Prezident İlham Əliyevin xarici kanallara, informasiya agentliklərinə müsahibələri daxili və xarici auditoriya tərəfindən hər zaman maraqla izlənilir. Ölkə başçısının bu müsahibələri Azərbaycanın mövqeyinin xarici auditoriyaya çatdırılması və dövlət siyasətimizin təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin başçısı iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsi də milli maraqlarımızın beynəlxalq aktorlara açıq-aşkar çatdırılması və dövlətimizin sülhpərvər mövqeyinin nümayiş olunması baxımından olduqca önəmlidir. Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarına müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması əlbəttə ki, qlobal auditoriyanın diqqətindən kənarda qalmır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də “Euronews” televiziya kanalı vasitəsilə Avropanın siyasi dairələrinə, eləcə də Avropa ictimaiyyətinə çox səlis və düzgün formada bu günki Azərbaycanın və bütövlükdə regionun reallığını əks etdirən mövqeyini ortaya qoydu: “Bir çox maraqlı məqamlarla zəngin müsahibədə 44 günlük Vətən müharibəsinin məqsədi və hədəfləri barədə geniş məlumat verən Dövlət başçısı “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı. Biz müharibədə qalib gəldik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik” deyə bildirib. Ölkəmizin başçısı həmçinin Ermənistanla sülh danışıqları məsələsinə də toxunub. “Dövlət başçısının bəyan etdiyi kimi, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”. Dövlətimizin başçısı müsahibəsində Ermənistan-Azərbaycan arasında sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyini bir daha konkret olaraq ifadə etdi. İkinci Qarabağ müharibəsində əldə olunan qələbədən sonra yeni reallıqlar yaranıb. Artıq, Azərbaycan şərtləri diqtə edən tərəfdir. Buna baxmayaraq, dövlətimiz sühpərvər və humanist mövqe nümayiş etdirmiş və sülh prosesində təşəbbüskar tərəf olub. Buna baxmayaraq, beynəlxalq miqyasda Azərbaycanın ədalətli mövqeyi birmənalı qarşşılanmır, riyakarlıq və ikili standarlar ölkəmizə qarşı hələ də davam edir. 30 il işğal, ədalətsizlik, riyakarlıq və ikili standarlarla mübarizə aparmış və ədaləti döyüş meydanında əldə etmiş dövlət kimi Azərbaycan yeni sülh prosesinin müəllifi oldu”.
Millət vəkili Prezident müsahibəsində həmçinin sülh prosesində vasitəçilərin roluna da xüsusilə toxunduğunu söyləyib: “Ölkəmizin başçısı bildirib ki, “Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Azərbaycanla Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də II Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir”. Əlbəttə əgər Minsk qrupu öz işində ikili standartlara, beynəlxalq riyakarlığa yol verməsəydi, İkinci Qarabağ müharibəsi baş verməzdi. Beynəlxalq vasitəçilər müharibənin, insan faciələrinin və fəlakətlərin qarşısını ala bilərdi. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Bütün bunların fonunda Ermənistan höküməti seçim etməlidir. Əlbəttə, Ermənistan üçün iki yol var. Ya çox pis olan yolu seçib, regionda inteqrasiya və inkişafdan məhrum olacaq, ya da hər iki tərəf üçün qəbul olunan yolu seçəcək. Bu isə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanan ədalətli yoldur. Ancaq bu yolla regionda davamlı sülh və təklükəsizlik təmin oluna bilər”.