Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində çox mühüm mesajlar səsləndirilib. Ölkə başçısı bir daha Azərbaycanın açıq və qətiyyətli mövqeyini ortaya qoyub. Bu telekanalın Prezident İlham Əliyevdən müsahibə götürməsi Azərbaycana və Onun Liderinə beynəlxalq münasibətlər sistemində olan münasibətin göstəricisi hesab edilir. Bu bir reallıqdır ki, Azərbaycan regional və qlobal miqyasda güclənib və aparıcı mövqeyə sahibdir. Ölkəmizin bu uğurları isə məhz Prezident İlham Əliyevin rəhbərliyi həyata keçirilən uğurlu siyasət nəticəsində mümkün olub.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin iyulun 22-də Şuşada, Milli Mətbuat günündə “Euronews” televiziyasına müsahibəsi xüsusi önəm kəsb edir: “Ölkəmizin başçısı II Qarabağ müharibəsindən sonra bölgədə yaranmış vəziyyət və post-münaqişə dövrü ilə bağlı Azərbaycanın ortaya qoyduğu mövqenin, yeni reallığın xarakteri bu müsahibəsində də öz əksini tapıb. Bildirildi ki, 2020-ci il noyabrın 10-da imzalanmış sənəd sülh sazişi olmasa da müharibəni dayandırmaq üçün Bəyanatdır və bu əslində Ermənistanın kapitulyasiya aktı hesab edilir. Eyni zamanda bundan sonra yekun sülh sazişinin əldə edilməsi məqsədilə müəyyən təşəbbüslərə ehtiyac olduğu, bu xüsusda Azərbaycanın sülh sazişinin prinsiplərini müəyyən etdiyi vurğulanıb. Azərbaycanın Ermənistana təklif etdiyi sülh prinsipləri ərazi bütövlüyü, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn müddəalarına əsaslanır”.
Deputat bildirib ki, ölkə başçısının da vurğuladığı kimi Azərbaycan bir çox vasitəçilərin təklif etdiyi sülh platformasında aktiv iştirak edir: “Brüssel, Vaşinqton və Moskva platformalarını bu mənada qeyd etmək olar. Bu paltformalarda əsas məsələ sülhün prinsipial şərtlərinin tapılmasıdır. Dövlətimizin başçısı da müsahibəsində Ermənistan tərəfindən konstruktiv yanaşma olsa, Azərbaycanın ərazi bütövlüyünü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapmağın mümkünlüyündən bəhs edib. Həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin müxtəlif aspektləri, Rusiyanın tərəflər arsasındakı rolu da vurğulanıb. Qeyd olunub ki, Rusiya atəşkəs sazişində, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatında vasitəçisi olub. Ölkə başçısı bir daha qeyd edib ki, “Prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi Azərbaycan üçün böyük fərq etmir. Burada əsas amil sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən tərəfi mövqeyinin dəstəklənməsidir”.
Millət vəkili Laçın yolu ətrafında baş verən məsələlərin də ölkə başçısının müsahibəsində yer verildiyini bildirib: “Dövlət başçısı bu yolla bağlı Azərbaycan cəmiyyətinin haqlı tələbinin olduğu qeyd edib. Bildirilib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səylərinin səbəbi Qarabağda ötən il noyabrın əvvəlində təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Müharibədən sonra o dayandırıldı, çünki qeyri-qanuni idi. Eyni zamanda bu gün Laçın yolunun bloklanması ilə bağlı səslənən fikirlərin tamamilə əsassızdır. Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb. Azərbaycanın Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsinin qurulması ölkəmizin legitim hüququdur. Bu heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Burada buraxılış postu qurulduqdan yəni, aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gələ bilib. Sadəcə olaraq bu yoldan sui-istifadə halları aşkarlandı. Həmçinin buradan istifadə edən Qırmızı Xaç Komitəsinin qanunsuz əməlləri üzə çıxdı”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Qarabağda rus sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan ermənilərin də seçim imkanlarının olduğu dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlərdən olub: “Bu insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Təbii ki, Prezident İlham Əliyev tərəfindən Ermənistandakı ermənilərə açıq və önəmli mesajların ünvanlandı. Eyni zamanda Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüquqları məsələsi bir daha gündəmə gətirildi”.