“Göyçə-Zəngəzur respublikasının” yaradılması barədə absurd xəbərlər bir müddət öncə sosial şəbəkələrdə, mediada yer almışdı. Əslində bu cür addım atanlar və onlara bu işdə rəvac verənlər böyük səhfə yol verdiklərinin fərqində deyillər. Çünki bu qurumun əqidəsi, məqsədi, məramı bilinmir. Onların hansı qaranlıq mənbələrdən qaynaqlanaraq belə bir təşəbbüslə çıxış etmələri də naməlum idi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bir müddət öncə qardaş Türkiyədə yaradıldığı elan edilən bu qondarma qurumun məqsədi tamam başqadır: “Çünki bir qrup insanlar tərəfindən Türkiyədə elan edilən bu təşkilat iki qardaş ölkə arasındakı sarsılmaz bağlara zərbə vurmaq niyyəti güdülür. Bu qurumu yaradan insanlar bilərəkdən və ya bilməyərəkdən fəaliyyətləri ilə həm də iki qardaş ölkənin strateji müttəfiqliyinə kölgə salmaq niyyətindədir. Amma sözsüz ki, bu cür bəd niyyətdə olanların planları həmişə alt-üst olub. Bundan sonra da belə olacaq. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz təməllər üzərində qurulub və heç bir kənar qüvvə ona təsir edə bilməyəcək”.
Millət vəkili hesab edir ki, “Göyçə-Zəngəzur” respublikasının yaradılması və bununla bağlı ictimai rəydə çaşqınlıq yaratmaq, fikir bölücülüyü aparmaq düşmən dəyirmanına su tökməkdir: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən mötəbər kürsülərdə İrəvanın, Zəngəzurun və Göyçənin tarixi Azərbaycan torpaqları olduğu dəfələrlə bəyan edilib. Məşhur, Münhen konfransında (2020-ci ilin fevralı) Azərbaycan Prezidenti bu məsələ ilə bağlı inkarolunmaz tarixi faktları həm Ermənistanın baş nazirinin, həm də dünya ictimaiyyətinin nəzərə çatdırdı. Məhz bu mötəbər tribunadan bir daha ali səviyyədə dünyaya Göyçə, İrəvan və Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğu bəyan edildi”.
Deputat bu kontekstdə “Göyçə-Zəngəzur” respublikasının elan edilməsinin yanlış addım olduğunu vurğuladı: “Bu cür təxribat xarakterli addımların arxasında sağlam əqidəli qüvvələr dayana bilməz. İndiki vəziyyətdə belə bir qurumun yaradılması Azərbaycanın beynəlxalq aləmdə qazandığı imicə, böyük uğurlara, torpaqlarımızın işğaldan azad edilməsinə, əldə edilən möhtəşəm Zəfərə kölgə salmaq məqsədi güdür. Sözsüz ki, belə bir oyuncaq respublikanının elan edilməsi çox böyük siyasi səhv idi. Təbii ki, Azərbaycan ictimaiyyətinin bu məsələdə ilə bağlı mövqeyi birmənalıdır”.
Məlahət İbrahimqızı vurğulayıb ki, 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcmasıdır: “Eyni zamanda bu qurum həmin ildən etibarən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə leqal ictimai təşkilatdır. Məhz bu kontekstdən də Qərbi Azərbaycan İcması bəyanat verərək, belə bir təşəbbüsün dəstəklənmədiyini bəyan etmişdi. Rizvan Talıbov tərəfindən mənsubiyyəti məlum olmayan dairələrlə birgə özbaşına olaraq “Göyçə Zəngəzur Respublikası” adlı qurumun elan edilməsi Qərbi Azərbaycan ziyalıları tərəfindən böyük təxribat kimi qiymətləndirilmişdi.
Qeyd edək ki, “Göyçə Zəngəzur Respublikası”nın prezidenti və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov və “respublika”nın yeni prezidenti olduğu bildirilən, müvəqqəti olaraq Türkiyədən Azərbaycana gəlmiş Tünzalə Çələbiyevanın Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb edildiyi bildirilir.