30 ilə yaxın Azərbaycan əraziləri işğalda olanda, 1 milyon azərbaycanlı məhz Ermənistanın təcavüzkar siyasətinin nəticəsində qaçqın və məcburi köçkünə çevriləndə dünya birliyi susurdu. BMT-nin Azərbaycan ərazilərinin qeyri-şərtsiz Ermənistan silahlılarından boşaldılmasını tələb edən qətnaməsini icra etmək heç kəsin yadına düşmürdü. Bunun əvəzinə keçmiş ATƏT-in Minsk Qrupunun həmsədri kimi danışıqlarda yer alan ölkələr, xüsusən də Fransa status-kvonun qorunub saxlanmasına çalışırdı. Məqsəd Ermənistanın işğal faktına “haqq” qazandırmaq, zaman keçdikcə prosesin gündəmdən çıxarılması idi. Amma heç vaxt işğal siyasəti ilə barışmayan Azərbaycan dövləti və xalqımız nəhayət, 2020-ci ilin 27-i sentyabrında başlayan 44 günlük Vətən Müharibəsi ilə beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi. 2020-ci ilin 10 noyabrında əldə edilmiş üçtərəfli razılaşma ilə özünə məxsus silahlıları Azərbaycan ərazisindən çıxarmaqla bağlı öhdəlik götürən Ermənistan vaxt keçdikdən sonra bundan imtina edirdi. Bunun əvəzinə özünün işğalçı mahiyyətinə uyğun olaraq Ermənistan Azərbaycan ərazisində separatizmi dəstəkləyir, bununla da ölkəmizin ərazi bütövlüyü və konstitusiya quruluşuna qarşı çıxan “qüvvələri” himayə edirdi.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, 2023-cü il 19-20 sentyabrında Azərbaycanın həyata keçirdyi lokal antiterror tədbirləri ilə separatçılar ağ bayraq qaldırıb təslim oldu: “Bununla da ölkəmizin suverenliyi təmin olundu, konstitusiya quruluşu bərqərar edildi. Qarabağda yaşayan erməni əsilli sakinlər isə separatçıların və Ermənistan hakimiyyətinin birbaşa diqqəti ilə Azərbaycan ərazisini könüllü şəkildə heç bir təzyiq və zorakılığa məruz qalmadan tərk etdi. Hər zaman Azərbaycana qarşı məkirli, riyakar siyasət yürüdən Fransa başda olmaqla bir çox Avropa ölkələri isə bu amildən təzyiq aləti kimi istifadəyə cəhd edir. Az qala öz ölkəsinin bütün problemlərini unudan Fransa prezidenti Emmanuel Makron ermənidən daha çox ermənilik edir. Məhz bu kontekstdə bu yaxınlarda Ermənistanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Colinin də Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi eyni “ssenarinin” tərkib hissəsidir”.
Deputat hesab edir ki, Kanadanın xarici işlər naziri Melani Coli Ermənistana səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi, hətta Bakını sanksiyalarla hədələməsi absurd, məntiqsiz mövqedir: “Coli bundan əvvəl də Azərbaycanın ünvanına cəfəng iddialar səsləndirib. 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymağa heç bir çağırış belə etməyən Kanadanın indiki halda tutduğu mövqe qərəz və səlibçilik təfəkküründən irəli gəlir. Colinin Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binokulla ərazilərimizi müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir”.
Millət vəkili bildirib ki, Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir: “Bu ölkənin missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir. Reallıq odur ki, yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir. Vaxtilə Kanadada hindu uşaqları üçün açılan çoxsaylı internatlarda onların kütləvi şəkildə öldürülməsi faktları yaddan çıxmayıb. Eyni zamanda Kanadanın Avropa İttifaqının Ermənistandakı missiyasına qoşulması isə faktiki olaraq ABŞ-ın bu missiya daxilinə öz “vassalını” yerləşdirmək əməliyyatıdır”.
Məlahət İbrahimqızına görə, Kanada XİN başçısının səsləndirdiyi cəfəng fikirlər göstərir ki, nazirin adi coğrafi bilikləri belə yoxdur: “Əks halda o, Azərbaycanın əhəmiyyətini anlayardı. Bu gün Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Fakt isə odur ki, Uran hava yolu ilə daşına bilməz. Ona görə uranı ya Çin, ya Azərbaycan üzərindən Kanadaya aparmaq mümkündür. Çinin buna razılıq verməsi mümkün deyil. Odur ki, Kanada bu məsələdə Azərbaycandan asılıdır. Azərbaycan istənilən vaxt bu ixracı dayandıra bilər və dayandırmalıdır. Bununla yanaşı Kanada şirkətlərinin Azərbaycanda fəaliyyəti də məhdudlaşdırıla bilər. Sözsüz ki, bu gün Azərbaycanın nə Kanadaya, nə də onun şirkətlərinə ehtiyacı yoxdur”.