30 il özünün işğalçı xarakterindən imtina edə bilməyən Ermənistan bu gün təxribat və siyasi riyakarlıqla məşğuldur. II Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayaraq kapitulyasiya aktına imza atmasına baxmayaraq Ermənistan özünün mahiyyətindən qurtula bilmir. Erməni tərəfi hələ də hər bir vacib görüş və müzakirə öncəsi erməni tərəfi növbəti təxribatlara əl atır. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə baş tutacaq növbəti görüş ərəfəsində də erməni tərəfi növbəti dəfə təxribat törətdi.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, erməni tərəfinin bu cür hiylələri heç də təsadüfən baş vermir və məqsəd havadarlarının diqtəsi ilə sülh prosesini pozmağa hesablanıb: “Ermənistanın hərbi-siyasi rəhbərliyi onsuzda özləri üçün uğursuz bitəcək danışıqlarda təxribatlarla diqqəti başqa səmtə yönəltməyə çalışırlar. Azərbaycanı bu və ya başqa məsələlərdə ittiham edən Ermənistan və onun havadarları əslində ölkəmizin beynəlxalq hüquq müstəvisində haqlı olduğunun fərqindədir. Ona görə də daha çox hay-küy salmaq, təxribat törətməklə diqqəti cəlb edəcəklərini düşünürlər.
Millət vəkilinə görə Azərbaycan II Qarabağ müharibəsinin nəticəsi ilə yeni bir reallıq yaradıb: “Bu reallığı pozmağa heç kəsin gücü çatmayacaq. Prezident İlham Əliyevin qətiyyəti sayəsində bölgədə sülh və sabitlik təmin olunacaq Zəngəzur dəhlizinin açılması ilə bu bu regionda iqtisadi, siyasi canlanma yaranacaq. Ermənistanın isə məğlub tərəf olaraq Azərbaycanın şərtlərini qəbul etməkdən başqa seçimi qalmayıb. Bunu onlar nə qədər tez dərk etsələr özləri üçün daha yaxşı olar”.