II Qarabağ müharibəsi zamanı və münaqişədən sonrakı dövrdə dövlət başçısının bəyanat və müraciətləri, nüfuzlu beynəlxalq məkanlarda çıxışları mühüm ismarıcların verilməsi ilə yadda qalıb. Eyni zamanda dövlətimizin başçısının nüfuzlu beyin mərkəzlərinin nümayəndələri ilə görüşləri, çoxsaylı müsahibələri, saatlarla davam edən mətbuat konfransları ölkəmizin informasiya strategiyasında mühüm addım hesab edilir. Prezident İlham Əliyevin Euronews telekanalına müsahibəsini də bu xüsusda qeyd etmək olar. Ölkə başçısı Euronews-ə müsahibəsində bir çox vacib mesajlar verib.
Bunu Siyasətinfoya Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Şuşada dünyanın nüfuzlu telekanalına müsahibəsi mühüm əhəmiyyət kəsb edir: “Şanlı Qələbəmizin tacı, möhtəşəm zəfəri, hər addımda şəhidlərimizin ruhu duyulan Şuşa şəhəri öz-özlüyündə bir tarixdir. Azərbayan, azərbaycanlılara məxsus bir tarixdir. Digər tərəfdən Prezidentin müsahibəsində arxa fonda dağılmış bina erməni vandalizminin bariz nümunəsidir. Bu isə bir daha Qarabağın, Şərqi Zəngəzurun kimə məxsus olduğu tam mənası ilə aydın göstərir. Heç kim özünə, xalqına, tarixinə mənsub olan heç nəyi dağıtmaz. Demək ki, bu yerlərin əsl sahibi Azərbacanlılardır. 44 günlük Vətən müharibəsindən dərhal sonra tikinti-quruculuq işlərinə başladı və qısa müddət ərzində beynəlxalq hava limanları, körpülər, tunellər, yollar çəkilir, sosial infrastruktur yaradılır. Ölkə başçısı da jurnalistin suallarına müsahibəsində sadə və başa düşülən cavab verdi. Bu müsahibədə dövlət başçısı Ermənistanın, Qarabağdakı xunta rejiminin və onların havadarlarının yalanlarını təkzibedilməz faktlarla, tutarlı sübutlarla ifşa edir və dünya ictimaiyyətinə regiondakı vəziyyət, Bakının sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində həyata keçirdiyi tədbirlərin səbəb və nəticələri barədə həqiqətləri çatdırdı”.
Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti müsahibəsində Ermənistanın hakimiyyət orqanlarına və vətəndaşlarına, Qarabağın erməni sakinlərinə də mühüm mesajlar ünvanlayıb: “Müsahibədə həmçinin regionda baş verən son hadisələrə və Avropada qəbul edilən rəvayətlərə, əsassız fikirlərə əsaslanan ənənəvi suallar verildi. Suallardan yalnız biri fərqli idi. Ölkəmizin başçısı da hətta ondan heç vaxt bu barədə soruşulmadığını qeyd etdi. Jurnalistin Azərbaycan rəhbərinin ermənilərə mesajının nə olacağı ilə bağlı sualına dövlətimizin başçısı Ermənistan cəmiyyətinə müraciəti, mühüm ismarışları, çağırışları ilə xarakterizə olundu. Azərbaycan Prezidenti bir daha açıq şəkildə bəyan etdi ki, “Hər şeyə baxmayaraq, bizim onların ölkəsinə heç bir ərazi iddiamız yoxdur, lakin oradan qovulmuş yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına qayıtmaq hüququ var. Ermənilər mövcud geosiyasi vəziyyəti və qüvvələr balansını aydın başa düşməlidirlər. Uzun illərdir ki, Ermənistan liderləri öz xalqını inandırır ki, onların dünyada ən güclü ordusu var, müharibə olarsa, Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda vuruşmayacaq, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu rəvayətlər tamamilə yalandır və təbliğatdan başqa bir şey deyildi. Vətən Müharibəsi bu mifi, Ermənistan dövlətinin, erməni diasporunun, onların havadarlarının bir çox ideoloji dayaqlarını da məhv etdi. Onlar başa düşdülər ki, müharibəni uduzdular və çox güman ki, bunun təsiri psixoloji cəhətdən onlar üçün çox ağrılı oldu. İndi biz sülh istəyirik deyəndə, sülh istədiyimiz üçün deyil, zəif olduğumuz üçün yox. Onlar bizim çox güclü olduğumuzu bilirlər. Biz istəyirik ki, sülh tarixin bu qara səhifəsini çevirsin. Biz nə bu gün, nə də gələcəkdə növbəti müharibə istəmirik”.
Komitə sədri vurğulayıb ki. Prezident İlham Əliyev müsahibəsində Ermənistan cəmiyyətinə beynəlxalq vasitəçilərin sülh təşəbbüslərinə və sülh müqaviləsinin imzalanmasına mane olmamağı tövsiyə etdi: “Erməni icmasına gəlincə, düşünürəm ki, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə proqnozlaşdırılmayan vəziyyət olacaq. Ona görə də, Azərbaycanın Qarabağ bğlgəsində yaşayan erməni azlığı Prezident İlham Əliyevi daha da diqqətlə dinləməlidir. Bu adamlar üçün Azərbaycan liderinin sözləri jurnalistin gözlənilmədən ondan xahiş etdiyi tövsiyələr deyil, konkret yol xəritəsi, fəaliyyət planı, ondan kənara çıxmaq ermənilər üçün xoşagəlməz ssenaridir.
Hicran Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin müsahibədəki suallara cavabları aydınlığı, açıqlığı və səmimiliyi ilə seçilir: “Beləliklə, revanşizm və separatizm siyasətinə güclü zərbələr endirən Prezident İlham Əliyevin yüksək peşəkarlıq strategiyası informasiya blokadasını yarıb, regional reallıqlarla bağlı həqiqətləri dünyaya çatdırmaqda davam edir. Dövlət başçısı açıq şəkildə bildirir ki, Azərbaycan regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında maraqlı olan bütün tərəflərlə konstruktiv əməkdaşlığa açıqdır. Digər tərəfdən, Azərbaycan lideri bir daha Ermənistan tərəfinin öz destruktiv mövqeyindən əl çəkməsi və mövcud reallıqlara münasibətinə yenidən baxmasının vacibliyinə diqqət çəkir”.