Prezident İlham Əliyevin cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxışı səsləndirdiyi məsələlər mühüm əhəmiyyətə malikdir. Artıq türk dövlətləri özünün inkişafında və əlaqələrin daha intensiv şəkildə qurulmasında yeni bir mərhələyə qədəm qoyub. Ölkələrimiz arasında etibarlı əməkdaşlığın obyektiv əsasları mövcuddur. Bu mənada Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, artıq Azərbaycanla digər türk dövlətləri arasında strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr yeni mərhələyə yüksəlib: “Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırıb. 2017-ci ildə isə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Eyni zamanda ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir”.
Deputat eyni zamanda ölkələrimiz arasında mövcud iqtisadi əməkdaşlığın inkişaf dinamikasına diqqət çəkib: “2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. Bu il Türkmənistanla da Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 5 dəfə artıb”.
Aqil Məmmədov Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində əldə edilən böyük uğurlardan bəhs edib: “Bu istiqamətdə ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib. Bütün bunlar sözsüz ki, öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Çünki hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Azərbaycan önəmli tranzit ölkəsi kimi bu əlaqələrin daha da genişlənməsində rolu olduqca böyükdür. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Bu mənada ölkəmiz tərəfindən öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələr icra edilib. Məhz bunun nəticəsi olaraq 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb”.
Millət vəkili regionun yeni tranzit imkanları baxımından Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb: “Artıq Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlər yekunlaşmaq üzrədir. Bu mənada dəmir yolu xətti üzrə 40 faiz, avtomobil yolu üzrə 70 faiz işlər icra olunub. Eyni zamanda qarşıda duran bütün işlərin 2024-cü ildə tamamlanması mümkün olacaq. Bununla da bölgə və region dövlətləri üçün yeni nəqliyyat dəhlizi yaranacaq”.