Azərbaycan II Qarabağ müharibəsində olduğu kimi siyasi-diplomatik müstəvidə öz maraqlarını qorumağı bacarır. Ölkəmizin beynəlxalq miqyasda artan, güclənən mövqeyi, dost və tərəfdaşlarının verdiyi önəm bu müstəvidə mühüm önəm kəsb edir. Vətən müharibəsindən sonra Azərbaycan bölgədə daimi sülhün, təhlükəsizliyin təminatı üçün konseptual mövqe sərgiləyib. Bu ölkələrin ərazi bütövlüyü və suverenliyi əsasında qarşılıqlı maraqların qorunmasına əsaslanır. Amma buna baxmayaraq Ermənistan özünün işğalçı, başqa dövlətin daxili işlərinə qarışmaq, ərazi bütövlüyünə olan iddia kimi xroniki hal almış mənimsəmə siyasətindən qurtula, əl çəkə bilmir. Qarşı tərəf məhz bu kontekstdə özünün çirkin siyasətinə bir sıra beynəlxalq təşkilatları alət etməyə, özünün lobbi təşkilatları ilə buna nail olmağa çalışır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kompaniyası üçün istifadə etmək cəhdi baş tutmadı: “Erməni tərəfi bu cür manipulyasiya və istismar cəhdləri ilə ali orqanı öz çirkin niyyətinə alət etmək niyyətində idi. Amma erməni hiyləsi bu dəfə də keçmədi. Azərbaycanın etibarlı tərəfdaş kimi olan mövqeyi ali orqan tərəfindən də qəbul edilir. Ölkəmiz hər zaman qlobal çağırışlara anındaca reaksiya verən, öz mövqeyini ortaya qoyan dövlət kimi tanınır, qəbul edilir. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycan bütün beynəlxalq təşkilatlarda ən yüksək formada təmsil olunur. Məhz bu faktor beynəlxalq hüququn norma və prinsiplərə əsaslanan yanaşmaların təmin edilməsində başlıca zəmindir”.
Millət vəkili bildirib ki, Ermənistanın hümanitar məsələ ətrafında yaratmağa çalışdığı şouya dünyanın ali orqanı tərəfindən lazımı qiymət verildi: “Bu ölkə özünün yalan və böhtan konpaniyasına hər kəsi inandıracağını düşündüyü halda özünü çətin vəziyyətə saldı. Çünki erməni tərəfi unutmamalıdır ki, indi Azərbaycan 90-ci illərdəki kimi hərbi-siyasi, diplomatik müstəvidə zəif deyil. Bu gün Azərbaycanın etibarlı dostları, tərəfdaşları, qardaş Türkiyə kimi müttəfiqi var. Elə BMT tribunasından da Azərbaycanın haqlı maraqlarına və fundamental hüquqlarına qardaş Türkiyənin vermiş olduğu dəstək bunu bir daha təsdiqləmiş oldu. Məhz BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandı ki, regionda sülh, sabitlik suverenlik və ərazi bütövlüyünə əsaslanmalıdır”.
Deputat BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də qardaş Türkiyənin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar Ağdam-Xankəndi yolunun istifadəsinin bir daha gündəmdə olduğunu bildirdi: “Eyni zamanda Braziliyanın Azərbaycana olan dəstəyi, Qoşulmama Hərəkatı çərçivəsində iki ölkə arasında formalaşan sıx münasibətlər bu məsələdə özünü təsdiqləmiş oldu. Bu xüsusda dost Albaniyanının ölkəmizin haqlı mövqeyi ilə bağlı açıq dəstəyi də vurğulanmalıdır. Albaniya ilə Azərbaycan arasında bir sıra sahələrdə olduğu kimi enerji təhlükəsizliyi məsələsində olan ortaq mövqe bir-birinin maraqlarının müdafiəsi məsələsində də xarakterizə olunur. Məhz bu kontekstdə BMT-dəki müzakirələr Azərbaycanın “Ağdam-Xankəndi” yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını əyani təzahürüdür. Bu amil yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün əsas kimi önə çəkildi. Bununla yanaşı Ermənistanın yarattığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyü bir daha vurğulandı”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycan BMT TŞ-nın müzakirələrində bir daha Ermənistana iki ölkənin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında sülh konsepsiyasın sadiq olduğunu bəyan etdi: “Azərbaycan həmçinin bir daha Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərə Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquqlar verməyə hazır olduğunu bildirdi. Bu ölkəmizin tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğundur. Azərbaycan bütün hüquq və azadlıqları təmin etməklə Qarabağın erməni sakinləri ilə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparmağa hazırdır. Ölkəmiz bununla yanaşı normallaşma gündəliyinin irəli aparılmasında həqiqətən maraqlıdır. Azərbaycan bununla da regionda çoxdan gözlənilən sülh və sabitliyə nail olmaq üçün bütün tərəflərlə konstruktiv fəaliyyətə sadiq olduğunu bir daha nümayiş etdirdi”.
Qeyd edək ki, 16 avqustda Ermənistanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası keçirilib.