Ölkəmiz ikinci dəfə öz müstəqilliyini bərpa etdiyi 90-cı illərin əvəllərində hökm sürən hərcimərclikdən, xaosdan, hakimiyyətsizlikdən istifadə edən işğalçı Ermənistan Azərbaycan ərazilərini işğal etməyə başladı. Erməni terrorçuları tərəfindən həmin illərdə dinc azərbaycanlılara qarşı amansız divan tutuldu, soyqırım və insanlıq əleyhinə cinayətlər törədildi. 44 günlük Vətən müharibəsində isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu döyüş meydanında şəhidlərimizin, günahsız qurbanların qisasını alaraq tarixi ədaləti bərpa etdi. Qəhrəmanlarımız tərəfindən azərbaycanlılara qarşı amansız divan tutan erməni hərbi canilərinin bir qismi döyüş meydanında məhv edildi.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, vaxtilə azərbaycanlılara qarşı Xocalıda, Meşəlidə, Başlıbeldə, Malıbəylidə və digər ərazilərimizdə amansızcasına divan tutan erməni cəlladları və terrorçuları ilə bağlı Azərbaycan qanunlarına uyğun olaraq beynəlxalq axtarış elan edilib: “Fakt isə odur ki, Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etməklə bu canilərin gizlədir. Təbii ki, Ermənistanın bu davranışları onun müharibə cinayətlərini dəstəkləməsi beynəlxalq hüquqa ziddir”.
Deputat 29 iyul tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən terrorçu Vaqif Xaçatryanın Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılması qanuni əsaslara söykəndiyini deyib: “Azərbaycan tərəfindən atılan bütün bu addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib. Çünki BQXK tərəfindən də təsdiq edildiyi kimi, ötən ilin dekabr ayından etibarən BQXK vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb”.
Millət vəkili Ermənistan tərəfinin bu hərəkətləri terrorçunun açıq şəkildə müdafiə etməsi beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olmaqdan başqa bir anlam daşımadığını söyləyib: “Azərbaycan tərəfi ölkəmizin ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərə qarşı müvafiq cinayət işinin başladığını son 30 ildə dəfələrlə açıq şəkildə bəyan edib. Bu şəxslər barəsində beynəlxalq axtarışlar elan edilib. Ona görə də istintaq tədbirləri çərçivəsində, ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək”.
Qeyd edək ki, Vaqif Xaçatryan 29 iyul tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Xaçatryan 1991-ci ildə Meşəli kəndinə basqın edərək 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri yaralamış, 358 azərbaycanlını öz yurd-yuvasından didərgin salmış erməni silahlı cinayətkarları sırasında yer alır.