30 ilə yaxın Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal altında saxlanıldıqda və 1 milyona yaxın insan öz ev-eşiyindən zorla didərgin salındıqda beynəlxalq birlik susdu, səsini çıxarmadı, təzavüzkara qarşı heç bir təsirli addım atmadı. Beləliklə, 27-i sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən Maharibəsi ilə Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin etdi. Ermənistanın işğal siyasətinə son qoyuldu, 30 ilə yaxın Azərbaycan xalqına qarşı təcavüzkar mövqe sərgiləyən düşmən döyüş meydanında məğlub olaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Rəşadətli Ordumuz Azərbaycanın milli kimliyini bir daha dünyaya bəyan etdi: “Azərbaycan xalqı ona məxsus olanı qorumağı bacardığını nümayiş etdirdi. Ölkəmizin ərazi bütövlüyü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının çıxarmış olduğu qətnamələrini Azərbaycan təkbaşına, 44 günə, döyüş meydanında icra etdi. Bu bir dövlətin öz müqəddəratına olan yanaşmasının açıq təzahürü idi”.
Millət vəkili hesab edir ki, Azərbaycan öz ərazi bütövlüyü ilə bağlı atmış olduğu addım bölgədə, ümumiyyətlə regionda və qlobal miqyasda separatizmə açıq zərbə oldu: “Özünü Qarabağda Azərbaycanın qanuni və dünya birliyi tərəfindən tanınan ərazisində qondarma rejim kimi təqdim edənlərə sarsıdıcı zərbə vuruldu. 10 noyabr 2020-ci ildə əldə edilmiş üçtərəfli razılaşma ilə öz üzərinə düşən vəzifələri icra etməyən Ermənistan və onun havadarları hələ də Azərbaycan ərazisində separatizmi körükləməyə can atır. Bu gün rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan qanunsuz erməni silahlıları və separatçılarının tör-töküntüləri nəyəsə, kimlərəsə ümid bəsləyir”.
Məlahət İbrahimqızı Ermənistanın yenə də sülhdən uzaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı atmış olduğu addımların yenidən gərginliyin artmasına yol açdığını söyləyib: “Azərbaycan ərazisinə yardım konvoylarını göndərməyə cəhd edən Ermənistan və bu məsələdə ona qahmar çıxan Fransa və Avropa İttifaqının missiyasının kölgəsində gizlənməyə çalışır. Azərbaycan dövlətinin mövqeyi odur ki, Qarabağda yaşayan dinc erməni əhali ölkə qanunlarını qəbul edəcəyi təqdirdə onlar digər vətəndaşlar kimi imtiyazlardan yararlanacaq. Amma Azərbaycan qanunlarını qəbul etməyən, Azərbaycan ərazisində özünə dövlət qurmaq iddiasına düşən və burada başqalarının maraqlarına xidmət edən addımlar atmaq yolverilməzdir. Azərbaycan Konstitusiyasını qəbul etməyən heç bir toplumun və ya şəxsin ölkə ərazisində yaşamaq, dövlətçiliyimizi təhdid etməyə ixtiyarı yoxdur”.