
2021-ci il sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdi idi. Sentyabrın 13-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirdi. Müzəffər Ali Baş Komandan yaranmış gərginliyin məsuliyyətinin tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşdüyü bildirdi. 44 günlük müharibədən sonrakı dövrdə Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya apararaq sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyə yenidən təhdid yaradırdı. Bunun nəticəsi olaraq Eremənistan 2020-ci il 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırırdı.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, II Qarabağ müharibəsindən sonra Ermənistanda revanşist ab-hava qızışdırılır, yenidən “torpaqların qaytarılması”, “Qarabağın müstəqilliyinin təmin edilməsi” və s kimi iddialar süni şəkildə stimullaşdırılırdı: “Ermənistan hakimiyyəti ordunu bərpa etmək, müxtəlif ölkələrdən silah alınması və ordunun təchizat məsələlərinin həlli istiqamətində iş aparırdı. Paralel olaraq Qarabağa hərbçilər və silah göndərilirdi, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Bu məqsədlə Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaratmağa, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırmağa çalışırdı. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ildə Vladivostokda keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi. Əslində bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu idi. Bütün bunlar göstərdi ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır və bunun üçün siyasi, hərbi, informasiya zəmini yaradır. Çünki Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə oldu və daxil təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün növbəti hərbi-siyasi avantüraya başlanıldı”.
Millət vəkili bildirib ki, Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib, həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib: “Ölkəmiz Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağını xəbərdar etmişdi. Faktiki olaraq 2021-ci ilin sentyabrın 12-13-də baş verən hadisələr 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Məhz Ermənistanın növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq. Bu baxımdan da 2021-ci ilin sentyabr döyüşlərində Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanln təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü”.

Məlahət İbrahimqızı vurğulayıb ki, sentyabr döyüşləri ilə Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağı bir daha aydın göründü: “Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Sözsüz ki, Ermənistanın son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlara imkan verməmək üçün qurban verdilər. Onlar öz qəhrəmanlığını, igidliyini, şücaətini bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdilər. Azərbaycan əsgəri bir daha göstərdi ki, Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətindədir”.