Keçmiş ATƏT-nin Minsk Qrupunun həmsədri kimi Fransa hər zaman Ermənistanın işğalçı mahiyyətinə dəstək verib və onun mövqeyini müdafiı edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində məhz Fransa kimi ikili standartlardan çıxış edən ölkələrin siyasəti nəticəsində heç bir müsbət irəliləyişə nail olunmadı. Fransa həmin dövrdə qəbuledilməz status-kvo vəziyyətinin saxlanılmasında maraqlı idi. Çünki erməni lobbisinin əlində oyuncaq olan Fransa hər zaman Azərbaycanın haqlı mövqeyini görməzdən gəlib. İşğala məruz qalanla, işğalçıya eyni prizmadan yanaşan Fransa Ermənistanın təcavüzkar mövqeyini dəstəkləyib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, II Qarabağ müharibəsi ilə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü təmin olunub: “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmasını tələb edən BMT Qətnamələrini ölkəmiz təkbaşına icra edib. Fakt odur ki, Fransa 44 günlük Vətən müharibəsində də Azərbaycana qarşı qərəzli xarakterindən əl çəkməyib. Ölkəmizə qarşı BMT Təhlükəsizlik Şurasında bədnam qərarların qəbul edilməsinə cəhd edib. Sözsüz ki, Azərbaycanın düzgün xarici siyasət xətti, dost və tərəfdaşlarının iradəsi ilə Fransanın bu “niyyəti” baş tutmayıb”.
Deputat bildirib ki, Fransa post-konflikt dövründə də Ermənistanın əsassız iddialarına dəstək verməkdə davam edib: “Fransa prezidenti Emmanuel Makron başda olmaqla, Fransa mətbuatı Ermənistanın əsassız iddialarının təminatı üçün dəridən-qabıqdan çıxır. Bu sırada Fransa mətbuatı da sanki Ermənistanın absurd yalanları üçün tribunaya çevrilib. Hər zaman həqiqətdən uzaq materiallarla bölgədəki vəziyyətin əksinə yazılar dərc edən Fransa mətbuatı Makronun yalan iddialarının ruporu rolunda çıxış edir”.
Millət vəkilinə görə, erməni lobbisinin əlində oyuncaq olan Fransa hakimiyyəti və mediası özünün nə dərəcədə cılız duruma düşdüyünün fərqində deyil: “Laçın sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suveren ərazisi daxilində qurulub. Beynəlxalq Ədalət Məhkəməsi və BMT Təhlükəsizlik Şurasının son iclasında bu məsələ bir daha aydın şəkildə bəyan edilib. Amma erməni lobbisindən alınan qonorarlar fonunda Fransa mediası yalan və əsassız məlumatları tirajlamaqla davam edib. Ermənistanın ucuz təbliğatının, “blokada” və “hümanitar” böhran vəziyyəti ilə bağlı uydurma xəbərlərin yer aldığı Fransanın “Le Monde” qəzeti Makronun tapşırıq və tövsiyyələrinə uyğun fəaliyyət göstərir. Fakt odur ki, qəzet qərəzli materialları ilə həqiqətdən uzaq yanaşmaları tirajlayır. “Le Monde” qəzeti əslində bu gün ermənilərin ucuz təbliğatı üçün rupora çevrilib. Bu yanaşmalar Fransa və onun satılmış media quruluşlarının siyasi riyakarlığının ifadəsidir. “Le Monde” qəzeti Azərbaycanın ərazisinin bütün beynəlxalq təşkilatlar tərəfindən tanındığını və Laçın sərhəd-buraxılış məntəqəsinin onun suveren ərazisində qurulduğunu nədənsə qeyd etmək istəmir. Çünki erməni lobbisindən verilən qonorar və təlimat bunu tələb edir. Bu isə ikili yanaşma və siyasi riyakarlığın bariz nümunəsidir”.