Prezident İlham Əliyevin Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirakı, çıxışında səsləndirmiş olduğu mesajlar mühüm əhəmiyyət kəsb edir. Bu bir reallıqdır ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı xarakter daşıyır. Bu mənada Prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir: “Bu əlaqələrdə iqtisadi münasibətlər mühüm yer tutur. Məhz bu kontekstdə iqtisadi amil əlaqələrin daha geniş spektorda inkişafına xidmət edir. Sözsüz ki, yeni mərhələdə İnterkonnektorun fəaliyyəti ölkələrin sənaye inkişafına böyük töhfə verəcək. Məhz bu müstəvidə Azərbaycan-Bolqarıstan münasibətləri da yeni bir mərhələyə yüksəlib. İki ölkə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu amil münasibətlərin dinamik, dostluq və strateji tərəfdaşlıq üzərində qurulduğunun əyani təzahürüdür”.
Millət vəkili hesab edir ki, Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir: “Hazırda Azərbaycanın təbii qazı səkkiz ölkəyə ixrac edilir. Serbiya ölkəmizin qaz ixrac etdiyi doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisinin Avropa dövlətləri olması da xüsusi önəm kəsb edir. Məhz bu kontekstdə İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəyi də şübhəsizdir. Bu layihəyə dair keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Artıq bu memorandum effektiv şəkildə icra edilir. Memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmağı hədəfləyib. 2021-ci ildə Avropa məkanına Azərbaycanın qaz ixracının həcmi 8 milyard kubmetrdən bir qədər çox olub. Bu il isə təxminən 12 milyard kubmetrə qədər qazın ixracı nəzərdə tutulur ki, bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Ümumilikdə isə Azərbaycanın enerji strategiyası uğurla icra edilir. Ölkəmiz tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edilməsində mühüm rol oynayıb. Həmçinin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri ilə Azərbaycan nefti Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırılır. Bu kontekstdə Cənub Qaz Dəhlizi xüsusi önəm daşıyır. Cənub Qaz Dəhlizi bu gün Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir”.
Deputat bildirib ki, Azərbaycanın enerji potensialı beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir: “Heç təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir. Azərbaycanın Bolqarıstana qaz təchizatı ilə bağlı da məsələ gündəmdədir. İki il öncə ölkəmizdən Bolqarıstana qaz təchizatı başlayıb. Yaxın dövr üçün bu istiqamətdə həcmin artımı da gözlənilir. Bütün bunlar isə Azərbaycanın sözün əsl mənasında, etibarlı tərəfdaş olduğunun bariz nümunəsidir. Ölkəmiz cənab Prezidentin simasında dostluq ənənələrinə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir. Qaz sahəsində əməkdaşlıq isə daha genişmiqyaslı regional əlaqələrdə güclü zəmin yaradır. Eyni zamanda əməkdaşlıq əlaqələrinin perspektivinə xidmət edən istiqamətlər mövcuddur. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri bu kontekstdə inkişaf edir. Qarşıdakı dövrdə isə qaz təchizatının coğrafiyasının daha da genişləndirilməsi hədəflənib. Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaq əsas hədəfdir. Burada digər başlıca hədəf isə bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanıb ki, bu qarşıdakı dövrdə nəzərdə tutulan bütün planların reallaşmasında başlıca zəmin olacaq”.
Məlahət İbrahimqızı Serbiya, Bolqarıstan, Şərqi Avropa qrupuna daxil olan digər ölkələrlə Azərbaycan arasında səmimi dostluğun xarakterindən bəhs edib: “Bu ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının ölkəmizdə, Bakıda keçirilməsinə dəstəyini göstərdilər. Bu amil dostluğumuzun nümunəsi hesab olunur. Məhz Bolqarıstan Prezidenti Rumen Radevinin çıxışında Azərbaycanla əlaqədar səsləndirilmiş vacib mesajlar xüsusi ilə diqqəti cəlb edir. O Avropalı həmkarları ilə görüşdə Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğuladığını qeyd edib: “Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır”. Öz Növbəsində Serbiya prezidenti Aleksandar Vuçiç də Azərbaycan Prezidentinin dostluğa əməkdaşlığa sadiq olduğunu bildirib. O Azərbaycanın Serbiyanın əsl dostu olaraq qalmaqda davam etdiyini bildirib”.