Fransanın davranışları anti-Azərbaycan mövqeyi artıq pik həddə çatıb. Bu ölkə ermənidən daha çox erməni olmaq üçün dəridən-qabıqdan çıxır. Fransa prezidenti Emmanuel Makron hazırda Nikol Paşinyanın vəzifəsini icra edirmiş durumdadır. Ölkəsinin problemləri boğaza çatdığı şəraitdə Makron ermənilər üçün canfəşanlıq edir. Bu da təbii ki, onun ermənilərlə genetik bağlılığı və digər amillərlə bağlıdır. Erməni lobbisinin yedəyində hakimiyyətə gələn Makron onların qarşısında konkret öhdəlik götürüb. Bu öhdəlik də Ermənistanın haqsız istəklərinə Avropa, dünya miqyasında olan dəstəkdən ibarətdir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Fransa keçmiş Minsk Qrupunun həmsədri olduğu müddətdə Azərbaycanla Ermənistan arasındakı münaqişə vəziyyətində bir addım da irəliyə doğru müsbət addım atılmadı: “Əslində Fransa münaqişənin dondurulmasına, status-kvonun saxlanılmasına, Ermənistanın işğal faktına haqq qazandırmağa çalışıb. Bu bir reallıqdır ki, özünün çirkli, qaranlıq keçmişə əsaslanan Fransa Ermənistanın azərbaycanlılara qarşı soyqırım siyasətinə göz yumub”.
Millət vəkili bildirib ki, II Qarabağ müharibəsində Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması da Ermənistanın işğal siyasətinə dəstək idi: “Sadəcə olaraq Azərbaycanın uğurlu xarici siyasəti, etibarlı dost və tərəfdaşlarının mövqeyi ilə üzləşən Fransa bu prosesdə irəliyə gedə bilmədi. Bu gün isə Fransa Qarabağda Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisində yaşayan ermənilərin “hüquqları” və təhlükəsizlikləri “adı altında manipulyasiya edir”.
Məlahət İbrahımqızı vurğulayıb ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini heçə sayaraq yardım adı altında etməyə çalışdığı təxribata növbəti dəfə Fransadan açıq dəstək var: “Amma sual olunur ki, görəsən Fransa öz ərazisində hansısa bir kənar dövlətin tırlarını buraxardı? Marseldə yaşayan ermənilər üçün kənardan yardım tırları Fransaya necə keçə bilərdi? Özlərinin ərazi bütövlüyü və suverenliyi barəsində prinsipiallıq göstərən dövlətlər Azərbaycanla bağlı da eyni yanaşmanı sərgiləməlidir. Sadəcə olaraq onlar unutmamalıdır ki, qarşılarında 90-cı illərdəki kimi zəif Azərbaycan yoxdur. İndi güclü, qalib Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini qorumağa qadirdir. Heç bir kənar güc və təsir bizi milli mənafeyimizlə bağlı məsələdə bir addım da olsa geri addım atmağa təsir göstərə bilməyəcək”.