Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında keçirilən görüşlə bağlı fərqli yanaşmalar var. Təbii ki, Azərbaycan hər zaman sülh prosesinə sadiq qalıb. Məhz II Qarabağ müharibəsindən sonra ölkəmiz sülh prosesinə sadiq qalaraq bütün platformalarda görüşlərdə aktiv yer alır. Azərbaycan tərəfindən Ermənistana təklif edilən sülh konsepsiyası da beynəlxalq hüququn norma və prinsiplərini özündə ehtiva edir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın sülh mövqeyinə baxmayaraq hələki Ermənistan bu istiqamətdə konkret mövqe ortaya qoya bilmir: “Bu da sözsüz ki, Ermənistanın müstəqil ölkə olmamasından qaynaqlanan bir haldır. Bunun fonunda isə bölgə üçün təhlükəsizlik amili yenidən önə çıxır. Çünki sülh yoxdursa, müharibə riski anlayışı mövcuddur. Yeni bir müharibə isə Ermənistan üçün daha fəlakətli ola bilər. Bu baxımdan Ermənistanın hərbi-siyasi rəhbərliyi sülh müstəvisində tərəddüdlərini bir kənara atıb ölkəsinin gələcəyi naminə prosesə düzgün yanaşmalıdır”.
Deputat Azərbaycanla Ermənistan arasında sülh təşəbbüsü ilə bağlı Moskva, Brüssel və ABŞ-ın təşəbbüsü ilə reallaşan platformaların olduğunu, bu müstəvilərdə artıq üç ilə yaxındır ki, müzakirələrin aparıldığını vurğulayıb: “Amma çox təəsüf ki, Ermənistanın qeyri-konsturktivliyi ucbatından prosesdə müsbət irəliləyiş yoxdur. Çünki Ermənistan özünün dağıdıcı mövqeyinə və xarakterinə uyğun olaraq həmişəki kimi indiki reallıqda da prosesi pozur. Sülh müqaviləsinin imzalanmasını qeyri-müəyyən vaxta qədər yubatmağa, vaxt qazanmağa, özü üçün əlverişli məqamın yetişəcəyinə ümid edir”.
Millət vəkilinə görə, Vaşinqton görüşləri ərəfində də Ermənistan tərəfindən edilən təxribat məhz onların xislətinə uyğun idi: “Bu bir aksiomadır ki, Ermənistan mühüm görüşlər, müzakirələr ərəfəsində təxribatlara, hərbi qarşıdurmaya əl ataraq prosesi pozur. Məqsəd sülh müstəvisində irəliləyişin qarşısını almaq, qeyri-müəyyənlik yaratmağa hesablanıb”.
Məlahət İbrahimqızı Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü ərəfəsində erməni tərəfinin hərbi təxribata əl atmasının da bu qəbildən baş verdiyini söyləyib: “30 il Azərbaycan torpaqlarını işğalda saxlayan keçmiş ATƏT-in Minsk qrupunun əli ilə status-kvonu qorumağa çalışan Ermənistan indi də eyni ssenari ilə hərəkət etməyə çalışır. Amma Ermənistan və ona havadarlıq edən Fransa kimi riyakar dövlətlər unutmamalıdır ki, indi vəziyyət dəyişib. Reallıq tamam fərqlidir. Azərbaycan yeni bir reallıq yaradıb. Bu reallıq isə bölgədə sülhü, təhlükəsizliyi, inkişafı təşviq edir. Buna qarşı çıxmaq isə intihara bərabərdir”.
Qeyd edək ki, iyunun 27-də qanunsuz erməni silahlı birləşmələri növbəti təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqeyini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində – “Qisas” əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edib.