Azərbaycan dövləti Ermənistanla sərhəd xəttində Laçın rayonu istiqamətində ölkəmizə giriş-çıxışa nəzarət, təhlükəsizliyi təmin etmək üçün ərazidə sərhəd-buraxılış məntəqəsi yaratdı. Bu ölkəmizin beynəlxalq səviyyədə tanınan, qəbul edilən hüququdur. Çünki hər bir dövlət öz ərazisinə giriş-çıxışı nəzarətdə saxlayır və heç bir halda qaçaqmalçılığın, qanunsuz dövriyyələrin olmasına imkan vermir. “Laçın” dövlət sərhədində də buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin buradan hərəkətinə lazımi şərait yaradılıb. Amma son yoxlamalar zamanı aşkarlanan pozuntular təəsüf doğurur. Görünən odur ki, ermənilər BQXK-nin nümayəndələri ilə əlbir olaraq Azərbaycan ərazisinə qanunsuz daşımalarla məşğul olub.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, BQXK-i dünyada hümanist prinsiplərin həyata keçirilməsində rol oynadığına görə, Azərbaycan da öz növbəsində bu təşkilatın fəaliyyətinə həmişə hörmətlə yanaşıb: “Laçın sərhəd-buraxılış məntəqəsində görünən və aşkarlanan mənzərə onu göstərdi ki, BQXK-i heç də öz işini hümanizm prinsipləri əsasında qurmayıb. Azərbaycan Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin Laçın sərhəd-buraxılış məntəqəsindəki son yoxlamaları BQXK-nin qanunsuzluqlarını aşkara çıxarıb. Bununla da Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb. Təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək faktiki qaçaqmalçılıq fəaliyyəti göstəriblər”.
Millət vəkilinə görə, heç kim zəmanət verə bilməz ki, uzun müddətdir davam edən qaçaqmalçılıq fəaliyyəti zamanı bu təşkilatın vasitəsilə Azərbaycan ərazisinə Ermənistandan silah-sursat da daşınmayıb: “Digər tərəfdən, bu məhsullar Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən gətirilir. Nəticədə isə Azərbaycan itirir, Ermənistan isə qazanır. Ona görə də, heç bir ölkə öz ərazisində belə qanunsuzluğun olmasına dözə bilməz və dözməməlidir. Ümumiyyətlə, BQX-nın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti qeyri-legitimdir. Bu nə beynəlxalq, nə də Azərbaycan qanunları ilə tənzimlənmir. Sual olunur ki, nəyə görə Azərbaycanın suveren əraisində hansısa beynəlxalq təşkilatın başqa ölkədə yerləşən ofisi fəaliyyət göstərməlidir? Fakt odur ki, BQX nın Bakı ofisi var”.
Deputat fikrincə, hazırda BQX-nın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana dost olmayan ölkələrin vətəndaşları, ölkəmizə olduqca mənfi münasibət bəsləyən şəxslər var: “Onların sərbəst fəaliyyətinə nəyə görə şərait yaradılmalıdır? Eyni zamanda artıq belə şəxslərin bir neçəsi Azərbaycandan qovulub. Digər bir fakt odur ki, müharibə dövründə də BQX Azərbaycana qarşı pis mövqe tutmuşdu. Bu təşkilatın nümayəndələri yalnız Ermənistanın maraqlarından çıxış edirdilər”.
Sevinc Hüseynova bildirib ki, BQXK-ə Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti ilə bağlı dəfələrlə xənərdarlıq olunub: “Aşkarlanmış qanun pozuntusu faktları təşkilatın diqqətinə çatdırılıb. Amma onlar tərəfindən bu günə kimi heç bir tədbir görülməyib. Sözsüz ki, Azərbaycan öz ərazisində belə qanunsuzluğa dözmək niyyətində deyil və vəziyyətə uyğun olaraq lazımi addımlar atılacaq”.