Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində misilsiz rol oynayıb. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi hesab olunur. Çünki məhz bu tarixi mərhələ xalqımızın özünə qayıdışıdır. Müdrik dövlət xadimi öz fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Bu mənada ulu öndərin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrü ölkəmizin siyasi təqvimində özünəməxsus yer tutur. Ümummilli lider Heydər Əliyev taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirib. Xalqın özünüdərkinə nail olmaq, etnokulturoloji və Azərbaycançılıq ideyasını təbliğ etmək dahi liderin əsas amalı idi.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Dahi Lider dövrünün bütün ideoloji-siyasi maneələrinə baxmayaraq Azərbaycan xalqının milli inkişaf konsepsiyasını formalaşdırmağa nail oldu: “Onun milli ictimai şüuru özünə yönəltmək qabiliyyəti və cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi, iqtisadi yüksəlişlərə ruhlandırması mühüm önəm kəsb edir. Azərbaycan vətəndaşına müstəqil dövlət anlayışına sahib olmaq anlayışının təbliği və onan inanması vacib idi. Dahi şəxsiyyət məhz Azərbaycan xalqının şüurunda bu inqilabi dəyişikliyi yaratmağa nail olmuşdu. Bu mənada görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Sözsüz ki, tarixi şəxisyyətin bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimin siyasi xəttinin əsasında mümkün oldu. Həmin illərdə ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya çevrildi”.
Millət vəkili hesab edir ki, 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadr hazırlığı da ön planda olub: “Ulu öndər 1969-1982-ci illər milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət ayırırdı. Bunun nəticəsi olaraq məhz həmin illər Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Ümummilli liderin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə gənclərinin müxtəlif elmi biliklərlə yanaşı hərb elminə də yaxından bələd olması, mənimsəməsi üçün ciddi addımlar atıldı. O dövrün çətinliklərinə və etirazlarına baxmayaraq ulu öndər Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail oldu. Sözsüz ki, bu hərbi məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların hazırlanmasında və yetişdirilməsinə mühüm töhfə oldu. Eyni zamanda yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin qabaqcıl ali hərbi məktəblərinə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan idi. Məhz 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilmişdi. Nəticədə, ümummilli liderin hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında mühüm önəm kəsb etdi”.
Deputat 1978-ci il sovet Azərbaycanının Konstitusiyasının qəbul edilməsininin mühüm tarixi hadisə, o dövr üçün inqilabi dəyişiklik olduğunu söyləyib: “Məhz Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə müstəsana tarixi xidmət idi. Dahi lider özünə qarşı bu addımlara görə olan bütün təzyiqlərə baxmayaraq ana dilinə olan məhəbbəti, milli təəssübkeşliyi hər şeyə üstün gəlmişdi. Ümummilli Lider Heydər Əliyevin xalqımız üçün göstərdiyi misilsiz xidmətlərindən biri də hər bir xalqın varlığını təsdiq edən başlıca amil, milli mənəvi dəyərlərini yaşadan, mənəvi sərvəti olan ana dilinin qorunub saxlanması və inkişafı sahəsində fəaliyətidir. Hələ sovetlər dövründə Ulu Öndər Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi əsasları, milli kadr potensialını formalaşdıraraq Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirmişdir. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Xüsusilə, Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, Heydər Əliyevin təşəbbüsü və qətiyyəti nəticəsində həmin ildə qəbul olunan Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu kimi təsbit olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri oldu”.
Təftiş Komissiyasının sədri 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu: “Sözsüz ki, o dövr və ondan sonrakı mərhələdə Azərbaycanın keçmiş olduğu inkişaf startegiyasının əsası məhz 1969-cu ilin 14 iyul tarixindən qoyulub. Bu tariximizə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir”.
Sevinc Hüseynova bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu: “Bir sözlə, Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Praqmatik xarici siyasət nəticəsində Azərbaycan nüfuzlu dövlətə çevrildi, ölkəmizin dostlarının və tərəfdaşlarının sayı artdı. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Ən mühüm məqam isə Ulu Öndər Heydər Əliyevin müəyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunmasıdır”.