Avropa Parlamentinin Azərbaycan əlehinə “qətnaməsi” heç bir hüquqi əsasa malik deyil. Bu fakt əslində Avropa Parlamentinin erməni lobbisinin əlaltısına çevrildiyinin, onun girovluğunda olduğunu bir daha təsdiqlədi. Sözsüz ki, bu qərəzli qətnamənin qəbulu heç də Azərbaycan ictimaiyyəti üçün təəccüblü olmadı. Çünki Avropa Parlamenti hər zaman Azərbaycana qarşı riyakar, ikili standartlardan ibarət, islamafob, türkəfob yanaşma sərgiləyib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, bu absur qətnamə kağız parçasından ibarətdir: “Belə “qərarların” beynalxalq münasibətlər sistemində, hüquqi, siyasi müstəvidə heç bir gücü yoxdur. Bu eyni zamanda Avropa Parlamentinin 30 il davam edən riyakar siyasətinin açıq təzahürüdür. Çünki Qarabağda mövcud vəziyyətlə bağlı qəbul edilən “qətnamə”, bölgədə beynəlxalq hüquq və normaların pozulması ilə bağlı məqamlar bu heç bir fakta əsaslanmır. Ona görə də, bu tamamilə yalan və riyakarlıq kontekstində hazırlanmış bir “mətn”dir”.
Millət vəkili hesab edir ki, heç bir fakt və rəqəm ortaya qoyulmadan Fransanın təşəbbüsü ilə qəbul edilən “qətnamə” başdan-ayağa qərəzdən ibarətdir: “Yaxşı olardı ki, Avropa Parlamenti hansısa bir qərarı hazırlayarkən BMT missiyasının rəyini nəzərə alardı. Fakt odur ki, onlar BMT missiyasının rəyini nəzərə alsalar öz riyakarlıqlarını biruzə verə bilməyəcəkdilər. AP-nin bu münasibəti bir daha göstərdi ki, onlar üçün regionda baş verən reallıqlar əhəmiyyətsizdir. 1988-1993-cü illərdə öz ata-baba yurdlarından etnik təmizləməyə məruz qalmış 950 min azərbaycanlının taleyi haqqında heç bir fakta, həqiqətə istinad etməyən AP-i sadəcə olaraq erməni lobbisindən alınan təlimata uyğun hərəkət edib”.
Aqil Məmmədov 90-cı illərindən əvvəllərində Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini, 1 milyon vətəndaşımızın öz ərazimizdə soyqırıma, etnik təmizləməyə, yaşadığı yerdən zorla qovulmasına səbəb olan qeyri-insani hərəkətlərin icra edildiyini bildirib: “30 ilə yaxın 1 milyon azərbaycanlı öz vətənində qaçqın və məcburi köçkün kimi yaşamağa məhkum edilib. Bu məhz Ermənistanın işğal siyasəti ucbatından baş verib. Keçmiş ATƏT-in Minsk Qrupunun təmsilçisi kimi Fransa bu həqiqətləri görüb amma, qulaq ardına vurub. Ona görə də, Avropa Parlamentinin çirkaba bulaşmış deputatları əsl həqiqətlərlə maraqlansalar onlar üçün daha yaxşı olar. Bir daha yəqin edərlər ki, etnik təmizləməyə, soyqırıma məruz qalan Azərbaycan xalqı olub”.