Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi xalqımızın taleyində dönüş nöqtəsi hesab edilir. Bu tarixi mərhələ xalqımızın özünə qayıdış dövrü hesab olunur. Müdrik dövlət xadimi öz fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Bu mənada ulu öndərin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrü ölkəmizin siyasi təqvimində özünəməxsus yer tutur. Ümummilli lider Heydər Əliyev taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirib.
Bunu Siyasətinfoya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, iqtisadçı ekspert Səkinə Babayeva deyib.
O qeyd edib ki, görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür: “Sözsüz ki, tarixi şəxisyyətin bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimin siyasi xəttinin əsasında mümkün oldu. Həmin illərdə ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya çevrildi”.
Ekspert bildirib ki. 1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadr hazırlığı xüsusi önəm kəsb edib: “Məhz həmin illər Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Ümummilli liderin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə gənclərinin müxtəlif elmi biliklərlə yanaşı hərb elminə də yaxından bələd olması, mənimsəməsi üçün ciddi addımlar atıldı. O dövrün çətinliklərinə və etirazlarına baxmayaraq ulu öndər Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail oldu. Sözsüz ki, bu hərbi məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların hazırlanmasında və yetişdirilməsinə mühüm töhfə oldu. Eyni zamanda yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin qabaqcıl ali hərbi məktəblərinə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan idi. Məhz 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilmişdi”.
İqtisadçı Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə müstəsana tarixi xidmət idi: “1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Xüsusilə, Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, Heydər Əliyevin təşəbbüsü və qətiyyəti nəticəsində həmin ildə qəbul olunan Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu kimi təsbit olundu”.
Səkinə Babayeva vurğulayıb ki, 1969-cu ilin 14 iyul tariximizə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi daxil olub: “Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Ulu Öndər Heydər Əliyevin müəyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad edilməsi və ərazi bütövlüyümüzün bərpasıdır”.