2023-cü il iyunun 28-də Fransanın Nanter şəhərində 17 yaşlı əlcəzairli taksi sürücüsünün polis əməkdaşı tərəfindən güllələnərək öldürülməsindən sonra etiraz aksiyaları başladı. Getdikcə etiraz aksiyasının miqyası böyüyür. Burada diqqət çəkən məqam isə etiraz edən insanlara qarşı Fransa hökumətinin amansız davranışıdır. Çünki dünyada öz qala özünü demokratiyaya örnək kimi təqdim etməyə çalışan Fransa insanların etirazına bu qədər dözümsüz yanaşma sərgiləyir. Hazırda Fransanın bir çox şəhərlərində aksiyaçılarla polis arasında şiddətli qarşıdurma baş verir. Paris küçələri XVII əsrdəki tarixi günlərini xatırladır. Barrikadalar, polis postları, etiraz edən insanlar və bunun fonundan tapdalanan insan haqları.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, bu gün Fransa prezidenti Emmanuel Makron digər ölkələrin daxili işlərinə müdaxilə etməyə can atır: “Amma Fransa daxilində baş verənlər onu qətiyyən maraqlandırmır. Erməni lobbisinin maraqları naminə dəridən-qabıqdan çıxan Makron üçün Paris küçələrində hüquqları polis tərəfindən tapdanan insanların həyatı heç də önəmli deyil. Onun üçün əsas məsələ hakimiyyətdə qalmaqdır. Bunun üçün isə erməni lobbisinin maraqlarına xidmət edir”.
Millət vəkili hesab edir ki, Fransa prezidentinin Azərbaycan və Türkiyə ilə bağlı davranışları isə riyakarlıq üzərində qurulub: “Çünki Fransa bu gün Azərbaycana öz əraziləri daxilində olan məsələlərə görə təzyiq etməyə çalışır. Amma son olaylardan bütün dünya ictimaiyyəti bildi ki, Fransada insanların fundamental hüquqları qorunmur. Polis yolun ortasında atəş açıb qeyri-avropalı bir gənci qətlə yetirir. Eyni zamanda Parisdə bu olayları işıqlandıran mediyaya Azərbaycan Dövlət Televiziyasının əməkdaşlarına hücum edilir. Onların kameraları əllərindən alınır. Amma Fransa hökuməti bununla bağlı heç bir açıqlama vermir”.
Deputatın fikrincə, bu hal Fransada milli azlıqların hüquqlarına və təhlükəsizliyinə biganə münasibətin olmasından qaynaqlanır: “Bu eyni zamanda qeyri millətlərdən olan şəxslərə qarşı etinasızlıq, ksenofobiya və dini dözümsüzlüyün dərin kök salmasına dair faktların təsdiqi hesab edilir. Çünki günahsız gəncin öldürülməsi səbəbindən Parisdə və digər şəhərlərdə başlanan kütləvi etiraz aksiyaları və iğtişaşların bu ölkədə adi hala çevrilmiş qeyri-mütənasib polis zorakılığının, qanunsuzluğun və ayrı-seçkiliyin doğurduğu uçurumun, geniş əhali kütlələrinin hökumətə etimadsızlığının nə qədər dərin olduğunu göstərən acı reallıqdır”.
Sevinc Hüseynova vurğulayıb ki, son günlər Daşnaksütun partiyasının və erməni lobbisinin Fransada olan nümayəndələrinin Prezident Emmanuel Makronla görüşü və bu görüşdə dövlət başçısının səsləndirdiyi bəzi fikirləri onun əsl mahiyyətini bir daha nümayiş etdirdi: “Azərbaycan dövləti haqlı olaraq rəsmi Parisdən E.Makronun adından verilən bu fikirlərin ya təsdiq, ya da təkzib olunmasını gözləyir. Təsdiq edildiyi təqdirdə rəsmi Bakı tərəfindən diplomatik müstəvidə müvafiq addımların atılacağı istisna deyil. Bununla bağlı Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və ondan bu məsələlərlə bağlı açıqlamalara aydınlıq gətirilməsi tələb olunub”.
Xatırladaq ki, E.Makron Daşnaksütun və erməni lobbisinin nümayəndələri ilə Fransada görüşüb. Onların mediaya açıqlamalarında Emmanuel Makrona istinadən Kişinyov görüşündən dərhal sonra Fransa Prezidentinin onlara zəng etdiyi, Azərbaycan Prezidentinə təzyiq göstərdiyi və göstərəcəyi, Qarabağ məsələsində Paşinyandan daha fəal olduğu, bu fəallığını daha da artıracağını və s. kimi fikirlər səsləndiriblər.