Bu gün az qala özünü “demokratiyanın” beşiyi adlandıran Fransada xaos, anarxiya hökm sürür. İnsanlar küçələrdə polis tərəfindən heç bir sorğu-sual edilmədən və hər hansı təhlükə hesab olunmadan güllələnir. Beynəlxalq hüquq Paris küçələrində ayaqlar altına atılıb. Jurnalistlər, qeyri-hökumət təşkilatları təmsilçilərinə insanların narazılığı ilə maraqlanmağa imkan verilmir. Fransa dövləti başda ermənipərəst Emmanuel Makron olmaqla repressiya maşınını işə salıb. Paris hazırda barikaddalardan küçə döyüşlərinin getdiyi filmləri xatırladır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Fransada baş verənlərin kökündə Makron hakimiyyətinin yarıtmazlığı durur: “Parisdə bir gəncin heç nə olmadan polis tərəfindən güllələnməsi əslində Makron hakimiyyətinin mahiyyəti idi. Çünki ermənidən çox ermənilik erən Fransa prezidenti öz ölkəsində olanları unudub Ermənistanın böyük bacısı obrazında çıxış edir. Məhz bunun nəticəsidir ki, Avropanın dəyərləri sistemini özündə cəmləşdirən Fransa bu gün aciz duruma düşüb”.
Deputat bildirib ki, Parisdə ixtişaşların gedişini, insanların narazılığını işıqlandıran Azərbaycan Dövlət Televiziyasının əməkdaşlarına olan hücum Fransada mediyaya, mətbuata olan yanaşmanın göstəricisidir: “Az qala Azərbaycanı hər addımda ittiham edən, ölkəmizjn daxili işlərinə qarışmağa çalışan, ermənilərə qahmar çıxan Makron sözsüz ki, olanlardan məyus deyil. Çünki onun yeganə məqsədi erməni lobbisinin dəstəyi ilə hakimiyyətdə qalmaq, öz maraqlarını təmin etməkdir. Bu məqsədlə də ermənilər üçün dəridən-qabıqdan çıxır”.
Millət vəkili hesab edir ki, son günlər Daşnaksütun partiyasının və erməni lobbisinin Fransada olan nümayəndələrinin Prezident Emmanuel Makronla görüşü və bu görüşdə dövlət başçısının səsləndirdiyi bəzi fikirlər də diqqətdən yayına bilməz: “Azərbaycan dövləti haqlı olaraq rəsmi Parisdən Emmanuel Makronun adından verilən bu fikirlərin ya təsdiq, ya da təkzib olunmasını gözləyir. Təsdiq edildiyi təqdirdə rəsmi Bakı tərəfindən diplomatik müstəvidə müvafiq addımların atılacağı istisna deyil. Bununla bağlı Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və ondan bu məsələlərlə bağlı açıqlamalara aydınlıq gətirilməsi tələb edilib”.
Qeyd edək ki, E.Makron Daşnaksütun və erməni lobbisinin nümayəndələri ilə Fransada görüşüb. Onların mediaya açıqlamalarında Emmanuel Makrona istinadən Kişinyov görüşündən dərhal sonra Fransa Prezidentinin onlara zəng etdiyi, Azərbaycan Prezidentinə təzyiq göstərdiyi və göstərəcəyi, Qarabağ məsələsində Paşinyandan daha fəal olduğu, bu fəallığını daha da artıracağını və s. kimi fikirlər səsləndiriblər.