İstər I Qarabağ, istərsə də II Qarabağ müharibəsi dövründə erməni kilsəsi Azərbaycanlılara qarşı xüsusi amansızlığın və qətillərin törədilməsi, terror, qeyri-insani davranışların sərgilənməsi ilə yadda qalıb. Bu bir reallıqdır ki, erməni kilsəsi özünün mahiyyətindən, din xarakterindən uzaqlaşaraq ancaq terroru, insanlıq əleyhinə olan qətilləri himayədarlıq və havadarlıq edib. Fakt odur ki, bu gün də erməni kilsəsi Ermənistanda revanşizmin geniş vüsət almasına, yenidən qan tökülməsinə çağırışlar edir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, digər dünyəvi dinlərdə olduğu kimi xristianlıqda da insan öldürmək, terror törətmək, qan tökmək qəbuledilməz hal sayılır: “Amma erməni kilsəsi hər zaman olduğu kimi bu gün də özünün mahiyyətindən uzaqlaşaraq müharibəni, döyüşü, qan tökməyi, nifak salmağı təbliğ və təşviq edir. I Qarabağ müharibəsində dinc, əliyalın azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasətində Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə yanaşı erməni kilsəsi də öz amansızlığı ilə seçilib. Erməni keşişləri hər zaman döyüş mövqelərində, əlində silah xristian dininin dəyərlərinə zidd olaraq insan öldürməyi özlərinə sanki “müqəddəs vəzifə” kimi qəbul ediblər. II Qarabağ müharibəsində də biz döyüş meydanlarında erməni keşişlərini yayılan video görüntülərdən görmüş olduq. Onlar növbəti dəfə cəbhə xəttinə qan tökməyə gəlmişdilər. Amma qəhrəman Azərbaycan əsgərlərinin qarşısında duruş gətirməyib ya məhv oldular, ya da qaçıb gizlənməklə canlarını qurtardılar. Bütün bunlar isə erməni kilsəsinin din adı altında törətdiyi insanlıq cinayətlərinin xarakterini göstərən vacib amillərdir”.
Millət vəkili bildirib ki, bu günlərdə Rusiya-Ukrayna müharibəsində ermənilər Moskvada Ukraynaya qarşı müharibəyə göndərilməzdən əvvəl məbəddə “xeyir-dua” alıblar: “Ukrayna mətbuatı ermənilərin bu ölkəyə qarşı “Arbat” adlı xüsusi batalyon qurduqlarını yazır. Məlumatda bildirilir ki, “xeyir-dua mərasimi” iyulun 1-də Rusiyanın paytaxtındakı erməni kilsəsində keçirilib. Yayımlanan fotolarda Rusiyada yaşayan və Ukraynaya qarşı işğalçı müharibəyə göndərilən ermənilər əks olunur. Həmin erməni batalyonunun Donbasa döyüş zonasına göndərildikləri bildirilir. Əslində bu fakt ermənilərin iç üzünü açan növbəti inkaredilməz həqiqətlərdir. Dünya ictimaiyyəti bir daha ermənilərin necə barbar, terrorçu, din adı altında hansı iyrənc əməllərdən istifadə etdiklərinin şahidi oldu”.