Azərbaycan ərazilərini uzun 10 illiklər işğalda saxlayan təcavüzkar Ermənistan bununla yanaşı təxribatlardan da əl çəkmirdi. Beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı çıxarmış qərar və qətnamələrinə məhəl qoymayan işğalçı Ermənistan özünün təcavüzkar mahiyyətindən imtina etmirdi. Ermənistanın işğal faktı ilə heç vaxt barışmayacağını bütün beynəlxalq plaformalarda qəti şəkildə bildirən, bununla bağlı sərt mövqe ortaya qoyan Azərbaycan dövləti münaqişənin dinc yolla başa çatmasını, ərazilərimizin boşaldılmasını tələb edirdi. Hər zaman sülhün, sabitliyin tərəfdarı olan Azərbaycan Ermənistanın işğal faktına baxmayaraq sona qədər özünün sülh müstəvisində konseptual mövqeyindən imtina etmirdi. Sözsüz ki, Azərbaycan dövləti özünün pozulmuş, beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü nəyin bahasına olur-olsun bərpa edəcəyini bəyan etmişdi. Məhz Ermənistana törətdiyi təxribatlara cavab olaraq keçmiş cəbhə xəttində verilən dərslər də buna hesablanmışdı ki, sülh yolu ilə münaqişə həll edilməsə ölkəmiz özünün hərbi gücünə arxalanaraq ərazilərini işğaldan azad edəcək. 2016-ci ilin aprelində erməni təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi 4 günlük döyüş əməliyyatları da düşmənə verilən növbəti mesaj idi.
Bunu Siyasetinfoya Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, bu mənada müasir hərb tariximizdə Aprel döyüşlərinin xüsusi yeri var: “4 günlük Aprel döyüşləri 1994-cü ilin Horadiz Əməliyyatından sonra Azərbaycan Ordusunun Qarabağda işğalçı Ermənistana qarşı həyata keçirdiyi ən böyük və təsirli əks-hücum əməliyyatı idi. Azərbaycan ərazilərini işğalda saxlamaqla təcavüzkar Ermənistan təxribatlardan da əl çəkmirdi. 2016-cı ilin aprelində baş vermiş 4 günlük döyüş əməliyyatı da məhz Ermənistanın təxribatlarına cavab olaraq başladı. Aprel döyüşlərində qədər öz ordusu haqqında “miflər” formalaşdıran, “keçilməz sədlər” yaradan Ermənistanın bu tabuları darmadağın oldu. Güclü Azərbaycan Ordusu Ermənistanın bu sədrlərini aşıb keçdi. Ermənistan ordusu güclü Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilmədi və qaçmağa məcbur oldu.
Professor hesab edir ki, Aprel döyüşlərində əldə edilən qələbə Azərbaycan xalqının inamını və ümidlərini özünə qaytarmaqla yanaşı, düşmənin illərdir formalaşdırdığı guya “məğlubedilməz erməni ordusu” mifini də yerlə yeksan etdi və böyük qələbənin başlanğıcı oldu: “Azərbaycan Ordusu şanlı Aprel qələbəsi nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə Ordumuz tam nəzarəti ələ aldı. Ordumuzun Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın hərbi-siyasi rəhbərliyinin içərisində dərin çatların əmələ gəlməsinə gətirib çıxardı. Aprel döyüşlərində qazanılmış hərbi-siyasi qələbənin təsirlərini bu gün də Ermənistanda müşahidə etmək mümkün olur”.
Millət vəkili bildirib ki, 2016-cı ilin Aprel qələbəsi, Azərbaycan Ordusunun, əsgər və zabitlərinin döyüş ruhunu təzahür etdirdi: “Azərbaycan xalqının mübarizə əzminin güclü olduğunu sübut etdi. Ölkəmizdə milli birliyin sarsılmazlığını, düşmənə qarşı vahid mövqenin ortaya qoyulmasını şərtləndirdi. Eyni zamanda Aprel döyüşləri nəticəsində Ermənistanın işğal siyasəti bir daha bütün dünyaya nümayiş olundu. Bütün bunların fonunda Azərbaycanın işğal faktı ilə barışmadığını, gec, ya da tez bu təcavüzə istənilən yolla son qoymaq iqtidarını qətiləşdirdi. Lələ Təpədən ucalan şanlı Bayrağımız sonrakı Zəfər yürüşümüz üçün dayaq nöqtəsi oldu”.
Eldar Quliyev vurğulayıb ki, II Qarabağ müharibəsində Azərbaycan Ordusu 44 gündə Ermənistana tarixdə heç vaxt unutmayacağı bir dərs verdi: “90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış xaosdan istifadə edərək ərazilərimizi işğal edən Ermənistan 2020-ci ilin 27-i sentyabrından başlayan Zəfər Yürüşü ilə döyüş meydanında Azərbaycan xalqına qarşı törətmiş olduğu bütün hərbi cinayətlərə görə cavab verməli oldu. İşğalçı hərb meydanında darmadağın oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz şanlı bayrağımızı tarixi Şuşa qalasında qələbə münasibəti ilə dalğalandırdı. Təcavüzkar 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atmaqla Azərbaycanın qələbəsini qəbul etdi. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü dərpa edildi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal anti-terror tədbirləri nəticəsində isə ərazilərimizdə uzun on illiklər kök salmış separatizm yuvası darmadağın edildi. Bütün ölkə ərazisi üzərində konstitusiya quruluşu bərqərar edildi. Xankəndidə, Şuşada, Xocalıda, Ağdərədə və digər ərazilərimizdə bu gün gün şanlı üçrəngli bayrağımız qürurla dalğalanır. Beləliklə, Lələtəpədən başlanan Zəfər yürüşümüz tarixi Şuşa qalasında, Xankəndidə şanlı qələbəmizlə başa çatdı. Bu Azərbaycan tarixinin ən şanlı və qürurlu tarixidir. Torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizə Allah rəhmət etsin. Qazilərimizə, igidlərimizə can sağlığı arzulayırıq. Azərbaycan xalqı məhz bu qəhrəmanların canı, qanı hesabına bu gün qalib, baş dik və xoşbəxt yaşayır”.
Tapdıq Qurbanlı