Məktəbli formalarının keyfiyyəti və dizaynı ilə bağlı yanaşmalar birmənalı deyil. Formaların keyfiyyəti və qiyməti, parça və rəng seçimi ilə bağlı fərqli fikirlər var. Sözsüz ki, hər şeyin qaydasında olduğunu düşünənlər də mövcuddur. Bunun əksinə formaların məhz bu tərzdə və keyfiyyətdə hazırlanması ilə razılaşmayanlar da az deyil.
Bəs məktəbli formaları hazırlanarkən hansı standartlar və keyfiyyət göstəriciləri, rəng və dizayn seçimi olmalıdır?
Bunun bağlı Siyasətinfoya danışan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, iqtisadçı ekspert Səkinə Babayeva real şərtlər və tələblər üzərində qurulmuş prosesin olduğunu deyib.
O qeyd edib ki, indiki halda bazarın şərtləri var: “Eyni zamanda burada tələb və təklif məsələləri də mütləq hal kimi nəzərdən qaçmamalıdır. Faktiki olaraq ölkədə şagird sayını nəzərə alsaq məktəbli formalarının hazırlanması və satışını böyük bir bazarla müqayisə etmək olar. Təbii ki, məktəbli formaları hər yeni tədris ilinin başlanğıcında bir xeyli aktuallaşır. Amma bunun müqabilində məktəbli geyimlərinin keyfiyyəti ilə bağlı birmənalı olaraq müsbət fikir bildirmək olmaz. Burada qiymətlərlə bağlı da problemlər var. Çünki bir çox hallarda tələbi nəzərə alaraq qiymətlərin süni qaydada qaldırılması halları müşahidə edilir”.
Ekspert hesab edir ki, məktəbli formalarının hazırlanması, parça seçimi və dizayn məsələsi, eyni zamanda satışı ilə bağlı ciddi nəzarət mexanizmi mövcud olmalıdır: “Çünki bu geyimlərin keyfiyyətinin aşağı olması uşaqların səhhətinə mənfi təsir edir. Ona görə də, məktəbli formalarının satışı ilə məşğul olan iş adamları bu məsələdə daha diqqətli və məhsuliyyətli olmalıdır. Eyni zamanda məktəbli geyimləri özünün estetik görünüşünə görə, səliqəli və gőz oxşayan olsa daha yaxşı olar. Bu təbii ki, ilkin olaraq məktəblilərdə zövqün formalaşmasına da təsir edən başlıca amildir”.
Səkinə Babayevaya görə, keyfiyyətsiz parçalardan hazırlanan məktəbli formalarının istifadəsinə yol vermək olmaz: “Burada ucuz parça və onun hazırlanması şəraiti diqqətdə saxlanılmalıdır. Uşaqlar bizim gələcəyimiz olduğu üçün onların daha keyfiyyətli və gözəl dizayna malik məktəbli formaları geyinməsi vacibdir. Bu onların estetik zövqünün formalaşması ilə yanaşı, daha sağlam böyüməsi üçün başlıca faktordur”.