Azərbaycan haqlı olaraq Ermənistanla sərhəd xəttində nəzarət-buraxılış məntəqəsi yaradıb. Hər bir dövlət öz ərazisinə giriş-çıxışı nəzarətdə saxlamaqla bağlı suveren hüquqa malikdir. Bu baxımdan da “Laçın” dövlət sərhədində də buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin buradan hərəkətinə lazımi şərait yaradılıb. Çox təəsüf ki, öz fəaliyyətini hümanizm prinsiplərinə əsasən qurmuş bir təşkilat bu gün ermənilərin əli ilə Azərbaycan ərazisində qaçaqmalçılıqla məşğul olur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb: “Təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək faktiki qaçaqmalçılıq fəaliyyəti göstəriblər. Bu faktların aşkarlanması fonunda heç kim zəmanət verə bilməz ki, uzun müddətdir davam edən qaçaqmalçılıq fəaliyyəti zamanı bu təşkilatın vasitəsilə Azərbaycan ərazisinə Ermənistandan silah-sursat da daşınmayıb. Digər tərəfdən, bu məhsullar Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən gətirilir”
Deputat hesab edir ki, heç bir ölkə öz ərazisində belə qanunsuzluğun olmasına dözə bilməz: “Ümumiyyətlə, BQX-nın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti qeyri-legitimdir. Bu nə beynəlxalq, nə də Azərbaycan qanunları ilə tənzimlənmir. Sual olunur ki, nəyə görə Azərbaycanın suveren əraisində hansısa beynəlxalq təşkilatın başqa ölkədə yerləşən ofisi fəaliyyət göstərməlidir? BQX nın Bakı ofisi olduğu halda onun Ermənistandan Qarabağa hümanitar yardımlar daşıması da məntiqsizdir”.
Millət vəkilinə görə, hazırda BQX-nın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana dost olmayan ölkələrin vətəndaşları var: “Ona görə də, bu şəxslərin ölkəmizdə fəaliyyətinə son qoyulmalıdır. Digər bir fakt isə müharibə dövründə də BQX-nin Azərbaycana qarşı əks mövqe tutmasıdır. Çünki bu təşkilatın nümayəndələri Ermənistanın maraqlarından çıxış edirdi”.
Məlahət İbrahimqızı vurğulayıb ki, BQXK-ə Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti ilə bağlı dəfələrlə xəbərdarlıq olunub və aşkarlanmış qanun pozuntusu faktları təşkilatın diqqətinə çatdırılıb: “Fakt isə odur ki, onlar tərəfindən bu günə kimi heç bir tədbir görülməyib. Amma bütün bunlara baxmayaraq Azərbaycan öz ərazisində belə qanunsuzluğa dözmək niyyətində deyil. Ona görə də, bu kimi qanunsuzluqlara qarşı ciddi addımların atılması labüd olacaq”.