Azərbaycan xalqı heç işğal faktı ilə barışmadığı üçün gec-tez nəyin bahasına olur-olsun torpaqlarımızın Ermənistanın işğalından azad ediləcəyinə əmin idi. Ulu öndər Heydər Əliyevin möhkəm və sarsılmaz təməllər üzərində qurub-yaratdığı müstəqil, güclü, monolot Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin edəcək tarixi məqama hər gün, hər saat yaxınlaşırdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən ulu öndər Heydər Əliyevin strategiyasına uyğun olaraq Azərbaycanın daha mütərəqqi ideyalarla inkişafı ölkəmizin bu günkü uğurlarının əsasını təşkil edir. Sözsüz ki, bütün sahələrdə uğurlar əldə edən, inkişafa, tərəqiyyə nail olan Azərbaycan dövləti üçün vacib məsələ ərazilərimizin Ermənistanın işğalından azad edilməsi idi. 2020-ci ilin 27-i sentyabrında başlayan 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə başa çatdı.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, işğalçı Ermənistan döyüş meydanında məğlub olaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu: “Tarixi Zəfərin təntənəsi olaraq 2020-ci ilin 10 dekabrında Azadlıq Meydanında Qələbə Paradı keçirildi. Sözsüz ki, 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərdən sonra qalib Azərbaycan Ordusunun Qələbə paradının keçirilməsi olduqca böyük tarixi əhəmiyyətə malik idi. Xalqımız uzun on illiklər Zəfər paradını, Ordumuzun Qələbə keçidini, torpaqlarımızın işğaldan olunması kimi möhtəşəm anları böyük sevgi ilə gözləyib. Bu mənada Zəfər paradı xalqımızın qələbə əzminin ifadəsi olaraq yaddaşlarda qalacaq. 30 illik işğal dövrünün başa çatdığını, düşmənin döyüş meydanında məğlub olaraq kapitulyasiya aktına imza atdığını təzahür etdirən Zəfər Paradı Azərbaycanın ən qürurlu şanlı səhifələrindən biri hesab olunur”.
Millət vəkili bildirib ki, qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vətən Müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olduğunu bəyan etməsi isə dünyaya verilən birlik mesaj idi: “Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Paradını qəbul etməsi tarixi hadisə oldu. Zəfər paradında Şuşa şəhəri azad edildikdən sonra ucaldılan şanlı bayrağımızın dalğalandırılması isə olduqca qürurverici bir hadisə idi. 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin Parada cəlb edilməsi hərbi qüdrətimizin nümayişi hesab olunur. Həmçinin hərbi qənimətlərin bir qismi də paradda nümayiş etdirildi. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak edib”.
Deputat vurğulayıb ki, Vətən müharibəsində döyüşlərdə əsl şücaət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza böyük Qələbənin sevincini yaşadan hərbi qulluqçularımızın keçidi vətənpərvərliyin, rəşadətin və Qələbə əzminin bariz nümunəsidir: “Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının təzahürüdür. Dünya bir daha gördü ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də hər zaman bir-birinin yanındadır. Eyni zamanda Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi nümayiş etdirildi. Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərinə “Qarabağ Azərbaycandır!” şüarının həkk olunduğu kompozisiyanın nümayişi də tarixi ədalətin təntənəsi idi. Tariximizin ən şanlı səhifəsinin – Vətən müharibəsində parlaq Qələbənin təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izlədi. Təbii ki, xalqımızın yaddaşına 44 günlük müharibənin hər günü qələbələrlə həkk olunub. Ermənilərin uzun illər özləri haqqında uydurduğu “miflər” darmadağın edildi. Ermənistan ordusu cəmi 44 gün ərzində hərbi texnikası və canlı qüvvəsi ilə birlikdə məhv olundu”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Vətən müharibəsində qəhrəmanlıq, sücaət göstəmiş şəxslərin orden və medallarla təltif edilməsi onlara verilən ən yüksək ali dəyərin göstəricisi hesab olunur: “Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Bu sözsüz ki, qəhrəmanlarımıza verilən dəyərin göstəricisidir. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı də məhz cənab Prezident, Müzəffər Ali Baş Komandan olub. Sözsüz ki, bu şanlı tarixi qələbə və onun tərənnümü xalqımızın mübarizə əzminin ifadəsi olaraq yaddaşlarımızda əbədi həkk olunub”.