Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Siyasətinfonun suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Məlahət xanım, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Heç bir həqiqətə, məntiqə sığmayan, reallıqdan tamamilə uzaq məsələlərə hədəflənmiş bu “qərarın” mahiyyətini necə dəyərləndirirsiniz?
– Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə qəbul edilməzdir. Azərbaycan onsuz da Avropa Parlamentinin üzvü deyil. Ona görə də, bu “qətnamə” korrupsiyalaşmış Avropa parlamentarilərinin erməni lobbisinin və diasporasının maliyyəsinin əsiri olduğunu nümayiş etdirir. Əslində bu sənədə “hə” demiş deputatları nə Avropanın, nə də öz ölkələrinin mənafeləri maraqlandırmır. Yəni, bu deputatlar “qətnaməni” qəbul edərkən onlar dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin rəyini belə nəzərə almayıblar. Bu açıq şəkildə beynəlxakq hüququn prinsiplərinə zidddir.
– Avropa Siyasi Birliyinin Qranada (İspaniya) sammitində Avropa Parlamentinin sədri Roberta Metsola Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. R.Metsola bu görüşün nəticəsi ilə bağlı özünün “X” səhifəsində paylaşım edib. Paylaşımda əksini tapmış fikirləri necə şərh etmək olar?
– Bəli, mən də bu tviti oxudum. Bu gün xanım Metsolanın tvitti ilə məlum “qətnamə” bir-biri ilə ziddiyət təşkil edir. Yəni AP-nin prezidentinin yazdığı tvitlə bölgədə heç bir etnik təmizləmənin olmadığı və hətta dolayısı yolla Xankəndi sakinlərinin öz yaşadıqları yerləri zor tətbiqi ilə deyil, təhlükəsizlikləri üçün tərk etdikləri bildirilir. Sözsüz ki, Avropa Parlamentinin sədri Roberta Metsola Nikol Paşinyanla görüşü adi prosedur qaydasıdır. Bu AP-nın mövqeyidir. O eyni zamanda tvitdə Qarabağı tərk etmiş ermənilərə humanitar yardımın edilməsi vacib sayılır. Çox təəssüf ki, məlum “qətnamə” xanım Metsolanın rəsmi mövqe ilə daban-dabana ziddiyyət təşkil edir. Daha doğrusu “qətnamə” bir daha göstərir ki, erməni mafiyası xərçəng kimi Avropa parlamentarilərinin çoxunda metastaz verib.
– Bu cür “sənədlərin” qəbulu Azərbaycanın mövqeyinə necə təsir edə bilər?
– Azərbaycanı belə “sənədlər” qorxuda bilməz. Bu “sənəd” 90-cu illərdə ABŞ tərəfindən qəbul edilmiş bədnam “907-ci” düzəlişlə eyni çəkiyə malikdir. Reallıq odur ki, bu gün beynəlxalq hüquq işləmir. İşlək mexanizm isə gücün hüququdur. Ona görə də, erməniləşmiş, erməni lobbisinin əlində oyuncağa çevrilmiş beynəlxalq təşkilatlar utanmalıdırlar ki, Azərbaycan işğal altında olan torpaqlarını özü təkbaşına azad edib.
– Xankəndidən Ermənistana gedən ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlara Azərbaycan tərəfindən hansısa bir formada yardımın edilməsi ilə bağlı nə kimi təşəbbüslər ola bilər?
– Qarabağda yaşayan ermənilər ərazini könüllü olaraq müvəqqəti tərk ediblər. Bunu Laçın sərhəd-buraxılış məntəqəsindən keçərkən yerli və xarici jurnalistlərə müsahibələrində həmin ermənilərin özləri də etiraf edib. Onlar heç bir təzyiq və təpki olmadan ərazini tərk etdiklərini açıqlayıblar. Əksəriyyəti isə yenidən geri qayıdıb Azərbaycan qanunları ilə yaşayacaqlarını bildirib. Erməni əsilli həmin sakinlər Azərbaycan ərazisindən və dövlət sərhəddindən keçdiyi zaman isə onlarla yüksək humanizm qaydaları ilə davranılıb. Azərbaycanın həmin ermənilərə humanitar yardım göstərməsi isə rəsmi İrəvanın müraciəti əsasında mümkün ola bilər. 44 günlük Vətən müharibəsi bitən kimi, Azərbaycan Prezidenti Ermənistana sülh əli uzatdı. Ona görə də, erməni tərəfi yaranmış fürsəti yaxşı dəyərləndirməlidir. Dünyanın harası olursa-olsun ehtiyac içində olanlara Azərbaycan dövləti yardım əli uzadır. COVİD-19 pandemiyası dönəmində biz bunun şahidi olduq. Rusiya-Ukrayna savaşı ilə bağlı da Azərbaycan hökuməti ardıcıl olaraq müharibədən əziyyət çəkən Ukrayna xalqına humanitar yardım göstərir.