15-16 sentyabr tarixlərində Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı İstanbul Haliç Konqres Mərkəzində keçirilən Dünya Türk İş Şurasının (DTİK) 10-cu Konqresində AQSİA İdarə heyətinin sədri Səkinə Babayeva, İdarə heyətinin üzvü Lamiyə Bayramova, Komissiya rəhbəri Rəna Qəfərova, Protokol şöbəsinin rəhbəri Günay Həsənli, fəal üzvlər Mehbarə Məmmədova, Gülpəri Bayramova və Məhəbbət İbrahimova iştirak edib.
Sessiyada iştirak edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə əlverişli işgüzar mühit, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, sualları cavablandırıb.
Daha sonra Prezident Ərdoğan çıxışında “Türk Dövlətləri Təşkilatı: 5 Dövlət, Bir Diaspor” çətiri altında keçirilən qurultayın xeyirli olmasını arzulayıb.
Qurultaydakı çıxışların, müzakirələrin və alınacaq qərarların hamı üçün yeni bir dövrün başlanğıcı olacağına ümid edən prezident Ərdoğan: “Ümid edirəm ki, Türk Dövlətləri Təşkilatı ilə Dünya Türk İş Şurası arasında imzalanacaq protokol faydalı olacağını bildirib.
Qurultayın ikinci günündə isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov diasporların iqtisadi əlaqələrin inkişafına dəstəyi və Agentliyin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, son illər Türk dövlətləri arasında əlaqələr daha da möhkəmlənib və əməkdaşlığın inkişafında diaspora da əhəmiyyətli rol oynayır. Diasporalar həm də ölkələrin iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasına, özəl biznes təşəbbüsləri və ticarət əlaqələrinin genişlənməsinə dəstək göstərir.
AQSİA təmsilçiləri olan sahibkar qadınlar iki günlük qurultay zamanı keçirilən B2B görüşlərdə aktiv iştirak ediblər. Qeyd edək ki, AQSİA-nın ASK-nın təşəbbüsü ilə 10 ildən artıqdır ki, Azərbaycan sahibkarları Türkdili dövlətlərində keçirilən qurultaylarda təmsil olunur.