İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı ölkəmizin bu müddət ərzində əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən bəhs etdi. Ölkəmizin başçısı tərəfindən bu ilin altı ayında əsas istiqamətin dayanıqlı inkişafının təmin edilməsi olduğu bildirildi. Bu kontekstdə qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində atılan addımlardan danışıldı. Eyni zamanda sosial-iqtisadi sahələrdə islahatların davam etdirilməsi baxımından da bu dövr uğurlu olduğu qeyd edildi.
Bunu Siyasətinfoya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, iqtisadçı ekspert Səkinə Babayeva deyib.
O qeyd edib ki, Azərbaycanda müəyyənləşmiş iqtisadi inkişaf tempinə uyğun olaraq bu altı ay ərzində uğurla qarşıda duran vəzifələrin həllinə nail olunub: “Bu xüsusda qeyri-neft sektoru, qeyri-neft sənayesində mühüm artımın olduğu bildirilib. Bununla yanaşı ölkəmizin sabit maliyyə durumu qarşıya qoyulan hədəflərin təminatına imkan verib. Azərbaycan II Qarabağ müharibəsindən sonra iqtisadi, sosial sahədə də öz inkişaf tendensiyasını qoruyub saxlamış, onu daha da gücləndirib”.
İqtisadçı hesab edir ki, 36 milyard dövlət büdcəsinə malik olan Azərbaycan qarşısında duran əsas investisiya layihələrini uğurla icra edəcək: “İlk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan vermək və hərbi gücümüzün artırılması istiqamətində növbəti addımların atılmasını reallaşacaq. Bununla yanaşı dövlət büdcəsinin dürüstləşməsi zamanı da əsas iki istiqamət qarşıya hədəf kimi qoyulub. Bu da Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi ilə bağlıdır. İkinci mühüm amil isə ölkəmizin hərbi qüdrətinin artırılması məsələsidir”.
Ekspert bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi təxirəsalınmaz addımlar nəticəsində artıq Böyük Qayıdış proqramının birinci mərhələsi uğurla yekunlaşır: “Bu amil qısa zamanda keçmiş qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışına zəmin yaradır. Sözsüz ki, ölkə başçısı müşavirdə vurğuladığı digər vacib məsələ Ermənistanla olan münasibətlər idi. Reallıq ondan ibarətdir ki, Ermənistan sülh istiqamətində konkret addım atmaq istəmir. Təbii ki, Azərbaycanın apardığı uğurlu xarici və daxili siyasət Ermənistana təsirsiz ötüşmür. Məhz bu reallıq qarşı tərəfi sülh istiqamətində vacib addımların atılmasına məcbur edir. Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyi aydındır. Ermənistan isə hələ də sülh istiqamətində addım atmaq əvəzinə Azərbaycanla sərhəddə ağır metallurgiya zavodu inşa etməklə ölkəmizin ekologiyasına zərbə vurmağa çalışır. Bu ölkə təkcə 30 illik işğalı dövründə Azərbaycanın ekologiyasına ciddi ziyan vurub. Məhz bu acı reallığın nəticəsidir ki, Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çevrilməkdə idi”.
Səkinə Babayeva dövlətimizin başçısının müşavirədə toxunduğu digər bir məsələ Gədəbəy rayonunun Söyüdlü kəndində ekoloji vəziyyət və ətraf mühitə vurulmuş ziyan, bunun fonunda yaranmış gərginliklə bağlı olduğunu söyləyib: “Ölkəmizin başçısı haqlı olaraq hansısa bir xarici investorun təbiətimizi zəhərləməsinin yolverilməz hal olduğu deyib. Vətəndaş maraqlarının üstün olması qeyd olunub. Bu baxımdan Prezident tərəfindən qəti olaraq dövlət qurumları qarşısında konkret tapşırıq və vəzifələr qoyulub. Məhz ölkə başçısının vermiş olduğu bu qiymət Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha sübut edir. Azərbaycan vətəndaşı bir daha əmin oldu ki, dövlət hər zaman onun yanındadır”.