II Qarabağ müharibəsindən sonra bölgədə daim sülh üçün münbit şərait formalaşıb. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin edib. Regionda separatizmə sarsıdıcı zərbə vurulub. Cənubi Qafqazda mövcud olan ölkələrin qarşılıqlı əməkdaşlığı üçün yol xəritəsi müəyyənləşib. Məhz Zəngəzur dəhlizinin açılması ilə yaranacaq canlanmadan bütün dölgə dövlətlərinin yararlanacağı, hər kəs üçün faydalı olacağı reallığı formalaşıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın Ermənistana təklif etdiyi 5 bəndlik sülh konsepsiyasında beynəlxalq hüququn norma və prinsipləri öz əksini tapıb: “Ölkəmiz ərazi bütövlüyü və suverenliyin qarşılıqlı olaraq tanınması fonunda əməkdaşlıq təklif edir. Bu uzun müddət özünün işğalçı mahiyyətinə görə, Azərbaycan ərazilərini 30 ilə yaxın öz nəzarətində saxlayan Ermənistanın blokadadan çıxması üçün daha faydalıdır. Sözsüz ki, başqa dölətin ərazi bütövlüyünə olan iddia, “dövlət yaratmaq” xülyası, özünü digər xalqlardan “üstün” tutmaq kimi yanlış yanaşmaları bir kənara qoyub, normal münasibətlər sərgiləyəcəyi şəraitdə Ermənistanın düşdüyü ağır istisadi durumdan yeganə çıxış yolu hesab edilir”.
Deputat bütün bunlara baxmayaraq Ermənistanın yenidən təxribatlara əl atmasının heç bir məntiqə uyğun olmadığını söyləyib: “Uzun on illiklər özləri haqqında uydurduqları əfsanələrin təsirindən xilas ola bilməyən erməni cəmiyyəti üçün bu xroniki hala çevrilib. II Qarabağ müharibəsində döyüş meydanında məğlub olan, kapitulyasiya aktına imza atan Ermənistanın yenidən təxribatlara əl atması bunun açıq təzahürüdür. Bu gün Azərtbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsində görülən işləri gözü götürməyən, qısa zamanda burada yaradılan şəraitə qısqanclıqla yanaşan dövlətlər və dairələr də təxribatlar üçün Ermənistana hər cür “dəstək” verməyə hazır olduqlarını nümayiş etdirirlər”.
Millət vəkili Laçın sərhəd-buraxılış məntəqəsinin Azərbaycan qanunlarına və beynəlxalq norma və prinsiplərə uyğun fəaliyyətinə diqqət çəkib: “Ermənistanın Qarabağda yaşayan ermənilər üçün “yardım tırları” adı altında sərhəddə göndərdiyi konvoy sadəcə olaraq növbəti dəfə diqqəti cəlb etmək, bölgədə münaqişənin hələ də bitmədiyini göstərmək üçün etmiş olduğu təxribat cəhdidir. Çox təəsüflər olsun ki, bu işdə özünü demokratik dəyərlərə, ərazi bütövlüyü və suverenlik məsələsində prinsipial göstərən dövlətlər, təşkilatlar da Ermənistana “qahmar” çıxır”.
Məlahət İbrahimqızı hesab edir ki, Ağdam-Xankəndi yolu Xankəndi və onun ətrafında yaşayan ermənilərə yardım və digər zəruri ləvazimatların çatdırılması üçün tam açıqdır: “Sadəcə olaraq erməni hikkəsi və məkri bu yoldan istifadəyə imkan vermir. Hələ də öz mövcudluğunu saxlayan qondarma, separatçı rejim bunu özləri üçün son hesab edir. Sözsüz ki. suveren Azərbaycan ərazisində heç bir qeyri-qanuni rejim və yaxud silahlı qüvvə ola bilməz. Onlar ərazimizdən çıxmalıdır və çıxacaqlar. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmada bu açıq şəkildə təsbit edilib. Amma buna baxmayaraq Ermənistan dövlət büdcəsindən maliyyələşən bu qondarma rejim Azərbaycana qarşı növbəti təxribatlara hazırlaşır. Son günlər Azərbaycan Müdafiə Nazirliyinin yaymış olduğu görüntülərdə qanunsuz erməni silahlılarının Ordumuzun mövqeləri ilə üzbəüz özləri üçün səngərlər qazdığı və silah-sursat tədarük etməsi faktları qeydə alınır. Təbii ki, istənilən təxribata qarşı güclü Azərbaycan Ordusu layiqli cavab verəcək. Bunu Ermənistan və ona havadarlıq edənlər bilməlidir. Erməni tərəfi əslində bu cür gərginlik və təxribatlar vasitəsi ilə mümkün sülh prosesini qeyri-müəyyən müddətə qədər uzatmağa, özü üçün “münbit” şəraitin yetişəcəyinə ümid edir. Amma qarşı tərəf unudur ki, bu gün bölgədə söz sahibi güclü Azərbaycandır. Azərbaycan-Türkiyə birliyi bu bölgədə sülhə və təhlükəsizliyə ən böyük qarantdır”.