İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən mühüm məsələlərlə bağlı açıqlamalar verildi. Ölkə başçısı tərəfindən bu ilin altı ayında əsas istiqamətin dayanıqlı inkişafının təmin edilməsi olduğu qeyd edildi. Qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi baxımından da bu dövr mühüm nailiyyətlər əldə edilib.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ökəmiz özünün müəyyənləşmiş iqtisadi inkişaf tempinə uyğun olaraq bu altı ay ərzində uğura imza atıb: “Qeyri-neft sektoru, qeyri-neft sənayesində mühüm artım qeydə alınıb. Bununla yanaşı ölkəmizin sabit maliyyə durumu qarşıya qoyulan hədəflərin təminatına imkan verib. Məhz bunun nəticəsidir ki, Azərbaycan II Qarabağ müharibəsindən sonra iqtisadi, sosial sahədə də öz inkişaf tendensiyasını qoruyub saxlamış, onu daha da gücləndirib. Bu il Azərbaycan dövlət büdcəsi öz tarixinin rekord səviyyəsinə yüksəlib”.
Millət vəkili hesab edir ki, 36 milyard dövlət büdcəsinin formalaşması ölkə qarşısında duran əsas investisiya layihələrini icra etməyə imkan yaradır: “Bu baxımdan da ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan vermək və hərbi gücümüzün artırılması istiqamətində növbəti addımların atılmasını reallaşdırmaq olacaq. Eyni zamanda dövlət büdcəsinin dürüstləşmə zamanı da əsas iki istiqamət qarşıya hədəf kimi qoyulub. Bu da sözsüz ki, Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi və ölkənin hərbi qüdrətinin artırılmasıdır. Məhz bu addımların atılmasının məntiqi nəticəsi olaraq bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsi uğurla yekunlaşır ki, bu da qısa zamanda keçmiş qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışının təmin olunması deməkdir”.
Deputat vurğulayıb ki, ölkə başçısı müşavirdə Ermənistanla olan münasibətlərdən də bəhs edib: “Ermənistan hələ də sülh istiqamətində konkret addım atmaqda tərəddüd edir. Sözsüz ki, Azərbaycan dövlətinin apardığı düzgün və təsirli siyasət Ermənistan tərəfini də vacib addımların atılmasına sövq edir. Ölkəmizin sülh danışıqları ilə bağlı mövqeyi aydındır və dövlətimizin təklif etdiyi sülh konsepsiyası beynəlxalq hüquqa əsaslanır. Amma buna baxmayaraq Ermənistan tərəfi hələ də sülh istiqamətində addım atmaq əvəzinə Azərbaycanla sərhəddə ağır metallurgiya zavodu inşa edir. Təbbi olaraq Azərbaycan ictimaiyyətinin buna mövqeyi birmənalıdır. Çünki ölkəmizin sərhəddində ağır metallurgiya zavodunun tikilməsi bütövlükdə bölgədə ekoloji tarazlığın pozulması deməkdir. Bu ölkə təkcə 30 illik işğalı dövründə Azərbaycanın ekologiyasına ciddi ziyan vurub. Məhz bu acı reallığın nəticəsidir ki, Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çevrilməkdə idi. Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində ölkəmizin təbiətinə böyük zərbə vurulub. Bu ekoloji terrorun nəticəsində 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, məhv edilib. Ermənistan bu gün də transsərhəd çayları çirkləndirir. Azərbaycan da haqlı olaraq bu məsələyə etiraz edir və ölkəmizin bu mövqeyi beynəlxalq konvensiyalara, Espo Konvensiyasına əsaslanır”.
Sevinc Hüseynova vurğulayıb ki, dövlətimizin başçısının müşavirədə toxunduğu digər bir məsələ Gədəbəy rayonunun Söyüdlü kəndində ekoloji vəziyyət və ətraf mühitə vurulmuş ziyan, bunun fonunda yaranmış gərginliklə bağlı olub: “Ölkə başçısı baş vermiş hadisənin mahiyyətini və səbəblərini açıqlayıb. Hansısa bir xarici investorun ölkəmizin təbiətini zəhərləməsinin yolverilməz hal olduğu deyilib. Vətəndaş maraqlarının üstün olması qeyd olunub. Örüş və otlaq sahələrinin zəbt edilməsinin, heç kəsdən icazə almadan ikinci tullantı gölünün yaradılmasının qəbuledilməz olduğu vurğulanıb. Prezident həmçinin asayiş keşikçilərinə qarşı edilən qeyri-qanuni hərəkətlərin yolverilməz olduğunu bildirib. Ölkə başçısı qəti olaraq dövlət qurumları qarşısında konkret tapşırıq və vəzifələr qoyub, bu hadisələrin obyektiv araşdırılması ilə bağlı göstəriş verib. Prezidentin vermiş olduğu bu qiymətlə Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiq edib. Bu əslində ölkədə hər bir vətəndaşa sosial durumu ilə yanaşı onun sağlam, ekoloji mühitdə yaşamasına verilən yüksək qiymət hesab edilir. Azərbaycan vətəndaşı bir daha əmin oldu ki, dövlət hər zaman onu düşünür və onun yanındadır”.