
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 8 noyabrda Xankəndidə Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ili ilə bağlı hərbi paradı qəbul etməsi mühüm tarixi hadisə idi. 27-i senytyabr 2020–ci ildə başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Tarixi Şuşa şəhərinin erməni işğalından azad edilməsi ilə düşmən sarsıldı və bir gün sonra döyüşdə məğlub olduğunu əks etdirən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Milli həmrəylik nəticəsində Azərbaycan xalqı 30 illik işğala son qoydu və tarixi zəfərə nail olub. Azərbaycan xalqı və dövlətimiz 30 ilə yaxın bu tarixi anları hər bir addımda yaxınlaşdırırdı. Cənab Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi Azərbaycan bütün sahələrdə olduğu kimi döyüş meydanında da uğur qazandı. Sözü və əməli bir olan cənab Prezident İlham Əliyev Azərbaycan xalqının bütün ümidlərini reallığa çevirdi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovub çıxardı: “Prezident İlham Əliyevin də vurğuladığı kimi “bu böyük tarixi hadisədir və Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmayıb”. 44 gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edən Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq, sücayət göstərdi. 44 gündə hər gün böyük zəfərlərə imza atan qalib Ordumuz torpaqlarımızı bir-bir işğaldan azad edirdi. Şuşa əməliyyatı və bu tarixi şəhərin azad edilməsi isə dünya hərb salnaməsində xüsusi yer tutur”.
Deputat bildirib ki, Azərbaycan əsgəri qarşısında duruş gətirə bilməyən erməni əsgəri ancaq qaçaraq fərarilik edirdi: “Əyilməz döyüş ruhuna sahib olan Azərbaycan Ordusunda isə 44 günlük müharibədə bir nəfər hərbçi belə döyüş meydanını tərk etməyib. Sözsüz ki, II Qarabağ müharibəsinin başlaması Ermənistanın işğalçı mahiyyəti nəticəsində baş verdi. Çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Zaman keçdikcə sülhlə bağlı ümidlər tükənir, hətta Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olan vasitəçilər vəziyyəti dondurmağa çalışırdı. Düşünürdülər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Təbii ki, yanılırdılar. Azərbaycan xalqı və dövləti heç vaxt işağl faktı ilə barışmayacağını dəfələrlə bəyan etmişdi. Amma bunun fonunda Azərbaycan sülhə ümid edir, dinc vasitələrlə münaqişənin başa çatacağına və torpaqlarımızın geri qayıdacağına inanırdı. Əgər Ermənistan və onun havadarları reallığı vaxtında dəyərləndirib Azərbaycan torpaqlarını geri qaytarsa idi, sözsüz ki, II Qarabağ müharibəsi də başlamayacaqdı. Müharibə dövründə yəni, 44 gün ərzində Azərbaycana müxtəlif yerlərdən, paytaxtlardan təzyiqlər göstərilirdi, təhdidlər səsləndirilirdi ki, bu da Ermənistanın işğal siyasətinə “haqq” qazandırmaq istəyənlərin mövqeyi ilə bağlı idi”.
Millət vəkili vurğulayıb ki, 10 noyabr 2020-ci ildə müharibənin dayandırılmasından sonra Ağdam, Kəlbəcər və Laçın rayonları heç bir güllə atılmadan Azərbaycana qaytarıldı: “Ermənistanın kapitulyasiya aktında bu məsələ öz əksini tapmışdı. Ona görə də, Ermənistan bu şərtləri yerinə yetirməyə məcbur oldu. Döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görən Ermənistan öhdəliklərdən boyun qaçıra bilməzdi. Təbii ki, Azərbaycan müharibədən sonra da qarşısına qoyduğu hədəflərə ardıcıllıqla nail olur. Bu xüsusda Ordu quruculuğunun müharibədən sonra da davam etdirilməsini qeyd etmək olar. Müharibədən sonra həyata keçirilmiş bir neçə hərbi əməliyyat bunu təsdiq edir. Bu həmçinin Ermənistana göndərilmiş mesaj idi ki, onlar öhdəlikləri icra etsin. Amma rəsmi İrəvan bu reallığı düzgün dəyərləndirmədi və nəticədə sentyabrdakı antiterror tədbirləri başladıldı. Məhz sentyabr ayında keçirilmiş antiterror tədbiri ilə Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək separatçıları, qanunsuz erməni silahlılarını təslim etdi. Torpaqlarımızda ermənilərin yaratdıqları qondarma rejim arxivə göndərildi. Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Bütün ölkə ərazisində konstitusiya quruluşu bərqərar oldu. 8 Noyabr 2020-ci ildə Ermənistan ordusu məğlub olmuşdusa, bu il aprelin 23-də Azərbaycan-Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz bərpa edilmişdi. 2023-cü ilin sentyabrın 20-də isə dövlət suverenliyi, ölkə ərazisində konstitusiya quruluşu bərqərar olundu. Bu uğurlar heç də qısa zamanda təmin edilməyib. Son 20 ildə Azərbaycan xalqı bu tarixi uğurlara doğru gedir, ölkədə ordu qurucluğu, Silahlı Qüvvələrin ən müasir silah-sursatla təchizatı ilə bağlı ciddi addımlar atılırdı. Eyni zamanda ölkədə vətənpərvər bir gənclik formalaşmışdı”.
Məlahət İbrahimqızı oktyabrın 15-də Müzəffər Ali Baş Komandan tərəfindən Ağdərə, Əsgəran, Xocavənd, Xocalı və Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasının tarixi hadisə olduğunu bildirib: “Xankəndidən Azərbaycan dövlətinə və xalqına qarşı hədə-qorxu gələnlər layiqli cəzasını aldı və separatizmə son qoyuldu. Qarabağ Azərbaycandır! prinsipi təsdiqini tapdı. Məhz Xankəndidə Müzəffər Ali Baş Komandanın Zəfər günü ilə bağlı qəbul etdiyi parad və vermiş olduğu mesaj bir çoxları üçün açıq xəbərdarlıq oldu”.