AQSİA İH Sədri və Türkdilli dövlətlərin Ticarət və Sənayə Palatasının Qadın Sahibkarlar Komitəsinin rəhbəri Səkinə Babayeva Türkiyə Ticarət və Sənaye Palataları Birliyi və Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) ev sahibliyi ilə keçirilən Türk Dünyası İş Forumunda iştirak edib.
Siyasətinfo xəbər verir ki, Forumda Ticarət naziri Ömər Bolat, Türkiyə Ticarət və Sənaye Palataları Birliyinin sədri və TOBB sədri M.Rifat Hisarcıklıoğlu, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ve devlet nümayendeleri çıxış edib.
Forumu açan Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Rıfat Hısarcıklıoğlu görülən işlər, Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı öz fikirlərini bölüşüb. Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edib. Konfederasiya prezidenti, əsası 3 oktyabr 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində qoyulan Türk Dövlətləri Təşkilatının yaradılmasından 14 ilə yaxın vaxt ötdüyünü və Təşkilatın inkişafında qardaş ölkələrlə birlikdə dövlətimizin, xüsusilə dövlətimizin başçısı cənab İlham Əliyevin böyük rolu olduğunu vurğulayıb. O bildirib: Türk dövlətlərinin siyasi birliyi iqtisadi münasibətlərin güclü inkişafını və inteqrasiyanın dərinləşməsini tələb edirdi və təşkilata üzv ölkələrin sahibkarlarının da bir vahid platforma altında birləşməsini şərtləndirirdi. Məhz Türkiyə Odalar və Borsalar Birliyinin xüsusi səyləri nəticəsində Türk Dövlətləri Təşkilatı nəzdində Türk Ticarət və Sənaye Palatası yaradıldı və Palatanın yaradılmasında Azərbaycan Sahibkarlar Konfederasiyası da önəmli yer alaraq, üzv olmaqla Palatanın gələcək inkişafına öz töhfəsini verdi.
Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Elnur Əliyev TDT-yə üzv ölkələrin ticarət və investisiyalar, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji kimi sahələrdə tərəfdaşlığın dərinləşdirməsi üçün böyük potensialın mövcud olduğunu bildirib.
Eyni zamanda AQSİA heyəti Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İqtisadiyyat və Ticarət nazirlərinin görüşü və Türk Dünyası Biznes Forumunda iştirak edib.
Tədbirə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Ticarət və Sənaye Palataları Birliyinin üzvləri, Türk Dünyasının iş adamları və AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva bir qrup sahibkar qadın qatılıb.
Qeyd edək ki, AQSİA əməkdaşlıq etdiyi Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən 14 ilə yaxın müddətdə Türkdilli dövlətlərin sahibkarları arasında birgə əməkdaşlığın yaranması üçün əvəzsiz işlər görülüb. 2021-ci ildən etibarən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva Türkdilli ölkələrin qadın sahibkarlarını bir araya gətirmək məqsədilə Türkdilli dövlətlərin Ticarət və Sənayə Palatasının Qadın Sahibkarlar Komitəsinin rəhbəri seçilib və hal-hazırda da həmin vəzifəyə rəhbərlik edir.
AQSİA İdarə Heyəti sədri Səkinə Babayeva bir çox türkdilli dövlətin biznes nümayəndəsi ilə B2B görüşlərə və türkdilli dövlətlərin qadın sahibkarlarının birgə inkişafı üçün bir sıra müzakirələr qatılıb.