Prezident İlham Əliyevin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirakı ölkəmizin bu sahəyə olan diqqətinin göstəricisidir. Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı alternativ enerji istehsalını da özü üçün prioritet kimi qəbul edib. Bu baxımdan da ekoloji cəhətdən təmiz enerji resurslarının formalaşması üçün zəruri addımlar atılır. Külək və Günəş enerjisi sahəsində ölkəmiz zəngin resurslara malikdir. Məhz bu kontekstdə ölkəmizdə alternativ enerji istehsalı prioritet sahələrdən biri kimi qəbul edilib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Bakı və Abşeronda alternativ enerji istehsalı üçün zəngin təbii şəraitin olması bu sahəyə marağı daha da artırıb: “Külək və günəş enerjisi sahəsində artıq qarşıya qoyulmuş bir çox hədəflər icra edilir. Eyni zamanda II Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə yaşıl enerji zonası prinsipinə uyğun addımlar atılır. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına uyğun olaraq ekoloji cəhətdən təmiz enerji istehsalı da prioritet kimi qarşıdan duran vəzifələrdəndir. Bu sahədə ölkəmizin malik olduğu təcrübə ilə yanaşı ixtisaslaşmış beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq qurulub. Təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının boş hissəsinin yaşıl enerji mənbəyinə çevrilməsi bu sahədə görülən işlərin təzahürüdür. Ölkəmizlə Birləşmiş Ərəb Əmirlikləri arasında olan tərəfdaşlıq, dostluq digər sahələrlə yanaşı alternativ eherji istehsalında da uğurlar əldə etməyə imkan verir”.
Millət vəkilinə görə, Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyası olmaqla yanaşı Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında olan əməkdaşlığın açıq təzühürüdür: “1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin məntiqi nəticəsidir. Bu amil eyni zamanda Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərini göstərir. “Masdar” şirkətinin bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırması məhz bu reallığın təzahürüdür. Qarşıda duran əsas hədəf isə mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etməkdir”.
Deputat hesab edir ki, Azərbaycanın alternativ enerji sahəsində atdığı addımlar regionun inkişafında mühüm dəyişikliyə səbəb olacaq: “Azərbaycan dünyada neftin istehsal olunduğu ölkə olmasına baxmayaraq yaşıl gündəliklə bağlı prioritetləri mövcuddur. Bu mənada qarşıdakı dövrdə Azərbaycan hidrogeni, o cümlədən yaşıl hidrogen ixrac edən ölkə olacaq. Bu məqsədlərə xidmət edən başlıca vəzifə kimi Qarabağın və Şərqi Zəngəzurun hidroenerji potensialı inkişaf etdirilir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonası elan edilib. Bununla yanaşı Azərbaycan enerji dəhlizi rolunu da icra edir. Xəzər-Avropa İttifaqı enerji dəhlizi ilə bağlı tərəfdaşlarla sıx əməkdaşlıq edilir. Yaşıl Enerji Dəhlizinin formalaşması istiqamətində Azərbaycanın hədəfləri mövcuddur”.