22-23 yanvar 2024-cü il tarixlərində Bakı Biznes Universitetində AQSİA-nın iştirakçısı olduğu Mingəçevir Dövlət Universitetinin koordinatorluğu həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” Eramus+ layihəsi çərçivəsində “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminə dair aparılmış tədqiqatın hesabat konfransı” baş tutub. Konfransda Azərbaycanın 20-dən çox ali təhsil müəssisələrinin, həmçinin layihə konsorsiumunun üzvü olan İsveç, İspaniya, Portuqaliya, Estoniya və Polşanın nüfuzlu universitetlərinin nümayəndə heyəti iştirak edib.
Açılış nitqi ilə konfransı açıq elan edən Bakı Biznes Universitetinin rektoru i.e.d.prof. İ.M.Abbasov konfrans iştirakçılarını salamlayaraq layihənin əhəmiyyətini vurğulayaraq inkişaf etmiş ölkələrdə geniş yayılan sahibkar universitetlər modelinin ölkəmizin ali təhsil mühitinə inteqrasiyasını mütərəqqi hal kimi qiymətləndirdiyini bildirdi. Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov çıxış edərək konfrans iştirakçılarını sözügedən layihənin sahibkarlıq təfəkkürünün inkişaf etdirilməsi, innovasiya ekosiseminin gücləndirilməsi və layihənin geniş tətbiqi imkanları haqqında danışdı.
Layihənin koordinatoru Eşqin Bayramov ENGAGE layihəsinin qısa icmalını qonaqların diqqətinə çatdırdı, konfransın moderatoru Gülşən Bayramova isə sözügedən layihənin fəaliyyət planı, aparılan tədqiqat məqsədi və tədqiqat metodologiyası haqqında məlumat verdi. Daha sonra Gəncə Dövlət Universitetinin nümayəndəsi Razim Əliyev və Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetindən Namiq Kərimov universitetlərin sahibkarlıq ekosisteminin müqayisəli təhlilinə əsasən əldə edilmiş nəticələr barədə konfrans iştirakçılarını məlumatlandırdılar.
Müvafiq olaraq, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universitetinin nümayəndələri Samirə Əhmədova, Nərmin İbrahimova və Orxan Vətənxah layihə çərçivəsində həyata keçirilən səfərlər və həmin meddətdə qazanılmış təcrübələr haqqında qısa hesabatlar təqdim etdilər. Daha sonra BANM nümayəndələri Altay İsmayılov və İlkin Axundov, eləcə də Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndəsi Şirməmməd Məmmədov “Azərbaycanda Ali Təhsildə Sahibkarlıq Ehtiyacları” mövzusunda keçirilən sorğunun nəticələrini qonaqların diqqətinə təqdim etdilər.
Konfransda AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək sahibkarlıq sahəsində görülən işlər və təhsil sektorunda qadın sahibkarların sayının artırılması üçün gələcək planlar haqqında məlumat verdi.
Fasilədən sonra Lissabon Universitetinin nümayəndəsi Rui Mendes, Kataloniya Politexnik Universitetinin nümayəndəsi Mathilde Darie Anna Cadene, KTH Royal Texnologiya İnstitutunun nümayəndəsi Viktor Kordas, Tallinn Texnologiya Universitetinin nümayəndəsi Archil Chochia, WSG Universitetinin nümayəndələri Marek Bogusz və Magdalena Bergmann Azərbaycanda sahibkarlıq və universitet dinamikası haqqında fikirlərini bölüşdülər.
Konfransın ikinci günündə isə Avropanın tərəfdaş universitetlərindən dəvət olunan qonaqlar “Sahibkarlığın ali təhsil strategiyasına inteqrasiyası”, “Postsovet dövründə: Polşa və Estoniyada ali təhsildə sahibkarlıq”, “Sahibkarlıq kurrikulumunun inkişafı: Avropanın ən yaxşı təcrübələri”, “İnnovasiyaların komersiyalaşdırılması: sahibkarlıq fəaliyyətlərində universitetlərin üçüncü missiyası” mövzularında təqdimatlar edərək panel müzakirələrini həyata keçirdilər. Tədbirin sonunda sual-cavab sessiyası baş tutdu.