşünün baş tutmamasına diqqət çəkib. Azərbaycana qarşı əsassız iddialarla çıxış edən Fransa prezidentinin bu prosesdə nə dərəcədə səmimi olacağı sözsüz ki, şübhəli idi. Bu prosesdə yer almaq istəyən müxtəlif vasitəçilərin olması isə onların sərgilədikləri mövqeyə əsaslanır. Ölkəmizin başçısı məhz bu kontekstdə Azərbaycanla Ermənistan arasında heç bir vasitəçilik olmadan ikitərəfli formatda danışıqların mümkünlüyünü qeyd edib. Burada rəsmi İrəvanın sərgiləyəcəyi mövqe də prosesin daha sürətlə irəliləməsində başlıca amildir. Ermənistanın sülh sazişi layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyinə da dövlətimizin başçısı konkret cavab verib. Bildirib ki, bu qarşılıqlı olmalıdır. Cənab Prezident vurğulayıb ki, “Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqları burada əks olunmalıdır. Onların hüquq və təhlükəsizliyi Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi kimi eyni qaydada qorunmalıdır. Beləliklə, ya hər iki milli azlıq sülh müqaviləsində qeyd edilir, yaxud da həmin məsələ ümumiyyətlə qeyd olunmur”. Bütün bunlar Azərbaycan dövlətinin tarixi qələbəsi, formalaşdırmış olduğu yeni reallığın fəlsəfəsinin açıq ifadəsidir. Sözsüz ki, bundan sonra da Azərbaycan hədəflərinə ardıcıllıqla çatacaq”.