
İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsi keçirildi. Ölkə başçısı 6 ay ərzində əldə olunan uğurlardan, qarşıya qoyulan hədəflərin icrasından bəhs etdi. Azərbaycan üçün bu ilin də uğurla yekunlaşacağına əminlik ifadə edildi. Bununla yanaşı dövlətimizin başçısı tərəfindən mühüm məsələlərlə bağlı açıqlamalar verildi.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkəmiz üçün prioritet dayanıqlı inkişaf təmin edilməsi idi: “Məhz bu kontekstdə ölkəmizdə vacib istiqamət sahələrindən biri olan qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası kimi vacib məsələlərin həlli üçün mühüm addımlar atılıb. Eyni zamanda ölkəmizdə iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi baxımından da bu dövr ərzində mühüm nailiyyətlər əldə edilib. Azərbaycanın özünün müəyyənləşmiş olan iqtisadi inkişaf tempinə uyğun olaraq bu altı ayı müsbət tendensiyalarla yadda qalıb”.
Millət vəkili qeyri-neft sektoru, qeyri-neft sənayesində mühüm artımın, ölkəmizin sabit maliyyə durumunun qarşıya qoyulan hədəflərin təminatına imkan verdiyini söyləyib: “Bunun nəticəsidir ki, Azərbaycan II Qarabağ müharibəsindən sonra iqtisadi, sosial sahədə də öz inkişaf tendensiyasını qoruyub saxlayıb. Bu il Azərbaycanın dövlət büdcəsi öz tarixinin rekord səviyyəsinə yüksəlib. Məhz bu reallıq qarşıya qoyulan hədəflərin və vəziflərin icrasında mühüm amil hesab edilir. 36 milyard dövlət büdcəsinin formalaşması ilə ölkəmizin bütün investisiya layihələrini uğurla başa çatdırmağa imkan yaranacağına əminlik mövcuddur. Bunun fonunda qarşıda duran əsas investisiya layihələrinin icrasını təmin etməyə geniş imkanlar mövcuddur. Bu baxımdan da ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan vermək və hərbi gücümüzün artırılması istiqamətində növbəti addımların atılmasını reallaşdırmaq mümkün olacaq. Eyni zamanda dövlət büdcəsinin dürüstləşməsi zamanı da əsas iki istiqamət qarşıya hədəf kimi qoyulub. Bu da sözsüz ki, Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi və ölkənin hərbi qüdrətinin artırılması ilə bağlıdır. Artıq Böyük Qayıdış proqramının birinci mərhələsi uğurla yekunlaşır. Bu böyük proqramın ilkin mərhələsinin icrası ilə keçmiş qaçqın və məcburi köçkünlərin qısa zamanda ata-baba ocaqlarına qayıdışı təmin olunacaq”.
Deputat hazırda Azərbaycanla Ermənistan arasında olan münasibətlərinin, sülh müstəvisində əldə ediləcək nəticələrin qarşıda duran mühüm vəzifələrdən olduğunu söyləyib: “Sadəcə olaraq Ermənistan hələ də sülh istiqamətində konkret addım atmağa cəsarət etmir. Azərbaycan dövlətinin apardığı düzgün və təsirli siyasət Ermənistan tərəfini də vacib addımların atılmasına sövq edir. Ölkəmizin sülh danışıqları ilə bağlı mövqeyi aydındır və dövlətimizin təklif etdiyi sülh konsepsiyası beynəlxalq hüquqa əsaslanır. Amma buna baxmayaraq Ermənistan tərəfi hələ də sülh istiqamətində addım atmaq əvəzinə Azərbaycanla sərhəddə ağır metallurgiya zavodu inşa edir. Təbii olaraq Azərbaycan ictimaiyyətinin buna mövqeyi birmənalıdır. Çünki ölkəmizin sərhəddində ağır metallurgiya zavodunun tikilməsi bütövlükdə bölgədə ekoloji tarazlığın pozulması deməkdir. Bu ölkə təkcə 30 illik işğalı dövründə Azərbaycanın ekologiyasına ciddi ziyan vurub”.
Məlahət İbrahimqızı Prezident İlham Əliyevin müşavirədə toxunduğu məsələlərdən biri də Gədəbəy rayonunun Söyüdlü kəndində ekoloji vəziyyətlə bağlı yaşanan gərginliklə bağlı olduğunu söyləyib: “Dövlətimizin başçısı xarici investorun ölkəmizin təbiətini zəhərləməsinin yolverilməz olduğu və bunun qarşısının qətiyyətlə alınacağını bildirib. Ölkə başçısı burada yerli sakinlərin narazılığının tam dürüst şəkildə araşdırılmalı olduğunu və məsələyə hüquqi qiymət verilməsinin vacibliyini qeyd etdi. Prezident bir daha hansısa bir xarici şirkətin öz maraqları naminə Azərbaycanın ekologiyasına, insanların sağlamlığına, onların narazılığına səbəb olacaq addımlar atmaq imkanlarının olmadığını vurğuladı. Ölkə başçısı qəti olaraq dövlət qurumları qarşısında konkret tapşırıq və vəzifələr qoydu. Prezidentin vermiş olduğu bu qiymətlə əslində dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayandığı bir daha təsdiqini tapmış olur”.