
Hər bir vacib görüş və müzakirə öncəsi erməni tərəfi növbəti təxribatlara əl atır. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə baş tutacaq növbəti görüş ərəfəsində də erməni tərəfi təxribat ənənələrini pozmayıb. Xankəndidə separatçıların təhriki ilə baş tutan absurd aksiyanın ardınca Azərbaycan ərazisində qalan qanunsuz erməni hərbi birlşmələri təxribatlarını davam etdirir. Məqsəd növbəti dəfə danışıqları pozmaq və özləri üçün vaxt qazanmaqdır.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, erməni tərəfinin bu cür hiylələri heç də təsadüfən baş vermir: “Havadarlarının diqtəsi ilə hərəkət edən Ermənistanın hərbi-siyasi rəhbərliyi onsuzda özləri üçün uğursuz bitəcək danışıqlarda təxribatlarla diqqəti başqa səmtə yönəltməyə çalışırlar. Azərbaycanı bu və ya başqa məsələlərdə ittiham edən Ermənistan və onun havadarları əslində ölkəmizin beynəlxalq hüquq müstəvisində haqlı olduğunun fərqindədir. Sadəcə olaraq daha çox hay-küy salmaq, təxribat törətməklə prosesi olduğu kimi saxlamağa çalışırlar”

Millət vəkili bildirib ki, Azərbaycan II Qarabağ müharibəsində özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib: “Məhz bu kontekstdə Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan 5 bəndlik sülh konsepsiyası təqdim edib. Bu sülh konsepsiyası Cənubi Qafqazda formalaşacaq daimi sabitlik və inkişaf üçün başlıca prinsipləri özünə ehtiva edir. Amma buna baxmayaraq erməni tərəfi real müstəvidə ciddi addım atmaqda tərəddüd edir, vaxt qazanmağa can atır. 30 illik danışıqlar dövründə olduğu kimi erməni tərəfi yenə də özləri üçün əlverişli situasiyanın yetişəcəyini gözləyir”.
Deputat hesab edir ki, Azərbaycan II Qarabağ müharibəsinin nəticəsi ilə yeni bir reallıq yaradıb: “Bu reallığı pozmağa heç kəsin gücü çatmayacaq. Prezident İlham Əliyevin qətiyyəti sayəsində bölgədə sülh və sabitlik təmin olunacaq Zəngəzur dəhlizinin açılması ilə bu bu regionda iqtisadi, siyasi canlanma yaranacaq. Ermənistanın isə məğlub tərəf olaraq Azərbaycanın şərtlərini qəbul etməkdən başqa seçimi qalmayıb. Bunu onlar nə qədər tez dərk etsələr özləri üçün daha yaxşı olar. Əks halda olacaq bütün addımlar Ermənistanın mövcudluğu üçün böyük çətinliklər yaradacaq”.