Azərbaycan əraziləri 30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanıldı və bunun nəticəsində 1 miyon azərbaycanlı öz vətənində qaçqın və məcburi köçkünə çevrildi. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz, suverenliyimiz 30 ilə yaxın pozulduğu halda dünya birliyi buna heç bir reaksiya vermədi. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistanın silahlı qüvvələrindən qeyd-şərtsiz boşaldılması haqqında qətnaməsi 30 il kağız üzərində qaldı. Bu 10 illiklər ərzində Ermənistan Azərbaycanın nəzarətdə saxladığı ərazilərində etnik təmizləmə, soyqırım, milli-mədəni abidələrin barbarcasına talan edilib, qanunsuz mənimsənilmə siyasətini həyata keçirdi. Amma çox təəsüf ki, beynəlxalq birlik, bununla bağlı da mövqe bildirmədi. 2020-ci ilin 27-i sentyabrında başlayan və 44 gün davam edən II Qarabağ Müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın təcüvüzkar siyasətinə son qoyuldu. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli razılaşma ilə üzərinə öhdəliklər götürən Ermənistan daha sonra bunların da crasından boyun qaçırmağa çalışdı. Nəticədə, Ermənistana məxsus 10 minə yaxın silahlı birləşmələr qeyri-qanuni olaraq Azərbaycan ərazisində saxlanılırdı. Bununla yanaşı Ermənistan Azərbaycana qarşı növbəti dəfə ərazi iddiası ilə çıxış edir, separatizmi açıq şəkildə himayə edirdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutmuş lokal antiterror tədbirləri ilə Azərbaycan öz ərazisi üzərində suverenliyini tam bərqərar etməyə nail oldu. Separatçi rejim ağ bayraq qaldıraraq təslim olaraq özünün buraxdığı elan etdi və silah-sursatı qeyd-şərtsiz təslim etməyə başladı. Bundan sonra isə Qarabağda yaşayan erməni əsilli şəxslər Azərbaycan ərazisindən heç bir təzyiq və zorakılıq olmadan, könüllü şəkildə çıxmağa başladı.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Qarabağda yaşamış ermənilərin Azərbaycan ərazisindən könüllü şəkildə çıxması ilə bağlı keçmiş separatçı rejimin, Ermənistan hakimiyyətinin və onlara havadarlıq edənlərin niyyətləri tamam başqa olub: “Onlar bu amildən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edəcəkləri ilə bağlı məkirli planlarını reallaşdırmaq niyyətində idi. Azərbaycanlılara qarşı uzun on illiklər etnik təmizləmə və soyqırım siyasəti həyata keçirildiyi halda, əsrin faciəsi, Xocalı Soyqırımı kimi acı bir reallıq ortada olduğu halda beynəlxalq birlik növbətə dəfə bunu görməzdən gəlir. Bəzi Qərb dövlətləri, erməni lobbisinin əlində oyuncağa çevrilmiş siyasətçilər indiki halda Azərbaycana qarşı absurd, məntiqsiz, heç bir əsası olmayan iddialarla çıxış etməyə başlayıb. Fransa başda olmaqla digər ölkələrin bu gün açıq şəkildə ermənipərəst siyasət yürütməsi məhz bu “ssenarinin”, riyakarlığın bariz nümunəsidir. Bu xüsusda regionla heç bir əlaqəsi olmayan Kanadanın yanaşmaları, davranışları hiddət doğurur. Kanada xarici işlər naziri Melani Colinin bu yaxınlarda Ermənistana səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi, hələ bir qədər də irəliyə gedib hətta Bakını sanksiyalarla hədələməsi açıq riyakarlıq nümunəsidir”.
Millət vəkili bildirib ki, 30 ilə yaxın Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə Kanada bununla bağlı heç bir bəyanat, açıqlama verməyib: “Ona görə də, bu gün Kanada XİN rəhbərinin Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkküründən irəli gələn bir reallıq kimi izah olunur. Məhz Colinin Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycan ərazilərini müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir. Eyni zamanda Colinin Azərbaycanı sanksiyalarla hədələməsi isə artıq isterikadır. Çünki Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir. Bu ölkənin missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir”.
Deputat hesab edir ki, yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham etməsi absurddur: “Vaxtilə Kanadada hindu uşaqları üçün açılan çoxsaylı internatlarda onların kütləvi şəkildə öldürülməsi faktları yaddan çıxmayıb. Bu mənada Kanada qaranlıq keçmişini unudub tanımadığı və heç bir halda bələd olmadığı regionla bağlı birtərəfli qaydada fikir formalaşdırmağa cəhd etməsi onun özü üçün ziyanlıdır. Çünki Kanada XİN başçısının səsləndirdiyi cəfəng fikirlər göstərir ki, nazirin adi coğrafi bilikləri belə yoxdur. Əks halda o, Azərbaycanın əhəmiyyətini anlayardı. Reallıq odur ki, Kanada uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uranın isə hava yolu ilə daşınmasına icazə verilmir. Bu halda uranın Çin və Azərbaycan üzərindən Kanadaya daşınması mümkündür. Sözsüz ki, Çinin buna razılıq verməsi mümkün deyil. Kanada bu məsələdə Azərbaycandan asılı vəziyyətə düşür. Azərbaycan isə Kanadanın riyakarlığı və qeyri-obyektiv yanaşmaları fonunda istənilən vaxt bu ixracı dayandıra bilər və dayandırmalıdır. Eyni zamanda Kanada şirkətlərinin Azərbaycanda fəaliyyəti də məhdudlaşdırıla bilər. Çünki bu gün Azərbaycanın nə Kanadaya, nə də onun şirkətlərinə ehtiyacı yoxdur”.