Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu görüşdə fəxri qonaq kimi iştirak edib. Sözsüz ki, Prezident İlham Əliyevin bu Zirvə görüşündə iştirakı tədbirin əhəmiyyətini daha da gücləndirib. Ölkəmizin başçısı Zirvə görüşündə geniş məzmunlu çıxışı isə daha böyük marağa səbəb olub. Dövlətimizin başçısı çıxışında bildirib ki, “30 ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq. Bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.” Məhz bu görüşdə belə bir vacib məqamın vurğulanması Azətbaycanın Mərkəzi Asiya ölkələri ilə ayrılmaz əlaqələrə malik olduğunu bütün dünyaya bəyan etmiş oldu.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanda əldə olunmuş uğurları qeyd edərək sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələrin həyata keçirildiyini bildirib: “Son illər Mərkəzi Asiyadan olan şirkətlər Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonası ilə çox maraqlanır. Sözsüz ki, müasir standartlara cavab verən Şərq-Qərb marşrutu ilə yükdaşımalar beynəlxalq səviyyəli yükdaşıma şirkətləri üçün cəlbedicidir. Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır. Mübaliğəsiz deməliyik ki, Azərbaycanın bu Zirvədə iştirakı və bu təşkilatla əməkdaşlığı Mərkəzi Asiya Dövlətləri arasında həm çoxtərəfli və həm də ikitərəfli əməkdaşlığı, onun səmərəsini gücləndirib. Regionun lider dövləti kimi Azərbaycanın yürütdüyü xarici siyasətdə beynəlxalq təşkilatlar, regional güclər, super dövlətlərlə münasibətlərin ən yüksək səviyyədə və balanslaşdırılmış qurulması hər zaman prioritet olub. Məhz bu kontekstdə Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət və diplomatiya ölkəmizin tam milli maraqlarının təmin edilməsinə yönəlib”.
Millət vəkili bildirib ki, dövlətimizin başçısı da çıxışında Azərbaycanın son illərdəki xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa nə qədər böyük önəm verdildiyindən bəhs edib: “Bu münasibətlər ildən-ilə daha da möhkəmlənir və bütün sahələri əhatə edir. Sözsüz ki, bu əməkdaşlığın çox sürətlə inkişafının da təməlində ciddi tarixi siyasi əsaslar var. Ölkəmizin başçısı Azərbaycanla Mərkəzi Asiya ölkələrini çoxəsrlik qardaşlıq münasibətləri, ortaq mədəni köklər, sovetlər dönəmində yaranmış iqtisadi əlaqələr, dövlətlərarası münasibətlər möhkəm bünövrə yaratdığını vurğulayıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Mərkəzi Asiya ölkələr ilə həm ikitərəfli, həm çoxtərəfli formatda qarşılıqlı münasibətlər qurub, iqtisadi əlaqələr fəal şəkildə inkişaf etdirilib. Bu proses geopolitik baxımdan da xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Tacikistanın paytaxtı Düşənbədə keçirilən 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakının münasibətlərin gələcək inkişafı baxımdan müstəsna əhəmiyyəti vardır. Qeyd olunduğu kimi Dövlətimizin Başçısı Məşvərət Şurasının işində ilk dəfə idi ki, iştirak edirdi. Bun baxmayaraq regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına böyük töhfə verəcəyi şübhəsizdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Orta Asiya ölkələri arasında iqtisadi-siyasi münasibətlərin bugünkü geopolitik durumda əhəmiyyətini artıran məqam nəqliyyat və logistika sahəsidir. Artıq hər kəs qəbul edir ki, tarixi İpək Yolu olaraq Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Eyni zamanda Avropadan Asiyaya da tranzitin iqtisadi əhəmiyyəti yüksəkdir. Ölkəmizin başçısı bir daha bildirdi ki, Mərkəzi Asiya ölkələri üçün Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu açıqdır”.
Deputat əminliyini ifadə edib ki, Prezident İlham Əliyevin Tacikistan səfəri və Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Azərbaycanın bir daha beynəlxalq aləmdə böyük nüfuzunun göstəricisidir: “Müasir dünyanın siyasi düzəni iqtisadi maraqlarla tənzimlənir. Avrasiya qitəsində bütün logistik layihələrdə Azərbaycan və Mərkəzi Asiya mühüm strateji əhəmiyyət kəsb edir. Bu isə Avrasiya məkanında bütün iqtisadi layihələrdə Azərbaycanın əvəzolunmaz bir ölkə olduğunu bir daha təsdiq edir. Məhz ölkəmizin başçısının müasir çağırışlara cavab verən uğurlu xarici iqtisadi siyasət kursu Azərbaycanın təkcə regionda deyil, bütövlükdə dünyada böyük nüfuza malik olduğunu göstərir”.