44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan təkcə regionda deyil, həm də daha geniş coğrafiyada yeni reallıqların formalaşmasında mühüm rol oynayan bir aktora çevrilib. Son üç ildə baş verən geosiyasi proseslər fonunda ölkəmizin bütün dünyada nüfuzu daha da artmış, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq gücə çevrilib. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı da durmadan artır. Ötən müddət ərzində bir çox beynəlxalq layihələrin həyata keçirilməsi, mühüm tədbirlərin təşkili prosesində də Azərbaycana göstərilən maraq bunu bir daha təsdiq edir. Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə – Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Ərəb Dövlətləri Liqasının 6-cı Zirvə toplantısının plenar iclasına Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə, Avropa Siyasi Birliyinin sammitinə xüsusi qonaq qismində dəvət olunması ölkənin artan beynəlxalq nüfuzunun əyani sübutudur.
Bunu Siyasətinfoya Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Tacikistanda keçirilən Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət Görüşünə fəxri qonaq qismində dəvət olunması da bu önəmli dəvətlər sırasında xüsusi yer tutur: “İlk dəfədir ki, bu regiona daxil olmayan ölkənin rəhbəri belə bir mühüm görüşdə iştirak edir. Bu, Azərbaycan dövləti başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi sahəsində verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin nəticəsidir. Bunu Məşvərət Görüşünün iştirakçılarının çıxışlarından aydın görə bilərik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxışında xüsusilə vurğuladı ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət Görüşündə iştirakı xalqlarımızın çoxəsrlik dostluq tellərinin və qarşılıqlı anlaşmanın hərtərəfli möhkəmləndirmək üçün səmimi istəyindən xəbər verir. Özbəkistan prezidenti Şavkat Mirziyoyev isə bildirdi ki, dövlətimizin başçısının bugünkü tədbirdə iştirakı Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyəsinin təsdiqidir”.
Professor bildirib ki, bu amil Azərbaycanın həyat keçirdiyi siyasətin real nəticəsi, onun təkcə Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiyada getdikcə artan rolunun etirafı idi: “Rusiya-Ukrayna müharibəsinin böyük təsiri fonunda dünyada baş verən mürəkkəb və dinamik geosiyasi hadisələr beynəlxalq sistemdə dəyişiklik etməyə məcbur edir, təhlükəsizlik riskləri getdikcə ön plana çıxır və bu dövlətlərarası münasibətlərdə siyasi əlaqələrin qarşılıqlı etimad çərçivəsində inkişaf etdirilməsini tələb edir. Azərbaycan uzun müddətdir ki, özünü etibarlı tərəfdaş kimi, müstəqil xarici siyasət yürüdən uğurlu, iqtisadi cəhətdən qüdrətli dövlət kimi təsdiqləyib. Məhz buna görə də həm Avropada, həm də Mərkəzi Asiya ölkələrində Azərbaycana maraq və hörmət var. Bu mənada birləşdirici faktor kimi Azərbaycanın böyük rolu vardır. Prezident İlham Əliyev artıq bir sıra irimiqyaslı layihələrin təşəbbüskarı və icraçısı olan qlobal siyasi xadimdir ki, onların bəhrəsini həm ölkəmiz, həm də bu layihələrə qoşulan bütün dövlətlər görür. Tacikistanın paytaxtında keçirilən görüşlərin gündəliyinə siyasi qarşılıqlı fəaliyyətin gücləndirilməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi, humanitar əlaqələrin dərinləşdirilməsi, regional və ekoloji təhlükəsizliyə çağırış və təhdidlərə birgə cavab verilməsi məqsədilə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri, regional və beynəlxalq problemlər daxil edilmiş və bu məsələlərlə bağlı fikir mübadiləsi aparılıb”.
Deputat 5-ci Yubiley Məşvərət Görüşünün yekunlarına əsasən bir sıra mühüm sənədlərin qəbulunu və bunlardan da başlıcası Mərkəzi Asiya dövlət başçılarının Birgə Bəyanatının əhəmiyyətinə toxunub: “Bu baxımdan Azərbaycan Prezidentinin regiondan kənarda sammitdə iştirak edən ilk dövlət başçısı olması əlamətdardır. Azərbaycanın xarici siyasətində türk dünyası və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Dövlətimizin başçısı çıxışında Mərkəzi Asiya ölkələri ilə dostluq və əməkdaşlıq məsələsinə bir daha toxunaraq bildirdi ki, “30 ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstəririk. Bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirməkdəyik”. Son bir ildə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri diqqətəlayiq hadisədir. Sovet ittifaqı dağıldıqdan sonra Azərbaycan bu regionun dövlətləri ilə sıx əlaqələr qurdu. Bu əlaqələrin daha da inkişaf etdirilməsi təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, bütün türk dünyası üçün vacibdir. Prezident İlham Əliyev vurğuladı ki, “Mərkəzi Asiya və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı artan, dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni coğrafi regiondur”. Bu isə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafı üçün yaxşı perspektivlər vəd edir. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verən Azərbaycan mühüm tranzit ölkəsi və Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaş kimi təsdiqləyib. Şərqlə Qərb arasında mühüm tranzit ölkəyə çevrilmiş Avropanın etibarlı enerji təchizatçısı kimi Azərbaycanın əhəmiyyəti daha da artıb”.
Millət vəkili hesab edir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarlarına gedən yolda etibarlı tranzit ölkədir: “Bunu Prezident İlham Əliyev Tacikistanda Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət Görüşündə çıxışı zamanı bir daha iştirakçıların diqqətinə çatdırdı. Dövlət başçısı əks istiqamətdə tranzitin vacibliyini də qeyd edib: “Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat və logistika infrastrukturu onların üzünə açıqdır”. Ölkəmizin başçısı həmçinin qeyd etdi ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarət və investisiyaların artmasıdır: “Bu iki sahədə göstəricilər sabit artım nümayiş etdirir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Bu ilin 7 ayı ərzində artım daha 50 faiz olub. Artıq birgə investisiya fondları yaradılıb və növbəti 3 ildə 1 milyard dollardan çox qarşılıqlı investisiyaların həcmi razılaşdırılıb. Biz artıq sənaye kooperasiyası, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma və kənd təsərrüfatı, yəni pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində bir çox layihələr həyata keçiririk. Mehmanxana biznesi və turizm sahəsində investisiya layihələri həyata keçirilməsinin ilkin mərhələsindədir. Azərbaycanda bu yaxınlarda yaradılmış Ələt Azad İqtisadi Zonasına Mərkəzi Asiyadan olan şirkətlərin marağını görürük”.
Komitə sədri dövlətimizin başçısı tərəfindən Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin diqqətinə Azərbaycanın Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatını ödəmək üçün Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinə xüsusi önəminin vurğulandığını söyləyib: “Gələn il bu yolda yük axınının 1 milyon tondan 5 milyon tona çatdırılacağını deyən Azərbaycan Prezidenti bununla paralel olaraq Bakı ticarət limanının imkanlarının da bugünkü 15 milyon tondan 25 milyon tona qədər genişləndiyini vurğulayıb. Eyni zamanda ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsinin olduğunu da bildirilib. Bütün bunlar ölkəmizin dünyada artan rolundan xəbər verir. Bu gün Azərbaycan təkcə regionda deyil, həm də dünyada hörmət və nüfuz sahibidir. Prezident İlham Əliyevin siyasi iradəsi, müdrikliyi, uzaqgörənliyi sayəsində Azərbaycan öz mühüm strateji hədəflərinə doğru addım-addım irəliləyir. Bu hədəflər isə birlikdən, dostluqdan, qarşılıqlı fayda verən əməkdaşlıqdan keçir”.