Bu gün Azərbaycan beynəlxalq aləmlə yanaşı Türk dünyasında da etibarlı tərəfdaş olaraq böyük nüfuza malikdir. Türkdilli ölkələr arasında əlaqələrin inkşafında aparıcı rol oynayan ölkəmiz türk dünyasının sıx birləşməsi istiqamətində də böyük səylər göstərir və töhfələr verir. Eyni zamanda Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələr üzrə daha da möhkəmləndirilməsidir. Bu istiqamətdə ölkə başçısı, cənab Prezident İlham Əliyev böyük və nümunəvi fəaliyyəti ilə seçilib. Bu fəaliyyətin nəticəsi olaraq Prezident İlham Əliyev dəfələrlə türk dünyasının ən ali orden və medalları ilə təltif edilib.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
O qeyd edib ki, dekabr 14-də Prezident İlham Əliyevin Türkmənistanda təşkil edilən Üçtərəfli Zirvə Görüşündə iştirakı ölkəmizin Türk dünyasındakı yüksək nüfuzunun növbəti göstəricisidir: “Üçtərəfli Zirvə Görüşündə çıxış edən ölkəmizin rəhbəri Azərbaycan-Türkiyə və Türkmənistan dövlətlərinin bir-biri ilə etnik, dini-mədəni köklərlə, ortaq mənəvi dəyərlərlə sıx bağlı olduğunu və bu dəyərlərin ölkələrimiz arasındakı mövcud əməkdaşlığın inkşafına imkanlar yaratdığını qeyd etdi. Ölkələrimiz arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən cənab Prezident İlham Əliyev hər üç ölkənin beynəlxalq təşkilatlarda və təsisatlarda hər zaman bir-birinə qarşılıqlı dəstək göstərməsini vurğuladı”.
Deputat vurğulayıb ki, ölkəmizin başçısı Zəngəzur Dəhlizi ilə bağlı bütün işlərin 2024-cü ildə tamamlanacağını və nəticədə yeni nəqliyyat dəhlizinin yaranacağını bildirib: “Eyni zamanda Prezidentimiz Azərbaycanın tranzit ölkəsinə çevrilməsi, regionun loqistik potensialı haqqında da ətraflı məlumat verib. Bu baxımdan da Türkmənistanda təşkil edilən Üçtərəfli Zirvə Görüşü Türk Dünyası ölkələri arasındakı əlaqələrin gələcək inkşafına böyük töhvə və təkan verəcək”.